Bir gün hər gün deyil

 

(Örnək olanlara ithaf)

 Bir millət olaraq tariximizin qanla “yazılan” səhifələri çoxdur. Bəlkə də çox az millət var ki, ilin az qala bütün aylarında bu və digər qəbildən olan hadisə təqvimləri olsun. Sözümüzün məğzi isə odur ki, işğal və qələbə tarixləri ad günü deyil ki, ildə bir dəfə yada düşsün. Düşünürəm ki, bu tarixlər hər günümüzə, saat və dəqiqəmizə hakim olmalı, bizə hökm etməli, yuxumuzu ərşə çəkməli, isti yerimizi soyuq etməlidir. Bəli. Vətən sözünü şablonlaşdırmaq nəyə lazım?! Burdan Şuşaya, yaxud, digər işğal altında olan torpaqlarımıza əlimizi uzadıb “vətən heyyy!!!” deyə haray çəkməklə iş bitmir. Zənn edirəm, əliuzanıqlı, qəm-kədərli görünməyin, eyni zamanda, yanıqlı, nisgilli sözlərin vaxtı keçib. Özü də çoxdan. O tarixləri ildə bir dəfə xatırlamaqla, bununla da işimizi bitmiş saymaqla yaxamızı əldən çıxartmalı deyilik.

 İstisnalar həmişə olub və olacaq da. Amma etiraf gözəl şeydir, etiraf edək ki, hamımız eyni cür düşünür, eyni cür də hərəkət edirik. Uzağa getməyək, sanılı günlər qalan tarixi soyqırım, faciə, işğal tarixlərini az qala sıradan bir gün kimi qeyd edən, sabahısı gün dünəni unudan, bu vərdişi növbəti illərdə təkrar-təkrar həyata keçirən biz deyilik, kimdir? Bəzilərimiz var ki, bəzən xeyir işini 26 fevraldan 25-nə keçirməyi özünəməxsus fədakarlıq kimi qiymətləndirir, bəziləri faciə günlərində deyib-gülən adamları qınayaraq topa-tüfəngə tutur, guya ki, özlərinin ilin bütün günlərində Vətən deməkdən dili qabar olub, gözlərində də yaş qalmayıb. Əlqərəz, təqvimin xüsusi, əlamətdar günlərini özümüzdən saymayanda, qanımızla, canımızla ona bağlı olmayanda, bunu yalnız prosedur kimi həyata keçirəndə, vəziyyət bax belə də olmalıydı.

İstədim, küçəyə çıxıb sıravi adamlardan, yoldan keçənlərdən, lap elə, qonum-qonşudan rayonlarımızın işğal tarixini soruşum, ürək eləmədim. İnsanların çoxunun bu tarixləri bilməyəcəyindən, məyusluqla üzləşəcəyimdən deyil (buna artıq adət etmişik), “bu axı sənin nəyinə lazımdır”, “işin-gücün qurtarıb məgər” kimi qandonduran sözlər eşidəcəyimdən qorxdum.

Elə insanların özünü qorxudan da budur. Faciə günlərinin xatırlanmasının “isti aşlarına soyuq su qatacağı”ndan, işğal tarixlərinin keflərini pozacağından, ürəklərini qısacağından qorxurlar. Heç sadə, sıravi insanları demirəm, cəmiyyətdə söz sahibi olan elə şəxslər var ki, “ora getsəm, qəmdən ürəyim partlayar, ona görə də elə yerlərə gedəmmirəm” arqumentiylə, indiyədək Şəhidlər Xiyabanını ziyarət etməyib. Bəli, ziyarət dedim. Çünki o və onu kimi məkanlar sıradan bir qəbiristanlıq, ağlaşma-şüvən, qəm-kədər məkanı deyil. Şəhidlər Xiyabanı qalib, fədai azərbaycanlıların möhtəşəm, əzəmətli simasıdır ki, öz aurasıyla ora gələnlərin hamısına bir əyilməzlik, kişilik dərsi verir. Oraya sadəcə, matəm, hüzn mənasında baxan adam, sözün düzü, heç o məkana ayaq basmasa yaxşıdır. Örnəkdən heç nə əxz etməyəcəksənsə, qəlbində heç nə tərpənməyəcəksə, ən nəhayət, ora getdiyin kimi də qayıdacaqsansa, əziyyət çəkməyinə dəyməz...

Lakin yuxarıda qeyd etdiyim kimi, istisnalar həmişə var və olacaq. Sözümün canı da cəmiyyətin istisnalıq təşkil edən cüzi hissəsinə, çoxluğa, müəyyən bir qismə aiddir. Çünki özəl, məxsusi fikir-düşüncəyə, olanlara fərdi yanaşma tərzinə cəmiyyətin yalnız bəlli bir hissəsi qabildir. O mənada, üzümü sizə tutub deyirəm, başadüşən qardaşlarım-bacılarım. Siz də bunu öz qardaş-bacılarınıza çatdırın.

