"Millət necə tarac olur-olsun..."

 

Hər şeyin öz vaxtı, öz vədəsi var

 

Bəli əziz dostlar, hər şeyin öz vaxtı, öz vədəsi var. Heç birimiz bu fani dünyaya öz arzu və istəklərimizlə gəlməmişik. Heç kim də bizdən soruşmayıb ki, bu dünyaya gəlmək istəyirsən, yoxsa yox...

Ölüm də onun kimi, vaxtı, vədəsi gələndə özü səni tapacaq. Onu axtarmağın, aramağın da bir mənası yoxdur. O ki qaldı, öz xoşuna bu dünyadan köç etməyə-intihara, bu sadəcə olaraq, kəmhövsələ, səbirsiz və ən əsası da ruhən zəif insanların əməlidir.

Bəlkə də, bütün bunların yazacağım yazıya heç bir aidiyyəti yoxdur, amma var. Buna görə də, girişi belə başladım.

Son zamanlar bir çox saytlarda, qəzetlərdə Londonda bir azərbaycanlı xanımın həbs olunmasından, onun lüks yaşantılarından, keşməkeşli həyatınadan silsilə dastanlar yazırlar. Bu yazılarda bir sevinc hiss olunur. Sanki bütün bu yazı müəllifləri bir azarbaycanlı xanımın həbsindən çox məmnundurlur. Yazarlar onu barəsində müxtəlif fərziyyələr, ehtimallar irəli sürür, müzakirələr açır. Niyə, nə üçün? Bax, bunu heç cür anlaya bilmirəm. Bəlkə bu xanımın həbsindən sizlərə nə isə çatacaq, yaxud Britaniya hökuməti ondan müsadirə etdikləri puldan sizə pay verəcək?

Əzizlərim, inanın mənə, bunların heç bir olmayacaq. Buna 100 faiz əmin olun.

Diqqət edin, bu xanımın həbsinə səbəb kimi, Britaniyada ilk dəfə tətbiq olunan "İzahedilməz Sərvət Sərəncamı"(UWO) göstərilir. Yəni, azərbaycanlı xanımın həbsinə səbəb, onun xərclədiyi pulların mənbəyini izah edə bilməməsidir. Burada çox maraqlı bir məqam ortaya çıxır."İzahedilməz Sərvət Sərəncamı"(UWO) ilk dəfə nə üçün, məhz azərbaycanlı xanıma qarşı tətbiq edilir?

Heç kimə sirr deyil ki, Britaniya dünyanın, ələlxüsus da prossovet məkanından çıxan bir çox oliqarxların, məmurların, deputatların, eləcə də ərəb şeyxlərinin, kriminal qruplaşmaların çirkli pullarının leqallaşdırıldığı məkan kimi tanınır. Dünyanın ən bahalı yaşayış məkanlarının mövcud olduğu London şəhəri isə varlı və harın insanların yaşadığı yerdir. Ancaq nədənsə, "İzahedilməz Sərvət Sərəncamı"(UWO) ilk dəfə azarbaycanlı xanıma qarşı tətbiq edilir. Azərbaycan mediası da, bunu bəhbəhlə reklam edir. Elə bil bütün dərd-sərimiz Zamirə Hacıyevadır. O, həbs olundusa, məmləkətimizin bütün problemləri həllini tapacaq.

Zamirə Hacıyevanın həbsi barədəki məlumatlarda mənim diqqətimi daha çox cəlb edən məsələ bilirsinizmi nədir? Nə üçün məmləkətimizdə də "İzahedilməz Sərvət Sərəncamı"(UWO), yaxud ona oxşar qanun qəbul olunmur? Əslinə qalanda, son illər ölkəmizdə baş verənlər belə bir qanunun vacibliyini bütün çılpaqlığı ilə ortaya qoyub. Bəlkə ölkəmizdə izaholunmaz sərvət sahibi olan insanlar yoxdur? Var və onların sayı heç də Britaniyadakından az deyil, sadəcə olaraq izaholunmaz sərvətlərin miqdarında fərq ola bilər.

