Kadrların seçilmə meyarları niyə məlum deyil?

 

Vəzifələrə təyinatlar yalnız rüşvət müqabində verilir?!

 Azərbaycan vətəndaşı ölkənin idarə olunmasına cəlb olunan kadrların hansı əsasla müəyyən edilməsinin rəsmi qaydalarını hələ də bilmir. İnsanlar tək onu bilir ki, ölkədə vəzifə tutmaq üçün ilk növbədə ya yüksək vəzifəli məmur qohumu olmalıdır, ya da külli miqdarda rüşvət verməlidir, ardınca da digər şərtlər gəlir.

Əgər bu şərtlərdən birini yerinə yetirməyə hazır deyilsə, o zaman istəyi hasil olmur. Bu gün nazir və nazir müavinləri postlarından başqa, digər aşağı vəzifələrə edilən təyinatların hamısı həmin sahəyə rəhbərlik edən vəzifəli şəxslər tərəfindən, əsasən rüşvət əsasında aparıldığını hər bir ölkə vətəndaşı bilir. İnsanları indi and içməklə, bəyanat verməklə, nömrə göstərməklə aldatmaq mümkün deyil. Hər kəs yaxşı başa düşür ki, bu ölkədə məmur olmaq üçün insana xas olan yüksək keyfiyyətlər yetərli deyil. Tərbiyə, bilik, savad, peşəkarlıq, vətənpərvərlik, yüksək şəxsi mədəniyyət məmur olmaq üçün şans sayılmır. Əsas odur ki, Həsən ağanın qohumusan, ya yox? Əgər o, Ağanın qohumusansa, pulun varsa, demək, sən bu ölkədə istənilən yüksək vəzifəni tuta bilərsən və hətta istədiyin qədər var-dövlət də yığa bilərsən. Tək bircə təhlükə var. Vay o gündən ki, Həsən Ağanın ipi üzülə. O zaman dərdinə çarə ölünü qoyub, dirini ağlamaqdan başqa ayı yol qalmır. Ziya Məmmədov, Fazil Məmmədov, Heydər Əsədov, Səlim Müslümov, Aydın Əliyev, Hüseyn Bağırov və nazir postunu itirmiş digərlərinin qohumu, dostu, ortağı kimi, gedib kənddə dədə-babadan qalma işlərlə məşğul ola bilərsən, əgər salamat buraxsalar?!..

Ölkəmizdə 80-ə yaxın rayon var. Hər rayonda 25-30 idarə və bu idarələrin rəhbər vəzifəli şəxsləri var. Rayon vətəndaşları həmin idarə müdirlərinin bəzilərinin qohumluq, əksəriyyətinin rüşvətlə təyin olunmasına qətiyyən şübhə etmir. Çünki hansı idarə müdirinin təyinatının mənbəyini araşdırırsansa, gedib yuxarıda qeyd etdiyim rüşvət amilinə çıxır. Məsələn, rayonumuzda baş həkim, bank müdiri, maliyyə, mədəniyyət, təhsil, peşə məktəbi və digər idarə, müəssisə müdirlərinin hər birinin icra başçısının və idarənin tabeliyində olduğu nazirliyin haqqını birdəfəlik və aylıq ödəmək hesabına vəzifədə oturduğunu bütün rayon əhalisi bilir. Ona görə ki, müdir təyin etmək lazım gələndə, icra başçıları dərhal gizli akusion elan edirlər. Sonda kim çox rüşvət verirsə, icra başçısının dediyi hesabı təmin edirsə, həmin adam da müdir vəzifəsinə təyin olunur. Bəlkə, düz demirəm, yalandır?! Əlbəttə, bütün xalq vəzifələrin açıq-aşkar pula satıldığı məmləkətdə yaşaması ilə barışmağa məcburdur! Xalq yaxşı başa düşür ki, rüşvətxorluq virusuna yoluxmuş məmuru nəinki Prezident, heç Allah(əstəğfurullah) da düz yola qaytara bilməz!.. Bu yerdə rusların ilk kitabı ”İqor Polku haqqında dastan”da qeyd edildiyi “canavarın dişi sürünün qanına bulaşıbsa, öldürülməsə, sürünün axırına çıxacaq” hikməti heç də təsadüfi yaranmayıb!..

Onu da qeyd edim ki, ölkəni bəhs etdiyimiz xoşagəlməz vəziyyətdən qurtarmaq üçün ölkə prezidentinin ciddi axtarışlara baş vurması və müəyyən yollar tapması xalqı xeyli ümidləndirib. Xüsusən “ASAN XİDMƏT”in son illər cənab Prezident tərəfindən ölkədə geniş tətbiq edilməsi rüşvətxorluğun qarşısını almaq istiqamətində edilən hərəkəti yalnız inqilabla müqaisə etmək olar! Cənab Prezidentin bu kəşfi o qədər cəlbedicidir ki, nəinki ölkəmiz, hətta bütün dünya bu kəşfi böyük heyranlıqla qarşılayır və alqışlayır. Bəli, nəhayət, cənab Prezident ölkəni sarmaşıq kimi sarmış rüşvətxorluq torundan xilas etməyin ən yaxşı metodlarından birini kəşf etməklə, xalqımızın dövlətə və Prezidentimizə olan inamını birə-beş artırıb!

“ASAN XİDMƏT”in ölkəboyunca regionlarda genişləndirilməsi, onun xidmət etdiyi sahələrin sırasının ilbəil artırılması və rüşvətxor məmurların əlindən gəlir qazanmaq fürsətinin alınması, eyni zamanda vəzifələrə rüşvətlə girməyə hazırlaşanların da sırasının xeyli seyrəlməsinə səbəb olub. Əgər əvvəllər pasport-masa rəisi vəzifəsinə daxil olmaq üçün əlində rüşvət zənbili ilə nazirliyin qapısını xeyli insan kəsirdisə, bu gün artıq belə bir mənzərəni müçahidə etmirik. Niyə? Ona görə ki, artıq şəxsiyyət vəsiqəsini və vətəndaşlıq pasportunu almaq üçün daha həmin masa rəislərinin qapısını əlində rüşvət günlərlə gözləməyə ehtiyac qalmayıb! Bəli, ölkə Prezidentinin rüşvətxorluq mühitini darmadağın etmək üçün başlatdığı ciddi axtarışlar hazırda bəhrəsini verir və buna görə də son zamanlar hər yerdə Xalq öz Prezidentini xilaskarı kimi qarşılayır, ona inanır, onu bağrına basır!

 Mahir Abbas

0.1694438457489