Almaniya Azərbaycana geniş spektrlı əməkdaşlıq təklif edir

 

Almaniyanın "Uniper" şirkəti ilə enerji təchizatı sahəsində əməkdaşlıq nəzərdən keçirilir

 Elxan Şahinoğlu: "Müəyyən iqtisadi maraqları olsa da, bölgənin əsas oyunçuları bəllidir -  Rusiya, Böyük Britaniya, ABŞ, Fransa və digər Qərb ölkələri"

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

 Rövşən Ağayev: "Almaniya texniki-peşə təhsilinin səviyyəsinə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir, biz onların təcrübəsindən yararlanaraq ölkədə bu sahədə inkişafa nail ola bilərik"Rövşən Ağayev: ile ilgili görsel sonucu

 Almaniya Avropanın həm siyasi, həm də iqtisadi baxımdan əsas oyunçularından biri olsa da, zaman-zaman onun Cənubi Qafqazda, o cümlədən Azərbaycanda maraqları dərinləşməyib. Yüz il əvvəl Azərbaycan Almaniya üçün daha böyük maraq kəsb edirdi, nəinki indi. Lakin Almanyanın yüksək çinli məmurların bir neçə istiqamətdə Azərbaycanda böyük maraqlarının olduğunu ifadə etməsi, görünür, bu iki ölkə arasında geniş spektrlı əməkdaşlığın başlanğıcıdır. Lakin bu düşüncələr fonunda sual yaranır, bölgədəki hansı proseslər bu münbit şəraiti yarada bilib, bu əməkdaşlıq Azərbaycana nə verə bilər?

Jurnalistlərə açıqlamasında Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət üzrə İdarənin rəhbəri Exard Franz deyib ki, Almaniya hazırda energetika sahəsini şaxələndirir. O, vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu baxımdan Almaniya üçün maraqlıdır. Almaniya rəsmisi həmçinin bir sıra sahələrdə Azərbaycanla əməkdaşlıq barədə danışıb: "İki ölkə arasında texniki peşə sahəsində əməkdaşlıq böyük maraq doğurur. Əminik ki, Almaniya təcrübəsinin Azərbaycanda tətbiqi yerli kadrların peşəkarlığının artırılmasına kömək edəcək".

E.Franz turizm sahəsində əmıkdaşlıq üçün də potensialın olduğunu bildirib: "Azərbaycanda turizm sahəsinə töhvəmiz bölgələrin inkişafına dəstək ola bilər".

Qeyd edək ki, ötən ilin sonlarında Azərbaycanla Almaniya arasında daha iki istiqamətdə əməkdaşlığa təşəbbüs göstərilib. Belə ki, Azərbaycan hökuməti Bakı və Abşeron yarımadasında "müasir elektrik enerjisi təchizatının qurulması" üçün Almaniyanın "Uniper" şirkəti ilə əməkdaşlıq edə bilcəyini bəyan edib.

Energetika Nazirliyi "enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstəyin verilməsi" üçün "Uniper" şirkətinə təklif verib.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əiyevanın sözlərinə görə, indilik sadəcə "Uniper" şirkəti ilə enerji təchizatı sahəsində əməkdaşlıq nəzərdən keçirilir, ortada konkret heç nə yoxdur, bununla belə, "Uniper"ə artıq təkliflər göndərilib.

"Uniper" şirkətinin sərmayəçi və yaxud sərmayə qoyaraq, idarəetmə proseslərində məqbul şərtlər daxilində (məsələn, səhmdar cəmiyyətdə müəyyən paya sahib bir şirkət kimi) iştirakı nəzərdən keçirilir. Hazırda enerji sahəsində tənzimləyici orqanın fəaliyyətinə texniki dəstəyin verilməsi "Uniper" şirkətinə rəsmi olaraq təqdim edilən təkliflər sırasındadır.

Enerji təchizatının qurulması dedikdə, yarımstansiyaların tikintisi, elektrik verilişi xətlərinin çəkilişi, yarımstansiyadan abonentə elektrik enerjisinin verilməsinə qədər bütün digər işlər (dispeçerləşmə, sayğaclaşma və s.) nəzərdə tutulur.

Hökumət adıçəkilən şirkətlə daha bir sahədə əmədaşlıq etmək niyyətindədir - "texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan" ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsində də "Uniper"in məsləhətindən yararlanmaq istəyir.

