Dua Rəbbə ünvanlanan Nameyi – Hümayündür

 

Rəbbimiz verməyi istəməsəydi, istəməyi verməzdi. İstəməyi verib ki, fiziki-mənəvi imkanları məhdud olan bəndəsinin istəyini-duasını qəbul etsin.  

Deməli, istəmə, yalvarma, çağırma mənalarını ehtiva edən dua, bəndənin Allaha yalvararaq özü və ya başqası üçün müəyyən arzusunun yerinə yetirilməsini Ondan istəməsidir. Zərurətdən doğan bu tələb havası çatışmayan adamın oksigenə olan ehtiyacı kimidir. Duanın cəsədi sözlər, ruhu isə təhlil və mülahizələrdir.

 Allaha “yardım” duanın şərtidir    

 “(Ya Rəsulum) De: «Əgər duanız olmazsa, Rəbbim sizə nə qiymət verər?» (Furqan, 77), «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!» (Mömin, 60) Quran ayələri və «Allah dərgahında duadan daha şərəfli heç bir şey yoxdur», «Allah bəndəsinin istəməsindən məmnun qalar» -Peyğəmbər (ə) kəlamları duanın sırf ibadət elementi olduğuna dəlalət edir. Dua etmək insanın yaradılışdan gətirdiyi ruhi ehtiyac olduğu üçün hər bir iş dua ilə başlanmalıdır. Bu zaman düşdüyü bəla və müsibətlərə heç kimin kömək edə bilməyəcəyini dərk edən bəndə heç kimə yox, sonsuz qüdrət və qüvvət sahibi olan Allaha üz tutur.

Məlumdur ki, bütün səbəblər Rəbbin qüdrət əlindədir. Şübhəsiz O, istədiyi şeyə istədiyi şəkildə əmretmə gücünə sahibdir. Bununla yanaşı, Rəbbin əmr və qadağalarına uymadan, səbəbləri araşdırıb çalışmadan dua etmək, əslində, Allahdan möcüzə istəmək deməkdir («Həm ziyarət, həm ticarət» filmində Hacının lotereya bileti almadan möcüzə istəməsi kimi). Yəni İslamda həm çalışılır, həm də dua edilir. Deməli, iş (əməl) və nəzəriyyə (dua, niyyət) vəhdətində olmaq istəyən bəndə Allahdan yardım istədiyi zaman, özü də Allah rizasını qazanmaq üçün pozitiv fəaliyyətilə Allaha “yardım” (haşə!) etməlidir. Bu tezisi açıqlayan  Peyğəmbər (ə) buyurub: «Çalışmadan dua edən, silahsız hərbə gedənə bənzər», «Elə adamlar var ki, yedikləri və geydikləri  haramdır. Sonra da əllərini qaldırıb dua edirlər. Belə dua necə qəbul oluna bilər?», «Zalım kimsələri adil deyə mədh edənin və din düşmənlərinin ölüsünə və dirisinə dua edənin imanı gedər».

 Duanın fəziləti və ədəbi

 Allah dərgahında duadan qiymətli ibadət yoxdur. Həmin səbəbdən Quran və onun xülasəsi olan Fətiha surəsi duaların ən fəzilətlisini özündə ehtiva edib. Dua ibadətin özü və iliyidir. «Bəndə dua etdikdə üç şeydən birinə nail olur: 1. Ya etdiyi dua səbəbi ilə günahı bağışlanar; 2. Ya duadan sonra bir mükafata nail olar; 3. Ya da axirətdə onun qarşılığını alar» - buyurub Peyğəmbər (ə). Bəzən bizim istədiyimiz nəticə etibarilə xeyirli olmadığından, bir rəhmət əsəri olaraq Allah bizə istədiyimizi yox, istəmədiyimizi verir. Bu həssas məqama toxunan Rəbimmiz buyurub: «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz» (Bəqara, 216).

