Erməni-fars sevdasının iç üzü açılır

 

Səmərəsiz layihəyə xərclənən milyonlar

 2009-cü ildə "Azadlıq" radiosunun "Qafqaz qovşığı" verlişində İran İslam Respublikası ilə Ermənistan arasında dəmir yolu xəttinin çəkilməsi layihəsinin müzakirəsi gedirdi. Orada Azərbaycandan olan iqtisadçı bildirdi ki, bu layihə yalnız vaqonlarla qızıl və digər qiymətli-daşqaş daşınacağı halda iqtisadi cəhətdən səmərəli ola bilər. Onda erməni iqtisadçı az qaldı telefonun o başından bütün verliş iştirakçılarını güllələsin. Yaxşı ki, verlişə telefon bağlantısı ilə qoşulmuşdular.

Adını unutduğum erməni iqtisadçı, ümumiyyətlə verlişi Ermənistana qarşı hazırlanmış təxribat kimi qiymətləndirdi. Mən o vaxt erməni iqtisadçısının bu davranışlarını heç cür başa düşə bilmədim və o qənaətə gəldim ki, yəqin bu da "erməni xəstəliyi"nə tutulub. Sən demə, xəstəlik-filan boş şeymiş, torbada pişik varmış. Allah Paşinyanın atasına rəhmət eləsin, bir çox acı erməni həqiqətlərinə işıq salır, qaranlıq keçmişləri açıb hamıya göstərir. İndi bəlli olur ki, "Azadlıq" radiosunun yuxarıda qeyd etdiyimiz verlişinə dəvət olunan iqtisadçısı da Ermənistan hakimiyyətinin tapşırığını yerinə yetirirmiş, qarşıda külli miqdarda vəsaitin mənimsənilməsi planı varmış. O zaman Ermənistan hökumətinə bu, layihəyə reytinq qazandırmaq üçün lazım olub ki, ortada olan saxta sənədlərdən heç kim şübhələnməsin. Guya hökumət bolkadada olan Ermənistanın iqtisadi blokadasını yarmaq üçün belə bir layihəyə start verib. Bir neçə ay sonra isə İran və Ermənistan hökumətinin yetkililəri görüşərək birgə layihənin icrasına dair məsələləri razılaşdırıb, müqavilə bağlayıblar. Sənədlərdə İran tərəfindən irəli sürülən layihə kimi göstərilən Azad İqtisadi Zonanın (AİZ) yaradılmasına "start verilib". İki ölkə arasında neft boru kəməri və dəmir yolu xəttinin çəkilməsi layihəsi kimi AİZ layihəsi də iflasa uğrayıb. Bu barədə Ermənistanda fəaliyyət göstərən "EADaily" saytı məlumat verib.

Sayt qeyd edir ki, keçmiş prezident Serj Sərkisyan və spiker Ovik Abramyanın da müəllifi olduğu layihənin iflasa uğramasının əsas səbəbi korrupsiyadır. Əslində isə layihənin iflasının səbəbi kimi korrupsiyanı göstərmək düzgün deyil. Çünki həmin vaxt İranla Ermənistan arasında AZİ-nin yaradılması layihəsinə iqtisadi qiymət verilmişdi və onun iqtisadi cəhətdən səmərəliliyinin sıfra bərabər olması hər iki ölkənin diqqətinə çatdırılmışdı.

Qeyd edək ki, AZİ o zaman reallaşdırıla bilərdi ki, hər iki ölkənin bir-biri ilə mübadilə etmək üçün əlində təklifləri və tələbatları, bu mübadiləni reallaşdırmaq üçün məkana ehtiyacı olur. Bu iki ölkədən yalnız İranın təklif etmək potensialı mövcuddur, Ermənistanın isə yalnız tələbatı var, təklif etməyə heç nəyi yoxdur. Bu halda, yalnız idxal-ixrac müqavilələri bağlanır və xarici ticarət dövriyyəsinə start verilir. Belə bir şəraitin olduğunu hər iki ölkə rəhbərliyi dəqiq bilirdi. Bu səbəbdən də iddia etmək olar ki, bu layihə başlanğıcdan korrupsiya məqsədi üçün ortaya atılıb. Sənədlərdə bu layihənin İranın təklifi əsasında reallaşdırıldığı yazılsa da, təşəbbüs Ermənistandan gəlib. Görünür razılaşmanın pərdəarxası məqamlarında bu barədə razılıq əldə olunub.

Hazırda Ermənistanın yeni hökumətinin qaldırdığı bu məsələ, artıq beynəlxal səviyyəli qalmaqal mövzusudur. Çünki bu layihə Ermənistan və İran arasında bağlanan saziş əsasında reallaşdırılmalı idi. Ona görə də, bu korrupsiya olayı hər iki ölkənin birgə komissiyası vasitəsi ilə ikitərəfli qaydada araşdırılmalıdır.

"EADaily" yazır ki, faktlar ortaya çıxdıqdan sonra keçmiş hakimiyyət bu biabırçılığını gizlətmək üçün saxta istintaq başladıb: "Ermənistanla yanaşı Rusiya, Gürcüstan və İran mediasında layihə haqda geniş yazılar dərc edilib. İlkin mərhələdə layihəyə 100-150 milyon dollar həcmində investisiyanın yatırılacağı planlaşdırılırdı. Ermənistan isə bu layihənin ilkin mərhələsində 250 milyon dollar qazanacaqdı. Lakin sonradan heç kəsdən səs çıxmadı. Ermənistan hakimiyyəti isə xəyali layihəsini diriltmək yerinə öz biabırçılığını gizlətməyə çalışdı".

Hər zaman İran rəsmilərinin cavabsız qoyduğu "Dini, mədəni və milli dəyərləri bizimlə paylaşan İran nə üçün bizim düşmənimizə nəfəs verməyə çalışır?" sualına deyəsən zaman özü cavab verməyə başlayıb. 2010-cu ildə İran prezidenti Mahmud Əhmədinejad Bakıda səfərdə olarkən mən də daxil olmaqla 5 jurnalistin ona təkrar verliyi bu sualı cavabsız qoymuşdu. Lakin indi zamanın hökmü ilə sular durulur, "üzən balıqların hərəkət istiqaməti aydınlaşır".

 Akif Nəsirli

0.15728187561035