Əlilliyi olan şəxslər: fiziki
məhdudiyyətdən sosial inteqrasiyaya

 

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan insanlara yönəlik böyük işlər görülür

 Fiziki məhdudiyyətli insanlar cəmiyyətdən təcrid olunduqlarını düşünərək, tənhalıq problemi yaşayırlar. Bu insanlara mütəmadi olaraq cəmiyyətin ayrılmaz hissəsi olduğunu xatırlatmaq, onların cəmiyyət üçün əhəmiyyətni dərk etdirmək lazımdır. Bununla bağlı cəmiyyət həyatının müxtəlif sahələrində psixoprofilaktik tədbirlər və maarifləndirmə işləri görülməlidir. Bu istiqamətdə maarifləndirmə işlərini çoxaltmaqda fayda var. Fiziki məhdud insanların cəmiyyətdən təcrid olmalarının bir çox səbəbləri var. Onların insanlarla təmaslarının məhdudluğu, qabiliyyətləri və bacarıqları daxilində olan işləri reallaşdırmaq imkanından məhrumluq, keyfiyyətli təhsil və tibbi xidmətdən yararlana bilməmək kimi hallar, bu insanların cəmiyyətə inteqrasiyasına mane olan amillərdir. Çünki bütün bunlar bu problemi olan insanların sağlamlığı, fiziki inkişafı, onların cəmiyyətdə şəxsiyyət kimi formalaşmaları və gələcək həyatlarında ictimai mövqelərini şərtləndirəcək xüsusiyyətlərdir ki, bu məsələlərin həlli də vaxtında və zamanında çözülməzsə, bu həyatı yaşamaq məcburiyyətində qalan insanların taleyi sual altında qalmış olar. Fiziki məhdud insanların problemlərinə təkcə tibbi nöqteyi-nəzərdən yanaşmaq doğru deyil, eyni zamanda onların hər birinin üzləşdiyi problemləri sosial amil kimi dəyərləndirmək lazımdır. Müxtəlif zamanlarda, fərqli layihələr əsasında bu mövzuda çox danışılıb, çox yazılıb. Lakin bunların arasında "Təcriddən inteqrasiyaya doğru" adlı bir layihə var, hansı ki, burada bütün dünya ölkələrinin sosial siyasətinin prioritet istiqamətini təşkil edən məsələ müzakirə olunur. Əsası 2011-ci ilin sentyabrında qoyulan bu layihənin məqsədi əqli və fiziki inkişafdan asılı olmayaraq, hər bir insana öz istedadını inkişaf etdirə bilməsi, tam şəkildə öz potensialını reallaşdırması üçün, keyfiyyətli təhsil və tibbi xidmət almaları üçün imkan yaratmaqdan ibarətdir. Hələ 2011-ci il sentyabr ayında Heydər Əliyev Fondu, Azərbaycan Hökuməti və UNİCEF-in birgə layihəsi çərçivəsində 20-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi "Təcriddən inteqrasiyaya doğru" mövzusunda keçirilən konfransda Mehriban xanım Əliyeva əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək verməkdən bəhs etdikdən sonra qeyd edib ki; "Biz hər birimiz fiziki məhdudiyyəti və əlilliyi olan insanlarımızın, xüsusilə də uşaq və gənclərimizin cəmiyyətə inteqrasiyasına, özlərini cəmiyyətin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın hər bir sahəsindən maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq. Bu proseslərin uğurla həyata keçməsi və bu yöndə olan məsələlərin tam həllini tapması dövlət orqanları ilə yanaşı, eyni zamanda, beynəlxalq təşkilatların dəstəyindən, qeyri-hökumət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətindən, onların birgə və səmərəli səylərindən də asılıdır. Bu baxımdan, fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsində problemlərin müzakirəsinə, nailiyyətlərin, fikir və təcrübələrin mübadiləsinə imkan yaradan bu kimi tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edirəm. İnanıram ki, bu kimi layihələr və konfranslar xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllində mühüm pol oynayacaq".