Deyin ki, 20 Yanvar faciəsinə, Xocalı və 31 Mart soyqırımı günlərinə dair müasir tariximizdə və xronikada gördüyünüz qətliamlardan, amansızlıqla, qəddarlıqla yandırılmalardan, diri-diri basdırılmalardan, şaxtadan, donvurmalardan qorxmayın. Onların hər birini öz ailənizdən, yaxınınızdan biri bilin. O faciələri özünüzdən uzaqlaşdırıb yad kimi davranmayın.

Övladlarınızı o qəm-kədərli səhnələrdən nə qədər kənar tutsanız da, onlar ildə bir dəfə keçirilən məktəb tədbirlərində, sərgi-şəkillərdə gördükləri kəsik başlardan, çıxarılmış gözlərdən, dərisi soyulmuş bədənlərdən onsuz da dəhşətə gələcək. Və dönüb sizlərə sualedici nəzərlərlə baxmaqdan öncə edin edəcəyinizi... Övladlarınıza işğal günlərimizi, onunla müqayisədə təəssüf ki, az olan qələbə tarixlərimizi tanıdın. Deyin ki, xeyirlə-şər qoşa doğulub, balalar, onlar da sizin kimi bir ailənin sevimlisi, şirini olublar. Amma indi məsum ruhları bax orda, düşmən ayaqlayan Xocalı çöllərində, Kəlbəcərdə, Laçında, Xocavənddə, Füzulidə, Xankəndində, Ağdamda, Laçında, Cəbrayılda... dolaşır.

Hər məqamdan sarsılmayan dözümlü həmvətənlərim, sözüm sizədir - matəmlərdən, işğallardan, anım günlərindən çəkinməyin. O acı təqvimlərdən gen dolanmayın. İldə bir dəfə yada salmayın. İşğal olunmuş rayonların cədvəlini evə alacağınız ərzaq siyahısıyla bir yerdə, pulqabıda saxlayın. İşıqpulu, qazpulu, supulu çeklərini əziz-təbərrük kimi qorumayın. İşğal olunmuş rayonlarımızın siyahısını da onlarla bir sırada, evinizin vacib sənədlərinin içində saxlayın. Onlarla hər dəfə təmasda ağrılı hesab etdiyiniz günlər sizinlə birevli kimi olacaq. Sizinlə bərabər yaşayacaq və nəhayət, həyatınızın vazkeçilməz bir parçasına çevriləcək. Çoxunuzun ağrı-acı hesab etdiyiniz bu tarixlər gücünüzü almayacaq, əksinə, gücünüzə güc qatacaq. İlin bir günündə deyil, hər günündə sizinlə yoldaşlıq edəcək...

O tarixləri unutmayın. Onun adı YADDAŞdır. Onunla yadlaşmayın. Yoxsa, bəzilərimizin pafosla səsləndirdiyimiz, yaxud boğazdan yuxarı danışdığımız, lakin hansı səviyyədə anladığımızdan asılı olmayaraq, hər birimizin arzusunda olduğumuz QƏLƏBƏ də bizə o uzaqlıqdan, o məsafədən baxacaq.

Sabah (hər gün) Xocalı soyqırımının növbəti ildönümüdür. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da bu misli görünməmiş faciə, qanlı tarix yad ediləcək, çoxsaylı, çoxsahəli tədbirlər keçiriləcək...

Dünən isə (hər gün) Xocavəndin Qaradağlı kəndinin işğalı günü idi. Soyqırım təqvimləriylə müqayisədə, bəlkə də həmvətənlərimizin çoxu bilmir ki, Xocavəndin təkcə bir kəndində neçə-neçə dinc sakini ermənilər güllələyiblər, amansızcasına işgəncələr verərək qətlə yetiriblər, yaralı olanları diri-diri silos quyusunda basdırıblar, bəzilərinin taleyisə bugünədək məlum deyil...

O da məlum deyil ki, bu qədər böyük, əzəmətli, köklü tariximizə, misli görünməmiş soyqırım günlərimizə, dünyaya çatdıracağımız, bəyan edəcəyimiz haqq səsimizə rəğmən, niyə bu qədər passivik? Dünya ölkələrindən haqq-ədaləti tanımağı tələb etməzdən öncə, o tarixlərin bir gününü hər günümüz bilən zaman ədalət qalib gələcək.

 Nigar Orucova 

0.3157479763031