Ərzaq niyə bahalaşır?

 

Çay sodasına qoyulan "kvota", qiyməti 10 dəfə bahalaşdırıb

 Başlığa çıxardığımız sual bütün ölkə vətəndaşlarını maraqlandıran ən aktual problemlərimizdən biridir. Çünki biz hər gün baş çəkdiyimiz bazar, mağaza və marketlərdə qiymətlərin yüksəlişə doğru inkişaf etdiyinin şahidi oluruq. Son zamanlar isə hər kəsin mətbəxində olan qida (çay) sodası birdən birə 9-10 dəfə bahalaşdı. Belə ki, məişətdə çox unversal bir məhsul kimi tanınan qida (çay) sodası əvvəllər 500 qramlıq qablaşdırmada 50-70 qəpiyə təklif edilirdisə, indi həmin məhsul 50 qramlıq paketlərdə 50 qəpiyə təklif edilir. köhnə satışla bu məhsulun 1 kiloqramı 1-1,4 manata satılırdısa, indi sodanın 1 kiloqramı 10 manata satılır. Sodanı Başqırdıstandan idxal edən şirkətdən deyirlər ki, guya zavodda təmir işləri gedir, ona görə də məhsul istehsalı azalıb. Lakin əldə etdiyimiz məlumata görə, Başqırdıstan Kimyəvi Məhsullar zavodu sonuncu dəfə 2016-cı ildə əsaslı təmir edilib, cari təmirlər isə hər zaman reallaşır. Zavod nümayəndəsinin sozlərinə görə, son zamanlar heç bir çeşid üzrə istehsalın azalması müşahidə edilməyib. Məlumdur ki, ucuz və keyfiyyətli məhsul kimi, qida sodasından, qab şamponu və digər yuyucu tozların əvəzinə, şirniyatların hazırlanmasında, hətta müalicə vasitəsi kimi də  istifadə edilir. Ehtimal olunur ki, bu da müəyyən qrupların biznes maraqlarına maneə yaradır. Ələlxüsus da Azərbaycanda yuyucu vasitələrin ticarəti ilə məşğul olanlara qida sodasının belə ucuz olması qətiyyən sərf etmir. Bu səbəbdən də çay sodasına Azərbaycanda qeyri-rəsmi kvota qoyulub - elə həcmdə idxal edilsin ki, yalnız şirniyyat sahəsində istifadə edilsin!

Mütəxəssislərin fikrincə, bu məsələdə hökumətin dəstəyi yoxdursa, qısa müddət ərzində ölkədə başqa bir idxalçı peyda olacaq və çay sodasını əvvəlki formada ölkəyə gətirəcək. Yox, əgər bu işdə hökumətin əli varsa, vəziyyət elə oldubu kimi də qalacaq. Çünki başqa cəhdlərə qarşı hökumətin gömruk qadağası işə düşə bilər. Bundan çəkinən sahibkarlar isə "soda sevdası"na baş vurmayacaq.

 İdxaldan asılılıq bazarın sabitləşməsinə imkan vermir

 Əvvala onu qeyd edək ki, ölkədə bütün qiymətlərin sabitləşməsi üçün azad rəqabət və geniş spektrlı istehsalçılar olmalıdır. Geniş spektrlı istehsalçılar bolluq yaratmalı, rəqabət isə sahibkarı qiymət artımından çəkindirməlidir. Başqa sözlə desək, bazar iqtisadiyyatında qiymətləri ən səmərəli cilovlayan iqtisadi vasitə rəqabətdir. Bu element Azərbaycan iqtisadiyyatında zəif inkişaf etdiyindən, hökumət inzibati qaydada qiymətlərə nəzarət edir, qiymətləri bahalaşdıran sahibkarlara qarşı inzibati tənbeh tədbirləri görür. Bu məsələnin bir tərəfi.

Qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri də, ölkə daxilində yerli tələbatı ödəyən məhsul istehsalının zəifləməsidir. İstehsalın zəifləməsinin obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb ondan ibarətdir ki, ölkədə yerli tələbat təyinatlı məhsulların istehsalı hökumət tərəfindən demək olar ki, stimullaşdırılmır. Məsələn, ölkədə pambıq istehsalı prioritet kimi seçilib. Etirazımız yoxdur, beynəlxalq bazarda mövqe tutmaq üçün pambıq istehsalı əmtəə sayıla bilər. Biz ilk növbədə daxili bazarlarımızı qaydasına qoymalıyıq. Daxili bazarda bolluq yaratmalıyıq, bu bolluq şəraitində formalaşan sahibkarlar ehtiyac duyduğu anda hökumət onların beynəlxalq bazara çıxışına dəstək verməlidir. Artıq burada məhsulun çeşidi hökumət üçün maraqlı olmur, onun üçün sahibkarın brendi maraqlı olur. Brend beynəlxalq bazara çıxır və ölkəyə valyuta gətirir. Yəni yerli bazarlar sahibkarın beynəlxalq bazara çıxması üçün bir tranpilin rolunu oynamalıdır. Onların içərisindən keyfiyyəti, tələbatı ödəmə qabiliyyəti və digər göstəriciləri ilə seçilən sahibkarlar beynəlxalq bazar üçün mal təklif edir. Sahibkarlığın inkişafının "yol xəritəsi" bu qaydada inkişaf etdikdə, onlar həm daxili bazara, həm də dünya bazarına gözlənilən töhfələrini verir. Biz ildən- ilə pambıq istehsalını genişləndiririk. Amma ölkə daxilində bu məhsula ehtiyac yoxdur, biz onu neft kimi xammal olaraq satırıq. Əvəzində isə daixil istehsala işləmək istəyən fermerləri sıxışdırırıq. Nəticədə, ət, taxıl, bostan-tərəvəz və s. bu kimi ölkə daxilində həyati ehtiyac olan məhsulların istehsalı azalır. İstehsalın azalması isə birbaşa qiymətin bahalaşmasına səbəb olur, bu aksiomadır.

Ölkədə istehsalın zəifləməsinin digər başlıca, həm də obyektiv səbəbi Azərbaycana mal ixrac edən dövlətlərdə valyutaların ucuzlaşması, respublikamızda isə manatın sabit qalmasıdır. Bütün qonşu ölkələrdə və digər tərəfdaş dövlətlərdə  valyutalar son bir ildə ən azı 40-50 faiz, bəzilərində daha çox ucuzlaşıb. Bu ucuzlaşma isə yerli mal istehsal etməkdənsə, onu xaricdən idxal etməyi iqtisadi cəhətdən daha səmərəli edir. Dünənə qədər quş əti istehsal edən iş adamı, bu gün onu artıq Ukraynadan daha ucuz qiymətə alıb gətirir. Bir qədər sonra isə bu məhsulların qiyməti qalxır, onda dərhal Azərbaycanda qiymətlər həmin tendensiyaya uyğun yüksəlir.

Bu prosesin başlıca fəsadlırı ondan ibarətdir ki, biz artıq alıcı olaraq öz sahibkarlarımızın deyil, xarici ölkələrin iş adamlarının investoruna çevrilirik. İkincisi, ölkədə qiymətlərin artıb-azalması bizdən deyil, xarici ölkələrdən asılı olur. Üçüncüsü, ölkədən ciddi valyuta axını baş verir, çünki Azərbaysanlı sahibkar mal idxalı ilə məşğuldusa, o hər partiya mal gətirəndə ölkədən bu və ya digər yolla valyuta çıxarır. Bu daha çox dollar olur, çünki ABŞ valyutası dünyanın hər yerində problemsiz işləyir. Bununla da biz daxili bazarı xaricdən asılı vəziyyətə salmaqla, təkcə qiymətlərə nəzarəti itirmirik, həm də dövlətin valyuta ehtiyatının əriməsinə «töhfə» vermiş oluruq.

  Hökumət vəziyyəti dəyişməkdə maraqlı görünür

 Son zamanlar həyata keçirilən vergi-gömrük və maliyyə islahatları, o cümlədən regionların inkişafının növbəti proqramının qəbul edilməsi problemin aradan qaldırılmasına ciddi töhfələr verə bilər. Birincisi, gömrük şəffaflığının artırılması, idxal mallarının rüsumlarının qaldırılması ilkin mərhələdə ölkədə qiymətlərin qalxmasına səbəb ola bilər. Amma bu tendensiya regionların inkişaf etdirilməsinə, yerli istehsalı stimullaşdırılmasın təkan verəcək. Yetər ki, yerli istehsalçıların dirçəldilməsi üçün ilkin mərhələdə dövlətin real dəstəyi ortada olsun.

Son zamanlar sahibkarların vergi yükünün azaldılması, kölgə iqtisadiyyatının, xüsusilə də ticarətdə ikili mühasibatlığın hədəflənməsi, bu istiqamətdə atılan real addımlardan biri kimi qiymətləndirilə bilər.

 Akif Nəsirli 

[email protected]

0.13971900939941