Hər əməl və ibadətin bir qaydası olduğu kimi, duaetmənin də öz üsulu var. Əvvala, dua hər bir insanın başa düşdüyü dildə deyilməlidir. Sonsuz məxluqatı da, onun dillərini də Allah yaratdığı üçün bizim hansı dildə nə istədiyimizi də O çox yaxşı bilir. Məgər Yaradan bilməzmi?! Duasının qəbul olunmasını istəyən şəxs isə: 1. Bütün günahlardan tövbə etməli; 2. Duadan qabaq bir xeyir və savab iş görməli; 3. Duanı sidq ürəklə, yalvarmaqla, qəlb titrəyişi, vicdan oyanışı və ixlas ilə yerinə yetirməli. Çünki, qəbul edilməyən duaların çoxu qəlbin qəflətindən, vicdanın yatmasından, təkəbbürün Onun ayaqları altına atılmamasından əmələ gəlir; 4. Duanı abdəstli, qibləyə dönərək dizi üstə oturub etməli; 5. Dua edərkən namazda olduğu kimi, heç bir şeylə məşğul olmamalı, özünü cəmləşdirməli, sağa-sola baxmamalı; 6. Duanı özü eşidə biləcək dərəcədə gizli etməli. Çünki bu, həm ibadətin gizli edilməsinin savabı, həm də Allahın qəlbdə olanları bilməsi və hər şeyi eşitməsi baxımından fəzilətlidir. 7. Ağız təmiz və pak olmalı. Soğan, sarımsaq kimi iy verən şeylər yeməməli. Məmurların qəbuluna gedən vətəndaş həmin qidalardan imtina edirsə, məmurların Hakiminin hüzurunda olan bəndənin ağzından pis qoxu gələrmi?! 8. Duanı ikiyə bölməməli, nə istəyirsə onu deməli; 9.Peyğəmbər (ə)-nin dualarından istifadə etməli. Mənasını bilmədiyi uydurma şeyləri duaya qatmamalı; 10. Dua edərkən əlləri açıq şəkildə yuxarı qaldırmalı. İstəyən əl həm açıq, həm də altda olur. Verən əl həm comərd, həm də üstdə olur. İstəyən əl açıq olmazsa, verənin verdiyini ala bilməz. İstəyənin əlinin bağlı olması təkəbbürlülük kimi də yozula bilər. Dua bitincə əlləri üzə sürtməli və "Amin" deməli.

Duaetmə vaxtları: 1. Azan ilə iqamə arasındakı zaman; 2. Səhər və gecə yarısından sonrakı vaxtlar; 3. Ərəfə günləri  (Hicri-qəməri təqvimdə Zilhiccə ayının 9-cu günü); 4.Cümə gecələri; 5. Bayram gecələri; 6. Ramazan ayında; 7. Quran xətmindən və Quran oxunduqdan sonra; 8. Fərz namazlarından sonra; 9. Tənha və kimsənin olmadığı yerlərdə, mühacirətdə; 10.Mübarək gecələrdə; 11. Yağış yağarkən; 12. Rəcəb ayının ilk gecəsi.

Duası qəbul olunan şəxslər: 1. Valideynlərin övladları üçün etdiyi dualar (atanın duası daha tez yerinə yetir) 2. Valideynlərinə ehtiram edən saleh övladların duaları; 3. Quran əhlinin duaları; 4. Qiyabi-kimsənin arxasından edilən dua; 5. Məzlumun duası. “Məzlumun haqqı qaytarılana qədər Mən onunlayam” Rəbb kəlamıdır; 6. Oruclu müsəlmanın duası; 7. Xəstələrin duası; 8. Yaxşı iş görənlərin duası; 9. Yaxşılıqlara şükr etməyən insana - nankora yaxşılıq edən insanın edəcəyi bəddua; 10. Hacıların duası. Əlbəttə bu, həccdən Peyğəmbər (ə) əxlaqı ilə vətəninə dönəndən sonra həmin əxlaqla fəaliyyət göstərən hacılara aid duadır; 11. Sıxıntıya düşənin duası; 12. Ərinə ehtiram göstərən qadının duası; 13. Adil dövlət başçısının duası.

Duada əsas şərt Allaha həmd-səna etmək və sonra Peyğəmbər (ə)-yə Allahdan salam və rəhmət diləməkdir. Salavatdan sonra şəxs öz istəyini, duasını bəyan etməlidir. Və dua bitəndən sonra bir də salavat çəkməlidir. Buradakı hikmət ondan ibarətdir ki, Peyğəmbər (ə)-yə salavatları qəbul edən Rəbb, onun xatirinə bəndənin də duasını yerinə yetirər. Bunun dəlili həz Peyğəmbərin: «Duası mənə çəkilən salavatlar içərisində olan bəndənin arzusunu, Allah qəbul edər» kəlamıdır.

Dua maddi-mənəvi, görünən və görünməyən bütün dərdlərə dərmandır. Dua yalnız Rəbbin bəyəndiyi işlər üçün edilərsə yerinə yetər. Əksinə, Onun rizası olmayan şeylər üçün edilən duaları Rəbb qəbul etməz. Elə qəflətdə olan bir çox insanların yanıldığı, aldandığı hikmət də budur. İslamın dəlili sayılan  Qəzzali (vəs.ed.1111) yazır: “Quraqlıq olduğu üçün  Bəni İsrail iki dəfə yağış duasına çıxdı. Lakin duaları  qəbul edilmədi. Peyğəmbərlərinə Allahu-Təaladan vəhy gəldi: “Dua edən ümmətinə de ki, onların mədələri haramla dolu, əlləri də haqsız qana boyanıbdır. Belə vəziyyətdə dua etmək Mənim qəzəbimi artırdı və Məndən uzaq oldunuz”.

