İranın "düşmənimin düşməni ostumdur" prinsipi

 

"Bir müsəlman ölkəsinə qeyri- müsəlman ölkəsinin təcavüzü, bütün müsəlman ölkələrinə təcavüz kimi

qiymətləndirilməli, bütün müsəlman ölkələri birləşərək təcavüzkara cavab verməyə borcludur" (İranlı müctəhid  Fazil Lənkarani)

 İran İslam Respublikasının müsəlman dövləti kimi bir çox müsbət keyfiyyətləri var - Azərbaycan xaric bütün müsəlman dünyasına dəstək və himayəsini əsirgəmir, Suriya və İraq kimi tayfa-klan dövləti deyil, məhz ideya ətrafında birləşən siyasilərin idarə etdiyi bir dövlət qura biliblər. Məhz bu keyfiyyətləri nəticəsində bu günə qədər dünyanın super dövlətlərinin onun üzərinə yönəlik təhdidləri, hədə və açıq sanksiyaları qarşısında duruş gətirə bilib. Lakin İranın Azərbaycana yönəlik siyasətində ciddi təzadlar müşahidə olunmaqdadır. İran rəsmiləri qarşısında bu məsələni qaldırdıqda həmişə onlar bərabər hüquqlu qonşuluq siyasətini ortaya atırlar - guya İran qonşu kimi həm Azərbaycanla, həm də Ermənistanla xoş qonşuluq münasibətlərini qorumaq üçün onların arasındakı problemlərə müdaxilə etmir. Yalnız ara-sıra təklif edir ki, ATƏT-dən, Amerikadansa münaqişənin çözülməsində məndən yardım istəsəniz, münaqişə artıq həll edilmişdi. Bunu o dövlət deyir ki, 1992 mayında Ermənistan və Azərbaycan dövlət başçılarını barış üçün Tehrana toplayır və bu zaman ermənilərdə Şuşanı işğal edir. Halbuki İran bu münasibətlərə müxtəlif vasitələrlə müdaxilə edir, ən azı Azərbaycanın Ermənistan ətrafında qurmağa çalışdığı iqtisadi blokada həmişə rəsmi Tehran tərəfindən yarılıb, Azərbaycanın nəfəsi kəsilən düşməninə nəfəs verib. Mən hələ İki ölkə rəhbərliyi arasında bu yaxınlarda təsdiqlənən korrupsiya qalmaqalına toxunmuram.

İran hökumətinin bu cür mövqe əndazəsi onun öz siyasi xadimlərinin cızdığı çərçivəni belə aşır. İranın rəhmətullah müctəhidi Fazil Lənkərani bir neçə il əvvəl bu məzmunda bir fətva vermişdi ki, bir müsəlman ölkəsinə qeyri-müsəlman ölkəsinin təcavüzü, bütün müsəlman ölkələrinə təcavüz kimi qiymətləndirilməli, bütün müsəlman ölkələri birləşərək təcavüzkara cavab verməyə borcludur. Bu fətvanı Azərbaycan deyil, İran vətəndaşı olan müstəhid verib. Hansıki İranın siyasi, diplomatik və dini xadimləri onun adını çəkməzdən əvvəl rəhmətullah deməyi təkidlə tələb edir. Bu sətirlərin müəllifi İran İslam Respublikasının keçmiş fövqaladə və səlahiyyətli səfiri Möhsüm Pakayinlə söhbəti zamanı da, bu halın şahidi olub. Bu necə olur, rəhmətlik Fazil Lənkəraninin ruhuna hörmət edirsiniz, bəs onun fətvasına niyə əməl etmirsiniz?. Müctəhidin fətvasına əməl etmirsiniz (fətvaya görə İran qoşunları indi Qarabağla Azərbaycan tərəfindən ermənilərə qarşı döyüşməliydi), bu bir yana, heç olmasa müsəlman ölkəsinin düşməni olan xristian dövlətinə də kömək etməyin, nəfəs verməyin!

Digər tərəfdən İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzvü kimi, Qüdsə azadlıq tələb etdiyi israrla nə üçün Qarabağa da azadlıq tələb etmir? Bu sualı qoymaqla biz Qüdsə azadlıq tələbinin əleyhinə deyilik, bu tələbə Azərbaycan da rəhbərlik səviyyəsində qoşulub. Lakin İran Qarabağa azadlıq təşəbbüsündən çox uzaqdır. Çünki İranda bir-birinin ardınca düşmənə maddi və mənəvi dəstək verilir. Bir müddət əvvəl İranda futbol matçında erməniləri dəstəkləyən təxribat xarakterli şüarlar səsləndirilməsinə imkan verilmişdi. İndi isə daha bir rəsmi biabırçılığa yol verildi. Bəlkə də futbol matçındakı təxribatı hansı formadasa izah etmək olar - təhlükəsizlik o səviyyədə olmayıb, təxribatçı dərhal arenadan çıxarılıb və s. Bu halda isə İran təhlükəsizlik qüvvələrinin nəzarət altında olan ermənilər Paşinyanla görüşdə qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı qaldırıb. Bayrağın isə üztündə belə şüarlar yazılıb: "Qarabağ Ermənistanındır və son". Görüşdən çəkilən şəkillərdə aydın görünür ki, tanınmayan, seperatçı bir "dövlətin" bayrağı qaldırılır, amma İranın hüquq-mühafizə orqanları buna heç bir reaksiya göstərmir. İran dövlətçiliyinə bələd olan hər kəs bilir ki, belə görüşlərə toplanan insanlar bir-bir yoxlanılır və tədbir nəyinki planlaşdırılır, hətta, səhnələşdirilir. Ssenaridən kənar bir kəlmə də danışmaq, hər hansı bir hərəkət etmək qəti qadağandır, belə bir "təxribata" cəhd edən ya yerindəcə güllələnir, ya da dərhal həbs edilir. Tənbeh tədbirinin seçilməsi görüşə gələn liderin hansı ranqa aid olmasından asılı olur.

Bütün yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, İranda Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilən təxribata görə, ən azı yaratdlığı münbit şəraitə görə bu dövlətin rəsmiləri məsuliyyət daşıyır. 

 Akif Nəsirli

0.33384704589844