Erməni politoloq Azərbaycanın üstünlüyündən narahatdır

 

Hrant Məlik-Şahnazaryan: "Danışıqlar prosesində Ermənistanın mövqeyi nəinki zəifləyir, inqilabdan sonra o, bir sıra parametrlərdə mövqeyini ümumiyyətlə itirir"

 Mübariz Əhmədoğlu: "Əslində, bütün danışıqlar prosesi Azərbaycanın xeyirinə olub"

 Elman Nəsirov: "Bütövlükdə danışıqlar prosesində Azərbaycanın üç istiqamətdə üstünlüyü aydın görünür"

 Ötən il Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnən məxməri iniqlab Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni baxışların ortaya çıxmasına səbəb oldu. Dünyanın demokratik kəsiminin təqdir edərək "Demokratik hakimiyyət" adlandırdığı Nikol Paşiniyan komandası dillema qarşımında qalıb desək, yanılmarıq. Çünki demokratik dəyərlərlə işğal faktı bir-biri ilə ciddi təzad yaradır. Paşiniyan hakimiyyəti buna görə ya demokratik imicdən, ya da işğal faktından əl çəkməlidir. Bu gün həmin təzad məngənəsində çabalayan Ermənistan hakimiyyəti hələ də seçimə qərar verə bilmir. Ona görə də elə Ermənistanın öz müstəqil politoloqları baş nazirin qeyri-müəyyən, anlaşılmaz addımlarını izah edə bilmirlər.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də İsveçrənin Davos şəhərində qeyri-rəsmi görüş keçiriblər. Təxminən saatyarım davam edən görüşdən dərhal sonra Nikol Paşinyan özünün "Facebook" səhifəsində görüşlə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan prezidentilə danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi apardıqlarını deyib. Daha sonra Nikol Paşinyan yenə də "Facebook"da canlı yayıma çıxıb, İlham Əliyevlə görüşün əvvəldən planlaşdırılmadığını söyləyib. "Davos Dünya İqtisadi forumunun təşkilatçıları xəbər tutdular ki, hər ikimiz bu forumda iştirak edəcəyik. Onlar bizdən görüşmək istəyib-istəmədiyimizi soruşdular və biz müsbət cavab verdik. Bu görüşün əsasında daha öncə əldə etdiyimiz razılaşma durur. Biz razılaşmışıq ki, əgər hər hansı beynəlxalq tədbirdə hər ikimiz iştirak ediriksə, görüşdən yayınmayacağıq. Yəni belə tədbirlərdə qarşılaşarkən bir-iki kəlmə də olsa, danışacağıq. O ki qaldı söhbətimizin mövzusuna, keçirdiyimiz üç görüşdə biz sadəcə, danışıqlar prosesinin tarixini müzakirə etmişik, yəni hansı mərhələdə nə baş verib, necə baş verib və s. Demək istəyirəm ki, hər hansı konkret detalı müzakirə etməmişik", - deyə baş nazir bildirib. 

Xatırladaq ki, bu, Nikol Paşinyanla İlham Əliyev arasında keçirilən üçüncü qeyri-rəsmi görüş idi. Ermənistanın "168 hours" saytı son görüş haqda politoloq Hrant Məlik-Şahnazaryanın fikirlərini öyrərkən politoloq jurnalistin "Qarabağ məsələsində Ermənistanın mövqeyi zəifləyibmi?," sualına belə cavab verib: "Danışıqlar prosesində Ermənistanın mövqeyi nəinki zəifləyir, inqilabdan sonra o, bir sıra parametrlərdə mövqeyini ümumiyyətlə itirir. Bu gün əvvəlki üstünlüklər yoxdur. Hər halda, ara-sıra verilən bəyanatlardan, görüşlərlə bağlı açıqlamalardan biz bunu görürük".

Sözsüz ki, erməni politoloqun bu cür bəyanatı hər iki ölkə ictimaiyyəti üçün maraq doğurur. Bəs Azərbaycanlı siyasi icmalarla bu görüş və Məlik -Sahərazaryanın narahatlığı barədə nə düşünür!

