Zaur Axundov: "Heç kimi futbola məcburi gətirmək olmaz"

 

“Keşlə” futbol klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun “Report”a müsahibəsi."Demokratik Musavat.com" Həmin müsahibəni oxuculara təqdim edir.

- İstefaya göndərilmiş Zaur Svanadzenin yerinə yeni baş məşqçi təyinatı rəsmiləşdi?

- Komanda hələlik Ramiz Məmmədova həvalə olunub. O, sabahdan işinə başlayacaq. İkinci dövrənin sonun 4 tur qalıb. Həmin müddətə qədər “Keşlə”yə rəhbərlik edəcək. 

- Zaur Svanadzenin istefaya göndərilməsi sırf nəticələrə görə oldu, yoxsa başqa amillər də var? 

- Qarşılıqlı razılığa gəldik ki, müqaviləyə xitam verək. Onu çağırdıq, işinə görə təşəkkür etdik və bu dəyişikliklərə qərar verdik. 

- Svanadzenin işində narazılıq doğuracaq nə var idi? 

- İşlər gedirdi, lakin bu, futboldur, futbolçu dəyişikliyi də olur, baş məşqçi dəyişikliyi də. Bu cür məsləhət oldu. Komanda son 4 oyunda uduzdu, 1 qol da vurmadı. Həm də Svanadze özü də deyirdi ki, yorulmuşam, evə qayıtmaq istəyirəm. Yəni, ciddi narazılıq olmadı. 

- Futbolçular da yorulduqlarını deyirlər. Maaşlar yubandığı üçün bu cür vəziyyət yaranıb, yoxsa problem heyətin kasadlığıdır? 

- Düzdür, heyət sarıdan çətinliklər var. Transfer qadağası olduğundan, komanda eyni futbolçularla çıxış edir. Lakin bunu da 100 faizlik səbəb göstərmək olmaz. Sanksiya tətbiqi hər bir klubun başına gələcək işdir. Oynamalı idilər. Belə çıxır ki, yeni nəfəs lazımdır. Mən bu cür başa düşürəm. 

- Futbolçularda heç bir günah görmürsünüz? 

- Günahı hamıda görürəm. 

- Premyer Liqanın VI turunda “Zirə” ilə səfərdə 1:1 heç-heçədən sonra komandanın paltardəyişmə otağına daxil olaraq futbolçuları təhqir etdiyiniz iddia olunur. Bu nə dərəcədə doğrudur? Əgər belədirsə, bu insident “Keşlə”nin həmin matçdan sonra keçirdiyi 4 oyunun hamısında qol vurmadan uduzmasına səbəb ola bilərmi? 

- Xeyr, belə şey olmayıb. Soyunub-geyinmə otağında min söz-söhbət olur. Bunlar oyunların fasiləsi zamanı olan məsələlərdir. Amma təhqiredici şeylər olmayıb. Ona heç ehtiyac da yoxdur. 

- Ramiz Məmmədovun baş məşqçi postuna təyinatının əslində mövsümün əvvəlində gerçəkləşməli olduğu yönündə söz-söhbətlər var. Bunun bir “torbatikmə əməliyyatı” olduğu yönündə ittihamları necə qəbul edirsiniz? 

- Yenə deyirəm: Komanda Ramiz Məmmədova 4 oyunluq həvalə olunub. Baş məşqçi məsələsinə dekabrda qayıdacağıq. O zaman komandanın yerli və ya əcnəbi baş məşqçiyə tapşırılması bilinəcək. "Keşlə" mövsümün ilk yarısının sonuna qədər Məmmədova tapşırılıb. Başqa söhbət ola bilməz. O ki, qaldı "torba-morba"ya, bunların hamısı uydurma məsələlərdir. Klubun rəhbəri kimi bunu sizə rəsmən açıqlayıram. 

- Sizcə, Ramiz Məmmədovun təyinatı birmənalı qarşılanacaq? 

- Bizim komandaya nəticə lazımdır. 

- Onun nəticə verə biləcəyinə inanırsınız? 

- Dörd oyun qalıb da, gözləyək. Baxaq görək necə olur. Ramiz müəllim qısa vaxtda peşəkarlığını, bütün bacarığını ortaya qoymalıdır. Vaxt azdır. Komandanı çox pis durumda qəbul edir. Yenə deyirəm, son 4 oyunda qol vurulmayıb və komanda hamısında uduzub. Ramiz müəllimə də çətin olacaq. Ancaq nə etmək olar? Bu futboldur. Hər şeylə barışmaq lazımdır.

- “Araz” futzal komandasının UEFA Kubokunun əsas mərhələsində uğursuz çıxışı bir qədər gözlənilməz oldu. Bundan sonra tədbir görəcəyinizi söyləmişdiniz... 

- Gələn ilin yanvarında görəcəksiniz. Azərbaycanın Yüksək Liqasında ilk dövrə qurtarsın, sonra təbir görəcəyik. Hazırda əsas məqsəd milli komandanın gələn ilin əvvəlində Sloveniyada təşkil olunacaq Avropa çempionatının final mərhələsində uğurla çıxış etməsidir. Amma “Araz”da da çox ciddi, 90 faiz dəyişikliklər olacaq. 

- Belə çıxır ki, üzərinizə böyük iş düşür. Həm “Keşlə”də, həm də “Araz”da dəyişikliklər etməlisiniz. Buna gücünüz çatacaq? 

- Yəqin ki, çatar da. Bundan da ağır günlər olub, işləmişik. Belə məsələlər zaman və düzgün addımlar tələb edir. İnanıram ki, düzgün qərarlar verəcəyik. 

- Komandanızın “Keşlə” adi ilə ilk oyununa 4 minə yaxın azarkeş gəlmişdi. Lakin ilk yarıdan sonra onların çoxu tribunaları boşaltmışdılar. Onlar məcburi gətirilən insanlar idi? 

- Adamları məcburən başqa yerlərə gətirirlər. Heç kimi futbola məcburi gətirmək olmaz. “İnter”in adının dəyişdirilərək “Keşlə” olması keşləliləri də futbola cəlb edir. Bundan sonra da belə olacaq.

- Yenə ev oyunlarınızda çoxlu sayda azarkeş görəcəyik? 

- Təbii ki, hamı bu cür olmasını istəyər. Azarkeşsiz oyun futbol sayılmır. Lakin komanda da yaxşı çıxış etməlidir. Azarkeşləri matçlara uğurlu nəticələrlə cəlb etmək olar. Son oyun bizi çox məyus etdi. Komanda uduzmaqdan əlavə, heç bir oyun göstərə bilmədi. Acınacaqlı bir vəziyyətdir. Amma hər bir vəziyyətdən çıxış yolu var. Biz də bu yolu tapacağıq və komandamızın uğurları başlayacaq. Mən buna tam əminəm. Bu yöndə çox ciddi işlər gedir. 

- Əmək haqqı məsələsi nə yerdədir? 

- Hər şey qaydasındadır. Sentyabr ayı ödənilib, mükafatlar da gələn həftə veriləcək. Sizə açıq deyirəm: komandada pul söhbəti, narazılıq yoxdur.

0.26075315475464