Mehriban Əliyeva Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, qonaqları salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib. “İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan potensialdan daha yaxşı istifadə ediləcək”, – deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan Mehriban Əliyeva ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. Mehriban Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirib. Təhsil sahəsindəki əməkdaşlığa toxunan Azərbaycanın Birinci vitse-prezidenti bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışıb. Qeyd edib ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.

Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qardaşlaşması haqqında sazişlərin imzalandığını xatırladan Mehriban Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədi daşıdığını bildirib. Azərbaycanın Birinci vitse-prezidenti bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirib. Mehriban Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib və eyni zamanda potensialın da böyük olduğunu vurğulayıb. Ümidvar olduğunu bildirib ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirən Mehriban Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirib.

0.32722616195679