Avropanın aparıcı iqtisadiyyata malik bir ölkəsi ilə əməkdaşlığa siyasi qiymət vermək üçün suallarımızı politoloq Elxan Şahinoğluna ünvanladıq. Politoloq bildirdi ki, Almaniya əslində Cənubi Qafqaz bölgəsində o qədər də fəal deyil: "Müəyyən iqtisadi maraqları olsa da, bölgənin əsas oyunçuları bəllidir -  Rusiya, Böyük Britaniya, ABŞ, Fransa və digər Qərb ölkələri. Almaniya ciddi tərəfdaşı olan Rusiyadan belə bölgədə geri qalır. Azərbaycan, Ermənistan və Gürcüstanla müəyyən iqtisadi əlaqələri var, lakin bölgənin enerji layihələrindən kənarda qalıb. Ümumiyyətlə, ikinci dünya müharibəsindən sonra Almaniya xarici siyasət və təhlükəsizlik məsələlərində passivdir. Xatırlayırsınızsa, 2016-cı ildə, Almaniya ATƏT-in sədri olan vaxt aprel döyüşləri baş verdi, müəyyən qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istədilər, bölgəyə nümayəndələr göndərdilər, hətta, o zamankı xarici işlər naziri, indiki prezident V. Ştayen mayer 7 maddədən ibarət plan da hazırlamışdı. Amma bu iş davamlı olmadı, artıq bu plan da yaddan çıxıb. Bu baxımdan, Almaniya müəyyən əməkdaşlıq təşəbbüsləri göstərə bilər, amma rəsmi Berlin bu gün enerji baxımından daha çox Rusiyadan asılıdır. Artıq Şimal dənizinin dibi ilə növbəti böru xətti çəkilir. Azərbaycan qazı 2020-ci ildə Avropaya gedəcək, amma o qazın alıcıları arasında Almaniya yoxdur. Bu siyahıda Şərqi və cənubi Avropa ölkələri daha çoxdurlar. Hər halda, Almaniyanın Azərbaycanla təmasları var, hansısa yüksək çinli məmur əməkdaşlıqdan danışırsa, bu hələ o demək deyil ki, danışıqdan əməli işə keçəcəklər, layihələr reallaşdıracaq, investisya yatıracaqlar. Hazırda reallıqlar onu göstərir ki, Almaniya ilə Azərbaycan arasında münasibətlər yuksək səviyyədə deyil".

Nisbətən diplomatik tərzdə verilən açıqlamanın iqtisadi yükünü qiymətləndirmək üçün iqtisadçı-ekspert Rövşən Ağayevə müraciət etdik. Mütəxəssis əvvəlcə onu qeyd etdi ki, Almaniya doğrudan da bölgədə elə də yüksək maraqlara malik deyil, bunun da əsas səbəbi Almanyanın geopalitik savaşda ABŞ və Böyük Britaniyanın mövqeyi statusunda olmaması, onlardan geri qalmasıdır: "Bu fonda Almaniyanın Rusiya ilə həm iqtisadi, həm də siyasi baxımdan sıx əlaqələri, isti münasibətləri var. Bir məqamı qeyd edim ki, Cənubi Qafqaz Rusiyanın əsas dayaqlarından biri hesab edilir, bu konteksdən də Almaniyanın bölgəyə marağını izah etmək olar. O ki qaldı Almaniya ilə əməkdaşlığın Azərbaycana töhfələrinə, respublikamız indi elə vəziyyətdədir ki, istənilən inkişaf etmiş ölkə ilə əməkdaşlıq bizim üçün faydalı perspektivlər vəd edir. Bizdə texniki-peşə təhsilini inkişaf etdirmək, əmək bazarının sərhədlərini genişləndirən mütəxəssislərin hazırlanması bir problem olaraq qalmaqdadır. Hazırda ölkənin əmək bazarında peşəkar kadırların sayı və keyfiyyəti baxımından vəziyyət qeyri-qənaətbəxşdir. Almaniya texniki-peşə təhsilinin səviyyəsinə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir, biz onların təcrübəsindən yararlanaraq ölkədə bu sahədə inkişafa nail ola bilərik. Alman kadırları ölkəyə dəvət etmək, onların texniki-peşə təhsili modelini ölkədə qurmaq olar və s. Bununla yanaşı, Almaniya turizmin inkişaf səviyyəsinə görə dünya reytinqində ilk onluqdadır. Biz Almaniyanın regionların inkişaf etdirilməsi, kənd turizminin yaradılması təcrübəsindən yararlana bilərik. Onların bu sahədə özünü təsdiq etmiş təcrübəsi var. Almaniyalı məmurun dedikləri reallaşsa, əməli işə keçsə, bu istiqamətdə Azərbaycanın uduşları çox olar".

Göründüyü kimi, Almaniya-Azərbaycan əməkdaşlığının siyasi yükü o qədər ağır olmasa da, məsələ xeyli iqtisadi çəkiyə malikdir. Ona görə də, bu əməkdaşlığın perspektivinə ümid etmək olar, təki əməli işə keçmək mümkün olsun.

0.20193910598755