Mübariz Əhmədoğlu Hrant Məlik-Şahnazaryanın fikirlərini şərh edərkən vurğuladı ki, İlham Əliyev prezident olan kimi sıfır variantını irəli sürdü, bunun ardınca isə "Praqa prosesi" başlandı: "Qeyd edim ki, buna qədər ümümmilli liderin xəstəliyi ilə əlaqədər olaraq danışıqlar prosesində bir fasilə yaranmışdı. Həmin dövrdən bəri danışıqlar prosesində Ermənistanın heç bir üstünlüyü olmayıb. Sadəcə olaraq, Ermənistan bu dövr ərzində ATƏT-in Minisk Qrupu adından bir sıra yalanlar uydura bilib. ATƏT-in Minisk Qrupu isə Köçaryan və Sarkisyanın yalanlarına reaksiya verməyiblər, bu üzdən də cəmiyyət o yalanları həqiqət kimi qəbul edib. Əslində, bütün danışıqlar prosesi Azərbaycanın xeyirinə olub. Məsələn, hamının ermənipərəst adlandırdığı amerikalı həmsədr Orliç bəyan etdi ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdir və onlar Azərbaycana qaytarılmalıdır. Bundan başqa, 2014-cü ildə atəşkəs müqaviləsinin 20 illiyi ilə bağlı ATƏT-in Minisk Qrupu rəsmi bəyanat imzaladı, həmin bəyanatda da qeyd edilmişdi ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altındadır. Elə isə bu hansı formada Ermənistanın üstünlüyü hesab edilə bilər? Bunun ardınca, 2016-cı ildə Serj Sarkisyan qısa fasilələrlə üç nüfuzlu beynəlxalq agentliyə (Blunberq, Əl-Cəzirə və Riya-Novosti) müsahibə verdi. Hər üç müsahibəsində Serj Sarkisyan bəyan etdi ki, Ermənistan işğal altında olan 7 rayonu qaytarmağa hazırdır, amma Azərbaycan qəbul etmir. Bütün bunlar onun göstəricisidir ki, danışıqlar həmişə Azərbaycanın üstünlüyü ilə aparılıb. Hazırkı həll konsepsiyası ondan ibarətdir ki, 7 rayon dərhal azad edilir, Dağlıq Qarabağ isə sonrakı mərhələdə Azərbaycana qaytarılır. Ona görə də Hrant Məlik-Şahnazaryanın əvvəllər olan üstünlükdən danışması yalandı, o üstünlük heç vaxt olmayıb. Sadəcə olaraq, Sarkisyan yaxşı yalanlar uydururdu, ATƏT-in Minis Qrupu da bu yalanlara loyal yanaşırdı. Ən sonda Sarkisyan ötən ilin fevral ayında, Münhen Təhlükəsizlik şurasının toplantısında Azərbaycan səfirinə bildirmişdi ki, ətraf rayonlar Azərbaycana qaytarılacaq.

Hazırda isə proseslər Paşinyanın istədiyi formula ilə gedir və bu ideal şəkildə Azərbaycanın maraqlarını təmin edir. Belə ki, Paşinyan hakimiyyətə gələn kimi bəyanat verdi ki, o, Dağlıq Qarabağın adından danışa bilməz. Ona görə də, Minisk Qrupu danışıqlar prosesindən Dağlıq Qarabağa aid nə varsa hamsını çıxardılar. Hazırda müzakirə predimeti 7 rayonun azad edilməsi, qaçqınların həmin rayonlara qaytarılması və Azərbaycanla Ermənistan arasında kammunikasiyanın açılmasıdır".

Politoloq onu da vurğuladı ki, bütün dünyanın demokratik hakimiyyət kimi qəbul etdiyi Paşinyan komandası üçün işğal faktı bir "buxov"dur. M.Əhmədoğlu Con Boltonun bölgəyə səfəri zamanı Paşinyana 7 rayonun azad edilməsi barədə ciddi xəbərdarlığını da xatırlatdı.