Mənim bildiyim qədəri, ölkəmizdə ən yüksək maaş alan məmur, baş nazirdir ki, onun da maaşı səhv etmirəmsə, təxminən 6 min manata yaxındır. Bu da ildə təxminən 72 min manat edir. Görəsən, bu məbləğdən də aşağı halal maaş alan hansı bir məmur, həmin pulla övladlarına milyonlarla dəyəri olan villalar, yüzminlərlə manat dəyərində avtomobillər, yaxtalar ala bilər? Alırsa da, onun mənbəyini izah edə bilirmi? Onu da diqqətinizə çatdırım ki, həmin şəxslərin də böyük əksəriyyətin xanımları, övladları əcnəbi ölkələrdə lüks həyat yaşayır, təhsil alır və ölkəmizdə baş verənlər onları əsla maraqlandırmır.

 Çox maraqlıdır ki, onların arasında özlərini müxalifət liderləri adlandıranların da övladları və yaxınları var.

Həmin insanların həyat tərzi, yaşam səviyyələri hansı qanunlarla tənzimlənir, yaxud izah olunur?

Sadə bir misalı, bu gün ölkəmizdə elə uşaq bağçaları var ki, orada bir uşağın saxlanması, valideyinlərinə ayda 1000-1500 manata başa gəlir. Elə tam ümumtəhsil məktələri var ki, aylığı 2000-3000 min mantdır. Əgər biz, orada oxuyan uşaqların valideyinlərinin maaşlarını Dövlət Sosial Müdafiə Fonduna köçürülən ödəmələr konteksində nəzərdən keçirsək, çox dəhşətli faktlarla üzləşərik. Ortaya çıxacaq ki, iki övladının təhsil ödənişləri üçün 5-6 min manat ödəyən valideyinin rəsmi maaşı maksimum 500-1000 mantdır. Həmin insanların yaşam tərzini, sürdüyü avtomobilin dəyərini və digər xərcləri də hesablasaq, böyük bir məbləğ alınacaq. Həmin şəxs maaşdan əlavə gəlirlərin haradan əldə olunduğunu izah edə biləcəkmi, əcəba!?

Bu yaxınlarda bir məmurun ərköyün balasını yol polisləri sərxoş halda avtomobili idarə edərkən sağlayıblar. Deyilənlər görə, 19-20 yaşında olan

bu cocuğun idarə etdiyi avtomobilin dəyəri, 300 min manatdan yuxarı olub. Hesab edək ki, onun atasının aylıq maaşı 3 min manatdır. Belə çıxır ki, həmin məmur oğlu dünyaya gələn gündən maaşının tam yarısın yağıb ki, oğlu 20 yaşına çatanda ona 300 min manatlıq maşın alsın. İnanan daşa dönsün! 

Britaniya da düşüb Zamirə xanımın dalınca ki, bəs, bu qədər bədxərclik olmaz, bu pulları haradan qazanmısan? Burada maraqlı bir sual ortaya çıxır, hörmətli Britaniya, sən nə üçün bu sualı Zamirə xanım ölkənizə gələn kimi vermədin? Çünki marağınızda deyildi.

Marağınızda olsaydı, elə o zaman onu ölkənizə buraxmazdınız. Artıq anlamısınız ki, Zamirə xanımı "pulkəsən maşını" xarab olub, qərarlaşdırmısınız ki, onu olan -qalanını da əlindən alıb, oyundan çıxarmaq lazımdır.

Bizə hələ uşaq ikən anladıblar ki, kapital, yəni pul aləminin çox sərt qanunları var, bu qanunlardan sapmanın da, çox ağır bədəli olur.

Zamirə xanım da sədə bir məktəb müəlliməsi olub. Birdən-birə əlinə həddi bilinməyən fürsət düşüb və çaşıb. Bu gün də həmin çaşqınlığın bədəlini ödəmək zorundadır.

Bununla belə, Zamirə xanım nə dövlət məmurudur, nə deputatdır, nə də kriminal aləmlə əlaqəsi var, sadəcə əri uzun müddət bankir olub, xanımı üçün pur ayırıb, o da xəcləyir, bunun kimə nə dəxli var?

Digər tərəfdən, Zamirə xanımın əri hansısa bir cinayət edibsə, onun  cəzasını da çəkir. Onun cinayət əməlinə görə, Zamirə xanım məsuliyyət daşıya bilməz ki!

