Özünün cərraha ehtiyacı olan Azərbaycan səhiyyəsi...

 

Azərbaycan səhiyyəsindəki vəziyyət günü-gündən acınacaqlı duruma düşür.
Sağlamlıq məqsədilə ölkədən valyuta axını sürətlənir. Hətta vəziyyət o həddə çatıb ki, müayinə, müalicə və əməliyyat üçün xəstələrin istiqamətləndirilməsi üçün nümayəndəliklər də yaradılıb. Artıq səhiyyəmizdən istənilən anlayışlı şəxs özünü ölkə tibbinə etibar etmək istəmir.Acınacaqlısı isə odur ki, bir zamanlar Azərbaycan səhiyyəsininə nikbin yanaşan tibb təhsilli gənclər belə artıq bu sahənin gələcəyini yaxşı xarakterizə etmirlər.

Düzdür,bir neçə gün əvvəl saytlarda rəsmi məlumat yayıldı ki,ölkə səhiyyəsinə etimad artıb,bu səbəbdən də respublikamızda olunan tibbi əməliyyatların həcmi 3 dəfə çoxalıb.

Bir müddət əvvəl Faktinfo.az bu sahədəki acınacaqlı vəziyyətə təkrar-təkrar toxunub.Bildirilib ki,səhiyyənin bərbad vəziyyətdə olması ölkənin milyonlarla manat varidatının xaricə daşınmasına səbəb olur. Ölkə vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa ölkələrinə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə yollanır. Respublikamızdan milyonlarla manat vəsait səhiyyə məqsədilə çıxarılır. Amma ölkəmizə müayinə və müalicə üçün gələn demək olar ki, yoxdur,səhiyyə turizmi ölü nöqtədən tərpənmir.

Uzun müddətdən bəri toxunduğumuz məsələ görünür indi yada düşüb ki,bu istiqamətdə təbliğata başlanılıb. Artıq millət vəkilləri də hərəkətə keçib.Amma bu quru təbliğatın arxasında əməli iş dayanmırsa, bunun bir nəticəsi olmayacaq.

Məsələ burasındadır ki,Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqqının 4500 manat, rezidenturada oxumağın qiyməti isə 4000 manat olması vəziyyəti daha da çətinləşdirir. Bundan başqa, universitetə qəbul planının aşağ salınması, dövlət hesablı plan yerlərinin iki dəfə azaldılması istedadlı əyalət gənclərinin, imkanı aşağı olan ailələrin uşaqlarının Azərbaycan Tibb universitetində oxumalarına bəri başdan yaradılan maneə və əngəldən başqa bir şey deyildir. Amma bunları nəzərə almayan cavabdeh şəxslər ATU-da uğurlardan danışırlar. “Tələbələrin müəllimlərə qiymət verəcəyini” islahat kimi qələmə verərək saytlar vasitəsilə təbliğat aparırlar. Gülünc deyilmi? 
Niyə 35-40 min manat müqabilində Tibbi Profilaktika fakultəsindən(“Sanfak”) Stomatologiya fakultəsinə tələbə köçürməsindən danışan yoxdur? Bu barədə ATU-nun fakultələrinə aid onlarla fakt sadalaya bilərik.Eləcə də bu gün ATU-da “ailə ansamblı” yaradılmasına da göz yumulur. Belə bir şəkildə yetişdiriləcək gələcək nəsillər üçün tibbi personal?
ATU-nun nəzdində olan tibbi müəssisələrdəki bərbad vəziyyəti də bütün çılpaqlığı ilə ortaya qoymağın vaxtı çoxdan çatıb.
“Bəs illər sonra ölkənin tibb müəssisələrində kadr çatışmazlığı yaşanmayacaqmı” sualı ətrafında gəzişərkən təəssüfləndirici hallar ilə qarşılaşırıq. Sən demə, artıq səhiyyəmizə cavabdehlər kadr potensialını “tibb diplomu”nu ölkə hüdudlarından kənarda əldə edənlərin hesabına təmin edirlər.Belə ki,gələcək üçün savadlı kadr çatışmazlığı problemi adını Gürcüstan,Ukrayna və digər postsovet respublikalarının tibb universitetlərinə yazdırıb “diplom” əldə edənlərin hesabına indidən “həll edilir”. 
Onu da bildirək ki, Gürcüstandan, Ukraynadan “diplom” alanlar 30 min manata diplomlarını tanıtdırıb, həmin məbləğ qədər də rüşvət hesabına dövlət hesablı tibb müəssisələrimizdə işlə təmin olunurlar. Eləcə də, ATU-da ödənişli şəkildə oxuyanların sayı-hesabı yoxdu. İstedadlı əyalət gəncliyi isə tibbi təhsil almaq məqsədilə ölkədən çıxır, əksər hallarda da geri qayıtmırlar.
Azərbaycan səhiyyəsi beləmi inkişaf edəcək? 

Araşdırmalarımız davam edir.

Mənbə Faktinfo.az

0.15915298461914