Hrant Məlik-Şahnazaryanın belə mövqeyinin səbəbini isə politoloq onun Paşinyan hakimiyyətindən incik düşərək yeni hakimiyyətə müxalifətçilik etməsi ilə əlaqələndirdi.

Mövqeyini öyrəndiyimiz digər politoloq Elman Nəsirov isə bildirdi ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişməyib: "Bu Sarkisyan dövründə də, indi də belədir, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə predimeti olmayıb. Bu heç vax olmayacaq da, Azərbaycan heç vaxt ərazilərinin işğalı faktı ilə barışmayacaq. Yəqin erməni politoloqlarının bu qənaətə gəlməsi onunla bağlıdır ki, Paşinyan hakimiyyəti qondarma rejimi də danışıqlara qoşmağı istəmişdi, əks halda heç bir danışıqlardan söhbət gedə bilməz. Paşinyan hətta, BMT kürsüsündən də bu mövqeyi səsləndirdi. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, qondarma rejim danışıqlar tərəfi deyil, münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, qondarma rejim heç bir halda danışıqların tərəfi ola bilməz. Bu da cənab prezidentin dəyişməz və prinsipial mövqeidir. Biz şahidi olduq ki, Azərbaycan prezidenti ilə Ermənistan prezidənti arasında artıq üç görüş keçrilib, lakin bu görüşlərin heç birində qondarma rejim iştirak etməyib. Eyni zamanda, xarici işlər nazirlikləri səviyyəsində dörd görüş keçrilib, bu görüşlərdə də qondarma rejim iştirak etməyib. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də mövqe üstünlüyünə malikdir.

Bütövlükdə danışıqlar prosesində Azərbaycanın üç istiqamətdə üstünlüyü aydın görünür. Birinci istiqamət siyasi üstünlükdür. Siyasi üstünlük dedikdə onu nəzərdə tuturuq ki, heç bir ölkə, hətta, Ermənistan özü belə qondarma rejimin müstəqilliyini tanıya bilməyib. Diplomatik üstünlüyümüz ondan ibarət oldu ki, Ermənistanın təşəbbüsü ilə qondarma rejim qondarma bir referendum keçirdi, lakin heç bir ölkə bu referendumun nəticələrini tanımadı. Bu o deməkdir ki, beynəqxalq birliklər növbəti dəfə Dapğlıq Qarabağın Azərbaycan ərazisi hesab etdi. Üçüncüsü, bizim Ermənistan üzərində hərbi üstünlüyümüz təmin edilib. Bu ilk növbədə aprel döyüşlərində öz təstiqini tapdı. Aprel döyüşləri Azərbaycan ordusunun şanlı qələbəsidir, tariximizin şanlı səhfəsidir. Ali baş komandan da aprel döyüşlərinə belə qiymət verib. Aprel döyüşləri Ermənistanın onsuz da zəif olan dövlətçilik sütunlarını sarsıtdı. Bunun təsiri nəticəsində Ermənistan siyasi böhran yaşadı və hakimiyyət dəyişikliyinə düçar oldu. Hələ də Ermənistan aprel döyüşlərindən sonra özünə gələ bilməyib. Eyni zamanda, son iki parad göstərdi ki, Azərbaycan ordusu çox güclüdür və dünyanın 50 ən güclü ordusu sırasındadır. Ordumuz ən müasir silahlarla təhciz edilib, ən başlıcası isə ordumuzun vətənpərvərlik hiss çox yüksəkdir. Bütün bunlar Azərbaycanın Ermənistan qarşısında üstünlüyünü şərtləndirən amillərdir. Şahmat dili ilə desək, indi Azərbaycan ağ fiqurlarla oynayır. Görünür erməni politoloqlar da Azərbaycanın bu üstünlüklərinin fərqindədirlər".

 

Akif Nəsirli

[email protected]

0.35980796813965