Tükətməyək ki, yaşayaq!

 

Varlığına görə yaşadığımız neməti yoxluğa gömməyək...

 Susuz bir insana onu verəndə minnətdarlıq əlaməti olaraq, “Su qədər ömrün olsun” alqışını həmişə eşitmişik. Suyun əbədi, saf-təmiz, tükənməyən bir nemət olduğunun, qarşımızdakına da məhz belə bir ömür dilədiyimizin nümunəsidir bu alqış. Amma bitib-tükənməz hesab etdiyimiz suyun da bəlli bir qədəri varmış...

İqlim dəyişikliyi nəticəsində Azərbaycanın su ehtiyatlarının getdikcə azaldığı artıq rəsmi şəkildə səsləndirilir. Yəni bizim təxminən 20 il öncələr həyəcan təbili çaldığımız, müstəqil ekspertlərin yorulmadan dedikləri, rəsmilərin isə ona kinayəylə yanaşdığı məsələ artıq rəsmi səviyyədə təsdiq edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov məhz su barədə danışıb. Nazirlik rəsmisi deyib ki, qıtlığın olmaması üçün dövlət ardıcıl layihələr icra edir, lakin vətəndaşlar da şirin su ehtiyatlarından qənaətlə istifadə etməlidirlər. Əsas da suvarmada damcı sistemindən istifadə edilməsi və böyük müəssisələrin ən müasir texnologiyalarla təchiz edilməsi bu qənaəti təmin edə bilər. Sektor rəhbəri bu gün suvarma üçün istifadə edilən suyun 50 faizə qədərinin itkiyə getdiyini də deyib. Aydın olan budur ki, ölkənin su mənbələrindən 12 milyard kubmetr su götürülür, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı isə texniki problemlərlə əlaqədar yolda itir.

Nazirliyin mətbuat xidmətindən açıqlanan məlumatda isə, içməli suya qənaət etməyin ən yaxşı yolunun əhalinin sudan düzgün istifadə etməsi olduğu bildirilib. Yəni içməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi hallar aradan qaldırılmalıdır. Bir sözlə, gələcəkdə susuz qalmamaq üçün suya yanaşma tərzi dəyişilməli, ondan qənaətlə istifadə edilməlidir. Bu, rəsmi tərəfin mövqeyi. Dönək özümüzə.

Biz əksər məsələlərdə olduğu kimi, toplum şəklində suya münasibətdə də israfçılıq etməyə meylliyik. Heç uzağa getməyək, hamımız yaxın vaxtlara kimi, suyun tükənən bir resurs olduğuna inanmamışıq. Adi baxdığımız, amma onsuz yaşaya da bilmədiyimiz suyun bir vaxtlar tükənə biləcəyi, sudan korluq çəkəcəyimiz ağımıza gəlməyib. Halbuki, bugünə qədər, hətta indinin özündə də paytaxt ətrafı qəsəbələrin bəzisində suyu maşınlarla gətirdir, məişətdə istifadə etmək və istehlak məqsədilə pulla su alırlar. Yalnız həmin qisim vətəndaş suyu çox çətinliklə əldə etdiyi üçün ondan istifadədə də israfçılığa yol vermir. Böyük bir qisim isə, suyun nə qədər qiymətli bir nemət olduğunu düşünmədən istifadədən sonra kranı bağlamadan, suyu elə axılı vəziyyətdə qoyaraq etinasızcasına, heç nə olmamamış kimi çıxıb gedir. Mənzillərdə suya qarşı az-çox, yetərli bir münasibət olsa da, ictimai yerlərdə quraşdırılan su kranlarına münasibət ögeydir. Krandan su içəndən, əllərini yuyandan sonra onu açıq vəziyyətdə qoyaraq gedən o qədər insan var ki. Birinin məsuliyyətsizliyindən yaranan bu halla rastlaşan başqalarının da kranı bağlamadan oradan uzaqlaşması hamının suya qarşı hansı münasibətdə olmasının aydın nümunəsidir. Ümumi mülkiyyətimiz olan, hamının istifadəsi üçün yaradılan su mənbələrinə qarşı belə laqeyd münasibətin nədən qaynaqlandığı əslində, bəlli deyil. Aşkar olan, görünən təbii nemətlərin bir vaxt tükənəcəyidir ki, ona da hissedilmədən yaxınlaşırıq...