Bu gün kiçik bir araşdırma aparsaq məlum olacaq ki, ölkəmizdə vəzifə başında olan məmurların, parlamentdə təmsil olunan deputatların 70-80 faizi izaholunmaz sərvət sahiblridirlər. Bəs onları kim, nə vaxt, necə məşhər ayağına çəkib, sərvətlərini haradan əldə etdikləri baradə izahat tələb edəcək?

Bu tip sualların sayını istənilən qədər uzatmaq olar, ancaq, necə deyərlər, "görünən dağa nə bələdçi".

Son zamanlar ölkə mətbuatında geniş müzakirə olunan əsas mövzulardan biri, həm də korrupsiya və rüşvətxorluqdur. Bu bir aksiomdur, nə qədər ki, rüşvət, korrupsiya, inhisarçılıq kimi  eybəcərliklər ölkəmizdə mövcuddur, harın balaları da olacaq, qudurmuş məmurlar da, Zamirə Hacıyeva kimi, dövlətin, xalqın pullarını talayıb, London, Paris, Çikaqo küçələrinə tökənlər də...  

Ən əsası çalışmaq lazımdır ki, ölkəmizdə bu bəlanın kökü kəsilsin.

Bu təkcə dövlət başçısının vəzifəsi deyil, Onun etimad göstərdiyi məmurların, Prezidentin özünün köməkçiləri adlandırdığı, hər zaman qayğı və diqqət göstədiyi jurnalistlərin də vəzifəsidir.

İlk növbədə prezidentin etimad göstərdiyi məmurlar çalışmalıdılar ki, bu yüksək etimadı doğrultsunlar.

Prezidentin son kadr dəyişiklikləri də sübüt etdi ki, bir çoxları onlara göstərilən etimadı doğrulda bilməyiblər və bununla da həm prezidentə, həm də Azərbaycan xalqına xəyanət edibər. Onların taladıqları milyronlar isə artıq çoxdan əcnəbilərin rifahının yüksəlişinə xidmət edir. Zamirə Hacıyeva sadəcə olaraq bir epizoddur. "Millət necə tarac olur-olsun..." prinsipi ilə yaşayan məmurların isə axırı çox qaranlıq görünür.

Yazımın əvvəlində qeyd etdim ki, biz nəkarəyik, həyatımızı planlaşdıraq, hər şeyin öz vaxtı, öz vədəsi var, bir az tez, bir az gec...

Sonda yolunu azan, nəfsinin quluna çevrilən bəzilərinə bir xatırlatma.

Dünən sadə sahibkarlara, iş adamlarına, biznesmenlərə qan udduran, qazanclarını əlindən alıb, harın, meşşan həyat sürən MTN generallarının aqibətini xatırlayın. Əlilliri, təqaüdçüləri, sosial yardıma ehtiyacı olanları dilənçi gününə salan Səlim Müslümovu, vergilir naziri Fazil Məmmədovu, Nəqliyyat naziri Ziya Məmmədovu da hərdən yada salın . Axı onlar bir müddət əvvəl sizin həmkarlarınız, dostlarınız olublar. Bütün bunları xatırlayadan sonra, zəhmət olsa belə, bir öz əməllərinizi də təhlil edin. Hər şeyin öz vaxtı, öz vədəsi var.

Bəli, hər şeyin öz vaxtı, öz vədəsi var, məni daha çox naraht edən bilirsinizmi nədir? Zamirə xanımın o gözəl-göyçək küçüyü, Əcaba onun taleyi necə olacaq? Britaniya hökuməti, görəsən bu barədə heç fikirləşibmi? Sadə insanların yuxulanıda belə görmədikləri təamlarla qidalanan, daim nəvaziş görən bu küçüyün günahı nə? O nə pul oğurlayıb, nə də xərcləyib!

Dünya heyvansevərləri bu küçüyün hüquqlarının müdafiəsinə qalxsa, Britaniya hökumətinin vəziyyəti heç də yaxşı olmayacaq.

 

P.S. Kimliyindən, əməlindən asılı olmayaraq bir azərbaycanlı qadının həbs olunması, heç də sevindirici bir hal deyil. Heç mentilitetimizə də uyğun gəlmir. Başqasının faciəsinə sevinməzlər.

 

Yusif Seyid

0.24086308479309