Dua Rəbbə ünvanlanan gözüyaşlı, qəlbi hüzünlü, pis əməllərdən tövbə edən bəndənin xahişnaməsi - nameyi-hümayünüdür. Axı səmimi insan məktubundan da bilinir.  Dua elə bir məcun, ilahi iksirdir ki, imanlı bəndə onun vasitəsilə kainata sığmayan Allahı yumruğu boyda qəlbində sakin edə bilər. Bu zaman bəndə şeytan  vəsvəsəsindən, şeytan xislətli insanların şərindən əmin ola bilər. Belə xoşbəxt insanların  duasının rədd olunmayacağına işarə edən Allahın Rəsulu buyurub: “Allahu-Təala ünvanlanan əlləri geri qaytarmaz”.

Qeyd edilməsi vacib məqamlardan  biri də, şəriətimizdə istər ölülər, istərsə də dirilər-fərd, toplum, xalq və ümmət üçün edilən duaların  fəzilətidir. Təqdir edilən belə toplum duaları biz xütbələrdə, əza məclislərində və digər yığıncaqlarda eşidib “Amin” deyərkən  əmin olmalıyıq ki, Ona ünvanladığımız məktub  cavabsız qalmayacaqdır. Çünki həmin toplum üçündə tanımadığımız elə bir Allah sadiqi ola bilər ki, onun duasının qəbulu mümkünsüz olsun.

 Bəddualar qəbul edilirmi?

 Rəbb kitablarında  (Tövrat, İncil, Quran) xoşməramlı dualarla yanaşı, bəddualar da təsbit olunub. Belə dualar Rəbb və peyğəmbərlərə asi olan, din, vətən, bayraq və xalqa qarşı çıxan zalımlar  üçündür. “(Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq! Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı  ona yardım göstərmişdik...” (Ənbia; 76,77). Müasiri olduqları  peyğəmbərin təbliğinə nəinki uymayan, hətta onun çarmıxa çəkilməsini hökm edən  bir şəhər sakinlərinə isə həz.İsa belə bədduada bulundu: “Ey Yeruşəlim! Peyğəmbərləri öldürən və onlara göndərilənləri  daşlayan Yeruşəlim! Toyuq öz cücələrini qanadları altına topladığı  kimi, mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, fəqət siz istəmədiniz! Budur, eviniz sizə tənha buraxılır...” (İncil, Luka XIII, 33,34). Bu bədduadan 2000 il keçməsinə baxmayaraq, həmin bölgədə elə bir həftə yoxdur ki, insan qanı axıdılmasın... Qeyd edilən  bu nümunələr  göstərir ki,  zülmə, haqsızlığa məruz  qalan istənilən  bəndə də haqqına təcavüz  edən  adama  bədduada  bulunub, məktubu vasitəsilə  zalımı  Allaha  həvalə  edə bilər.

“Vətən imandandır” Peyğəmbər kəlamıdır. Bu kəlamı rəhbər tutaraq  biz də suyunu içdiyimiz, havasını udduğumuz, çörəyini yediyimiz və hər birimizi özünün bir dəlili - daşı, bir parçası qismində  qəbul edən Vətənimiz, Xalqımız, Dinimiz, Bayrağımız üçün dualarla  dolu məktubumuzu doğma  Azərbaycanın boynumuzdakı haqqı kimi Haqqa ünvanlamağa borcluyuq: Ya Rəbb! Biz yox idik, Sən var etdin. Varlığından xəbərdar etdin. Həmdini sözlərimizə sərtac etdik. Zikrini  qəlbimizə merac etdik. İnayətinə sığınıb, qapına gəldik. Hidayətinə sığınıb, lütfünə gəldik. Lazımınca qulluq edə bilmədik, əfvinə gəldik. Əllərimizi ünvansız səmaya deyil, Sənin laməkan sarayına açıb deyirik: Çaşdırma bizi, doğrunu söylət. Sapdırma bizi, haqqa yönəlt. Özündən başqasına alçaltma bizi. Özündən başqasına ağlatma bizi. Xocalıda ağ qar üzərində al qanları ilə “Allahu Əkbər”, “Azərbaycan” yazan şəhidlərimizin intiqamını almaq üçün bizə yardım et. Üçrəngli bayrağımızın Şuşada dalğalanmasını bərqərar et. Ölkəmizin dirriyini, xalqımızın birliyini, nəslimizin diriliyini, dinimizin təbliğini həmişəyaşar et. Xeyirlər fəthini, şərlər dəfini bizə nəsib et! Qapından qovma bizi, ey mərhəmətlilərin Mərhəmətlisi. Amin!

 Vaqif Cəliloğlu Tex. elmləri üzrə fəlsəfə doktoru

0.22175192832947