... Müharibə gedən Somalidən bir müddət öncə silsilə verilişlər yayımlanırdı. Çəkiliş qrupu hazırladığı bütün süjetlərlə insanların necə ağır vəziyyətdə, dözülməz şəraitdə yaşadığını çox dəqiqliklə, ustalıqla tamaşaçıya təqdim edirdi. Kadrlardan hasil olan nəticəni, baş verənlərlə bağlı insanın gəldiyi qənaəti sözlə ifadə etmək mümkün deyildi. Onu yalnız görmək və orda yaşananları hiss etmək lazım idi. Ən ağır vəziyyətdə olan, müharibənin ətraf yerlərə qaçırtdığı insanların arzusunda olduğu ən vacib şey, ən qiymətli və dəyərli nemət məhz o - su idi. Suyun insana necə əvəzedilməz bir nemət olduğunu uzun-uzadı söyləməyin mənası yox idi göstərilən kadrlarda. Söyləniləcək bütün sözlərin, arqumentlərin, müzakirələrin mənasızlığı həmin kadrların birində əriyib yoxa çıxırdı. Həmin kadrda görüntülənən somalili bir qadın dörd balaca övladını bir ləyəndəki eyni su ilə yuyundurub-çimdirəndən sonra, məntiqlə çirkab olaraq atılmalı suda onların paltarlarını yuyurdu. Və onu tapdığı, belə qiymətli neməti əldə etdiyi üçün üzündəki təbəssümünü kameradan gizləmirdi. Ümumiyyətlə, Somalidəki əhalinin yaşadığı həyatdan hazırlanan verilişlərin hamısında suyun hansı dəyərdə olduğu aparıcı xətt təşkil edirdi. Müxtəlif ölkələrdən ora humanitar yardım gətirənlərdən daha çox nə istənildiyinin önündə gəlirdi su. Bir düşərgədə isə hansısa ölkənin hümanitar məqsədlə üç su kranı quraşdırmasına böyüklü-kiçikli hamı bir ağızdan razılıq edirdi. Minnətdarlıq edirdilər binəva somalilər. Hansı ki, özləri də qeyd edirdi: “Əvvəlcə krandan gələn suya başqa maye qarışdığından adamların bəzisi zəhərləndi, amma nə olsun, onun tərkibini yoxladılar və əsas odur ki, indi bizim içməyə suyumuz var!”.

O həmin nemətdir, somalilinin gündüz çıraqla tapmadığı, bizim küçədə, ictimai yerlərdə məsuliyyətsizcəsinə açıq qoyub getdiyimiz, krandan daşaraq ətrafa israf olunan su. Pis vərdişlərin nəticəsi kimi, çoxmərtəbəli binalarda aşağı mərtəbədəkilərin başına axıdılan su. Qədərindən çox, gölləmə suvarmadan bitkilərin, ağacların, güllərin kökünü də çürüdən su. “Sözün də su kimi lətafəti” olduğu üçün, bu misalları artırmağın naxoş olduğu da məlum.

Bəlkə də suya qarşı davranışın nümunəvi olduğu cəmiyyətlərdə ondan məhrumiyyət də mümkün olmayacaq. Bəlkə də...

Dəqiq olanı isə hamımız bilirik - suyun hər millətin dilində bircə adı, yeganə dadı var, onsuz heç bir yaranışın varlığı da mümkün deyil. O zaman sudan əvvəl, özümüzə qənim kəsilməyək, varlığına görə yaşadığımız neməti yoxluğa gömməyək.

 Nigar Orucova 

0.22465205192566