Bəli, Azərbaycan hökuməti hər bir sahədə olduğu kimi, ölkə vətəndaşlarının sosial müdafiəsi istiqamətində də mühüm uğurlar əldə edib. Ölkəmizdə əlilliyi və fiziki məhdudiyyəti olan istedadlı insanlara yüksək diqqət və qayğınınm göstərilməsi və onların yaradıcılıqlarının hərtərəfli dəstəklənməsi, mədəni-kütləvi tədbirlərdə iştiraklarının təmin edilməsi sahəsində Heydər Əliyev Fondunun gördüyü işlər təqdirəlayiqdir. Fondun "İnsanlara məhdudiyyət yoxdur" təbliğat kampaniyası olduqca təqdirəlayiqdir. Bu problemi olan insanların cəmiyyətə inteqrasiyasını sürətləndirən digər səbəblər barədə fikirini bizimlə bölüşmək üçün ekspert Kamran Əsədova müracət etdik. Ekspertin fikirlərinə görə - İstər orta, istərsə də ali məktəblərdə fiziki çatışmazlıqları olan şəxslər üçün lazımi şərait qurulmayıb. Eyni zamanda bu hal ictimai nəqliyyatda, yaşayış və ticarət obyektlərində də mövcuddur. Kamran müəllm dedi:- "Hesab edirəm ki, fiziki məhdudiyyəti olan şəxslər üçün ən vacib məsələ onların təhsil almaları ilə bağlı olmalıdır. Əgər onlar təhsil alsalar, fiziki çatışmazlığı olanlar daha çox göz önündə olacaq, onların cəmiyyətə inteqrasiyası istiqamətində əməli addımlar atılacaq. Son illərdə ölkə rəhbərliyinin təhsil sistemində apardığı islahatlardan gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik böyük işlər görülür. Qəbul edilən qanunvericilik aktlarına görə, əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə şıxış imkanının təmin edilməsi istiqamətində əməli addımlar atılıb. İlk növbədə qeyd edim ki, fiziki məhdudiyyəti olan insanların bu problemləri olmayan vətəndaşlarla birgə cəmiyyət həyatının sosial-iqtisadi və siyasi sahələrində bərabər iştirak edib, müəyyən imkanlara sahib olmaqları üçün onların ali təhsil alması çox vacibdir. Hesab edirəm ki, məcburi köçkünlər, şəhid ailələri və valideyinləri xəstə olan tələbələr təhsil haqqından azad olduqları kimi, əlil tələbələrə də, belə bir güzəşt tətbiq edilməlidir. Apardığım araşdırmalardan sonra məlum oldu ki, ölkə üzrə bu kateqoriyadan olan tələbələrin sayı heç 150 nəfər də deyil. Amma əlilliyi olub, maddi imkanı olmadığına görə ali təhsil almayan minlərlə tələbə adına namizəd şəxslər var. Bundan başqa, hazırda bütün ölkə üzrə fiziki məhdudiyyəti olan və olmayan şəxslər ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə bərabərhüquqlu imtahan verir. Birinci ondan başlamaq lazımdır ki, müəyyən əlillik dərəcəsi olan şəxslər qəbul imtahanlarını digər formatda verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan, sadə olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, təhsilin onlar üçün əlçatan olması tam təmin olunacaq. Düşünürəm ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompyuter və ya elektron resurslardan istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması vacibdir. Bu zaman onlar lazımi informasiyanı özləri rahatlıqla əldə edə bilərlər. Bu sahə üzrə tədqiqatlarıma əsasən qeyd edim ki, hazırda respublika üzrə inklüziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnklüziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrinin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Respublika üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir, Respublika ərazisində 13 məktəbəqədər müəssisədə inklüziv təhsilə cəlb edilən uşaqların sayı 78 nəfər, inteqrasiyalı təhsilə cəlb olunan uşaqlar 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilib. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən iki internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən üç internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır. Yəni biz onlara təhsil haqqları ilə bağlı güzəştlər etsək, bu heç də dövlət büdcəsinə yük olmayacaq. Əksinə, onlar işçi qüvvəsi kimi əmək bazarına daxil olub, bir sıra işlər görməklə ölkəyə xidmət edə bilərlər". Bəli, istər ekspertlərin fikirlərindən, istərsə də öz müşahidələrimizdən gəldiyimiz qənaətə əsasən deyirik ki, sürəttə inkişaf edən ölkəmizdə yaşayan əlil şəxslərin cəmiyyətdən təcid olunmasının qarşısının alınması və sosial infrastukturdan maneəsiz istifadəsi üçün bundan sonra da yeni-yeni müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək, həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün yeni məşğulluq imkanlarının artırılması məqsədilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artacaq. Bu şəxslərə informasiya və kommunikasiya texnologiyalarından faydalanmaq, kommunikasiya sistemləri vasitəsilə informasiya əldə etmək imkanları yaradılmalıdır. Fiziki məhdud bu insanların sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf strategiyası və 2016- 2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya kimi Azərbaycan xalqına və dövlətçiliyinə xidmət edən mühüm dövlət proqramları və layihələri mövcuddur ki, bunların da normativ hüquqi bazası mütəmadi olaraq təkmilləşdirilməlidir.

  Mahir Abbaszadə

 Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

0.15812587738037