“Mənəvi terror” əsdirənlər və onu körükləyənlər

 

Avropadakı “təhqir makinası”nı “təmir” etmək olar

 Ölkə vətəndaşlarının xaricə mühacirət etməsi yalnız Azərbaycanla məhdudlaşan bir hadisə deyil. Dünyanın əksər ölkələrində, hətta inkişaf etmiş sivil, demokratik dövlətlərində belə, zaman-zaman miqrasiya prosesi yaşanır. Götürək elə qardaş Türkiyəni, şimal qonşumuz Rusiyanı, ailə bağlarının möhkəm olduğu Orta Asiya respublikalarını. Bu gün azı səkkiz, on milyon Türkiyə vətəndaşı xarici ölkələrdə yaşayır, yaxud mövsümü işlərdə işləyir. Son 30 ildə ölkəmizdən də xaricə mühacirət edənlər olub, bu gün də var, gələcəkdə də olacaq. Mühacirətin müxtəlif səbəbləri var: təhsil almağa gedənlər, qazanc dalınca xaricə üz tutanlar və müəyyən bir qrup da var ki, məmur özbaşınalığının qurbanı kimi haqsız təqib və təzyiqlərə dözməyərək ölkəni tərk edənlər.

 Xırda çinovniklərin ali hakimiyyətin istəyinə zidd olaraq həyata keçirdiyi repressiyalar, mağara təfəkkürü ilə basdırdıqları minalar bu gün bir-bir partlayır və ətrafa zəhər səpir.

Bəli, son günlər hakimiyyətin yuxarı eşalonunu, o cümlədən dövlətin simvolu hesab edilən şəxsi hədəfləyən mənəvi terrorun icraçıları xaricdə yaşasalar da, onun əsas təşkilatçıları (günahkarları) burada- Azərbaycanda kreslo sahibidirlər. Bloger Mehman Hüseynov olayı bir daha sübut etdi ki, Azərbaycana rəhbərlik edən şəxs humanist, haqq və ədalətin qoruyucusu, vətəndaşına sahib çıxmağı bacarandır. Yetər ki, onun baş vermiş hadisədən, incidilən, haqsız yerə məmur təqib və təzyiqi ilə üzləşən vətəndaşdan, hadisədən xəbəri olsun. Amma nə yazıqlar ki, aşağı çinovniklər ordusunun, dövlət başçısına cəmiyyəti narahat edən olay barədə məlumat verməyə borclu olanların məsuliyyətsizliyi, deyərdim xəyanətə bərabər hərəkətləri üzündən bu gün ölkə mənəvi problemlərlə üzləşib. Bu gün Avropadakı sosial şəbəkələr üzərindən mənəvi terror əsdirən mühacirlərin hər biri dünənə qədər bu ölkənin qanunlara riayət edən, fəqət fərqli siyasi baxışları olan müxtəlif mövqeli vətəndaşlarıidi. Biz təkpartiya, tək ideologiyanın hökm sürdüyü qapalı dövlət olan SSRİ-də yaşamırıq. Azərbaycan açıq cəmiyyətə sahib, vətəndaşına qanunla təsbit olunmuş iqtisadi, siyasi azadlıqlar verən dövlətdir. Bu dövlətdə heç də hamı hakimiyyətdə olan siyasi qüvvə kimi düşünməyə, onu dəstəkləməyə borclu deyil. Vətəndaş ölkənin ali qanunu-Konstitusiya ilə ona verilmiş söz, mətbuat, fikir azadlığından, qrup, təşkilat, partiya yaratmaq, sərbəst toplaşmaq hüququndan istifadə etmək haqqına sahibdir. Təəssüf ki, geniş dünyagörüşə malik ölkə Prezidentindən fərqli olaraq, yerli məmur, xüsusilə hüquq-mühafizə, məhkəmə orqanları rəhbərləri və onlara tabe olanlar Prezidentin iradəsinin, siyasi idarəçilik istəyinin əksinə, insanlara öz hüquqlarından yararlanmağa imkan vermir, bu qadağalara etiraz edənləri təqib edir, müxtəlif üsullarla şərləyib zindana atır, dolanışıq yerindən kənarlaşdırır, bir sözlə bezdirici, dözülməz bir mühit yaradır. Çıxış yolunu ölkəni tərk etməkdə görənlərin isə içində qisas hissi mütləq olur. Əgər əvvəllər (keçmiş SSRİ zamanı) mühacir və dissident öz narazılığını ancaq məskunlaşdığı ölkənin mediasına verdiyi müsahibə, yazdığı kitablarla (məsələn Saxarov, Soljenitsın) idarəçiliyi sərt tənqid edirdisə, bu gün həmin təbəqə yeni texnologiyanın imkanlarından istifadə etməklə çağırılmamış qonaq kimi hər birimizin evinə girə bilir. Qapını bağlayırsan pəncərədən, pəncərəni bağlayırsan bacadan, bir sözlə qarşısıalınmaz xəstəlik kimi hər tərəfə yayılır. Görürsünüz, təhsil almaq üçün xaricə üz tutanların, daha yaxşı dolanışığı əcnəbi ölkələrdə axtaranların heç biri bu söyüş kampaniyasında iştirak etmir. Çünki könüllü gediblər, sadəcə daha keyfiyyətli təhsil almaq, yaxud daha firavan yaşamaq istəyirlər. Amma bəlli bir qrupda olan birisi haqqında ayrılıqda danışmaq yorucu olardı. Heç kim zənn etməsin ki, Vətəni tərk edib, qürbətdə, doğmalarından, dost-tanışdan ayrı yaşamaq asandır. Əsla!

