Rəqabət və bahalaşma

 

Bazarda rəqabət, sahibkarda rəqib xofu ədalətli qiymətin əsas şərtidir

 Adətən ölkədə hər dəfə maaş və pensiya artımı zamanı əhali qeyri-adekvat qiymət yüksəlişindən narazılıq edir. Hər ilin əvvəlində maaş və pensiya 10-15 faiz artırsa, istehlak məhsulları yarıbayarı bahalaşır.

Belə bir şəraitdə bu iki hadisəni bir-birinə bağlayan mexanizmi aydınlaşdırmaq hamı üçün maraqlıdır, çünki bu sistem cəmiyyətin əksəriyyətinin həyat və yaşayışına mənfi təsir göstərir. Bir çox hallarda isə sadə vətəndaşlar qiymət artımında hökuməti günahlandırır. 70 il bütün qiymətlərin dövlət tərəfindən tənzimləndiyi sovetlər rejimində yaşayan toplum üçün bu adi hal kimi qəbul edilə bilər. Bu gün yeni cəmiyyəti, yeni çağrışlar prizmasından maarifləndirmək gərəkdir. Məsələn, əhaliyə anlaşılan şəkildə izah edilməlidir ki, bazar iqtisadiyyatı modelini qəbul etmiş ölkədə dövlət, yalnız keçid dövründə qiymətləri məhdud şəkildə, yumşaq təsirlərlə tənzimləyə bilər. Amma bu model tam oturuşandan sonra bütün əmtələrin - mal və xidmətlərin qiymətini tələb və təklif tənzimləməlidir.

O ki qaldı, əhalinin gəlirlərinin artması xəbərləri ilə qiymətlərin qeyri-adekvat qalxmasına, onu stimullaşdıran əsas bazara dərhal təsir imkanlarına malik olan psixoloji təsirlərdir. Lakin psixoloji təsirlərin yaratdığı şoklar çox qısa zamanda aradan qalxır. Azərbaycanda isə qiymətlər psixolloji şokun pik həddindəcə donub qalır. İnformasiya axınında 10 faizlik maaş və pensiya artımı bütün sahibkarların düşüncəsində qiymət artımı barədə müəyyən assosasiyalar yaradır. Məsələn, almaniyalı biznesmenlər hətta öz marketinq şöbələrində əhalinin illik gəlirlərinin dinamikasını nəzarətdə saxlayır. Bu onlara əhalinin ödəmə qabiliyyətini öyrənmək üçün çox vacib olduğundan həmin marketinq şöbələri dövlət statistikasından daha dəqiq hesablamalar aparır. Əgər əhalinin gəlirləri artıbsa, deməli, daha baha qiymətə mal və xidmətlər təklif etmək olar. Azərbaycan sahibkarı da eyni düşüncəyə malikdir, lakin alman dəqiq statistikaya, biz isə yalnız maaş və pensiya artımları barədə informasiyaya əsaslanırıq. Fərqlər, yalnız bununla məhdudlaşmır, alman sahibkar qiymətləri artırmaq barədə qərar qəbul edərkən öz rəqibini də qiymətləndirməli olur. Özü də sonuncu qiymətləndirmə ikinci mərhələyə təsadüf etsə də, bu daha dəqiqliklə hesablanır. Çünki yol verilən kiçik bir səhv şirkətin rəqibə uduzmasına, bu isə müflisləşərək bazarı tərk etməyə gətirib çıxara bilər. Yəni qiymət artımı o dərəcədə olmalıdır ki, bu sahibkarın müştəri itkisi bahasına başa gəlməsin. Deməli, bu mülahizələrdən belə nəticə çıxır ki, Almanyada əhalinin gəlirlərinin artması, qiymət artımını stimullaşdırsa da, rəqabət bu qiymət artımını cilovlayır, azaldır və ya tamamilə qiymətləri sabit saxlayır. Azərbaycanda isə rəqabət olmadığından bizim sahibkarların düşüncəsində qiymətləri cilovlama mərhələsi yoxdur. Ona görə də, hətta informasiya şokunun təsiri altında qalxan qiymətlər bir daha enmir. O cümlədən də, hər il əhalinin real gəlirlərinin qorunması üçün maaş və pensiyalara edilən artımlar psixoloji qiymət artımına start verir, lakin yuxarıda qeyd etdiyimiz kimi, bazarda rəqabət, sahibkarda rəqib xofu olmadığı üçün qiymətlər gəlirlərin artımına qeyri-adekvat bahalaşır. Problemi aradan qaldırıb, mexanizmi bütövləşdirmək üçün ölkədə rəqabət mühiti formalaşmalı, inhisarçılıq aradan tam qaldırılmasa da, ildən-ilə azaldılmalı, minimuma endirilməlidir. Nə qədər ki, ölkədə rəqabət mühiti formalaşmayıb, sahibkar müştəri itirməkdən qorxmur, bu hal müşahidə olunmaqda davam edəcək.

Xatırladaq ki, bütün MDB ölkələrində, o cümlədən Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Ermənistanda da inhisarlaşma var. Lakin birincisi, bu ölkələrdə hökumət inhisarlaşmanın uçotunu aparır və ilin sonunda iqtisadiyyatın hansı hissəsinin inhisarlaşdığını elan edir. İkincisi isə inhisarlaşmanın aradan qaldırılması hökumətin hədəflərindən biridir. Bizdə isə hələ də ölkə iqtisadiyyatının hansı hissəsinin inhisar altında olduğu barədə statistika aparılmır, nəyinki ona qarşı mübarizə...

 Akif Nəsirli

0.15981602668762