Bununla belə, bu gün Avropada məskunlaşmış o mühacirlərin qisasçılığa söykənən mübarizə üsulu da yanlış və ziyanlıdır. Söyüş, təhqir, xüsusilə kişi üçün acizlik əlamətidir, deyib müdriklər. Və bu ziyanlı kampaniyada dövlət başçısının, ölkənin rəmzlərindən sayılan şəxsin hədəfə alınması isə ümumiyyətlə qəbuledilməz olmaqla əxlaqi dəyərlərlə dabandabana ziddir. Çünki Mehman Hüseynov olayları da sübut etdi ki, cənab Prezident xəbər tutduğu hər hansı haqsızlığı həmən aradan qaldırıb, ədaləti bərpa etməkdə qərarlı və istəklidir. Bunun üçün sadəcə aidiyyatı dövlət təsisatları cəmiyyətdə ciddi əks-səda doğuran hadisələr barədə ona vaxtında və doğru məlumat versinlər. Amma və lakin...

Hesab edirik ki, hətta Avropadakı “təhqir makinasını” da “təmir” etmək mümkündür. Bunun üçün prezidentin səlahiyyətləndirdiyi və etibar etdiyi şəxs(lər) Avropaya ezam olunmalı və o narazı insanların Vətəndən didərgin düşməsinin səbəblərini (səbəbkarlarını) ayrı-ayrılıqda incələməli, nəticəsini isə ölkə başçısına məruzə etməlidir. Öz növbəsində prezident də faktlara istinadən onun vətəndaşını incidib, təqib edib ölkədən qaçaq salan günahkar şəxsləri vəzifədən kənarlaşdırmaqdan tutmuş, həbs etməyə qədər, qanunun ən sərt maddələri ilə cəzalandırar. Məncə bu baş verərsə ən azı təhqiri sivil tənqid müstəvisinə keçirmək olar. Yoxsa ki, 80 yaşlı deputat Ağacan Əliyev bu günlərdə nəinki daşıdığı mandatla, hətta ağsaqqal statusu ilə bir araya sığmayan ziyanlı və təhlükəli təklif irəli sürür ki, o adamların (Avropadakı məlum tiplərin) yaxınların çağırıb söhbət etmək lazımdır. Hansı ki, biz bu gün həmin o “çağırıb söhbət etmənin” acısını yaşayırıq. Fikirimizcə, bəzi burnundan uzağı görməyənlərin bu sayaq təhlükəli çağırışları daha çox odun üstünə benzin tökməyə oxşayır. Nəzərə alsaq ki, cəmiyyət, o cümlədən ölkəmizin müxalif kəsimi də bu təhqir kampaniyasına qarşıdır, demək bu problemi ictimai qınaqla həll etmək olar.

0.28977012634277