«Məndən deyil başqasına
həsəd aparan»

 

Həsəd Allaha üsyan edilən ilk və ən böyük günahlardan birinin adıdır. Onun əsasını Adəm(ə)-yə həsəd aparan İblis qoyub. Və sonra da Adəm(ə)-nin oğlu Qabil öz qardaşı Habili həsədindən öldürüb. Məgər minlərlə alim, üləma, sərkərdə, dövlət və ictimai-siyasi xadim həsədin qurbanı olmayıbmı? Bu mərəzin törətdiyi bəlalar barədə deyilib: “Bütün dərdlərin ən pisi və bəlalısı olan həsəd” (həz. Məhəmməd) “nifrətə nisbətən daha barışmazdır” (Laroşfuko).

 

Həsəd və paxıllıq: oxşar

və fərqli cəhətlər

 

İnsanlar arasında nifaq və ixtilafa, kin və ədavətə səbəb olan bu mərəz həm həqiqət və hikmət, həm dini və dünyəvi, həm də fərdi və ictimai həyat baxımından çox çirkin və küdurətli bir işdir. Bu toxumun daşıyıcısı ilk növbədə özünə, sonra başqasına və nəhayət ilahi rəhmətə zülm və təcavüz etdiyinə görə, həcəd bəşər üçün zəhər və mərəzdir. Əgər ədavət həsəddən doğarsa, artıq o, əzabdır. Çünki həsəd ilk növbədə hasidin (paxılın, həsəd aparanın) qəlbini gəmirib onu məhv edər. Məhsuda (həsəd edilənə) onun zərəri ya az olar, ya da heç olmaz. Dini və dünyəvi ədəbiyyatda çox vaxt “həsəd” və “paxıllıq” sözləri eyniləşdirilsə də, fəqət həmin terminlər fərqli mənalar kəsb edir. Paxıllıq – başqasındakı hər hansı üstünlükdən əziyyət çəkmək, ondakı nemətlərin yox olmasını arzu etmək deməkdir. Paxıla paxıllıq etdiyi adamın əldə etdiyinin iki mislini versələr, o buna razı da ola bilər və sevinər ki, mövqeyi paxıllıq etdiyi adamın mövqeyindən üstün olacaq. Həsəd xəstəliyinə mübtəla olan şəxsə isə desələr ki, “Onunki onda qalsın, gəl sənə onunkinin 100 mislini verək”, həsəd aparan nəinki buna razı olar, o hətta həsəd apardığı adamın müflisləşməsi üçün bütün sərvətini xərclər. Başqa sözlə, paxıldan fərqli olaraq hasid özünün durumunun yüksəlməsini yox, məhsudin pisliyini- mənəvi və fiziki uçurumunu arzular. Şeytanın tələsinə tuş gəlib sağalmaz həsəd mərəzinə düçar olanların yuxusu ərşə çəkilər, onlar həmişə fikirli, qəmli və dərdli olarlar. Həmin səbəbdən Peyğəmbər(ə) buyurub: “Həsəd dərddən betərdir; bilin ki, alov odu yandıran kimi, həsəd də bütün yaxşı əməlləri yox edər. Həsəd etməkdən çəkinin”.

Həsəd edən şəxs, Allahın ona verdiyi dəyərlərə razı olmayan insan olduğu üçün Rəbb də ondan razı qalmaz. Bu səbəbdən həmin şəxs həm dünyada, həm də axirətdə zərər içində olar. Həmin mərəzə tutulanlar iman, elm, səhhət və sərvət kimi ilahi nemətləri dəyərləndirərkən məsələyə əks tərəfdən baxarlar. Onlar əvvəl sərvət və məqama, sonra isə səhhətə baxarlar. Belə insanlar üçün elm və iman ikinci dərəcəlidir. Əslində bu, qəribə sirr və hikmətdir. Belə insanlar dünyada var-dövlətə sahib olsalar da, xeyirli alim, vəli və həqiqi varlığa qovuşan saleh insanlar ola bilmirlər.

Həsədin fərd və cəmiyyət üçün illət (xəstəlik) və zillət (rüsvayçılıq) olduğunu açıqlayan Rəbbimiz müqəddəs kitabımızda peyğəmbərinə xitabən buyurur: “(Ya Məhəmməd!) De ki, sübhün Rəbbinə sığınıram: yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib, düyün vuran) qadınların şərindən və bir də hasidin şərindən!” (Fələq 1-5). Surədə diqqət çəkiləsi məqam kəlamın “Allahın yaratdığı şərlərdən” yox, “yaratdıqlarının şərindən” şəklində ifadə olunmasıdır. Surədən göründüyü kimi, Allahın “yaratdıqlarının şərindən” olanlardan biri də həsəd aparan hasidin şəridir. Bu yaramaz mərəzdən fərd və toplumun imtina etməsi məqsədilə Məhəmməd (ə) buyurub: “Məndən deyil başqasına həsəd aparan”.

Həsəd xəstəliyinin təməlində həsəd edilən şəxsi və onun əlindəki dünya nemətlərini əbədi zənnetmə qəfləti durur. Ağıl və idrak isə həqiqətin belə olmadığını deyir. Lakin hissiyyat hökmünü verəndən sonra zavallı ağıla əyilməkdən başqa nə qalır ki? Hasid həsəd etdiyi şeylərin aqibətini düşünməli və anlamalıdır ki, rəqibindəki sərvət, qüvvət, mərtəbə və s. nemətlər fani və keçicidir. Müəyyən müddətdən sonra həsəd edən də, həsəd edilən də mehmanxana adlanan bu dünyanı tərk edəcək və həsədə səbəb olan dünyəvi mövqe və məqamlar, var-dövlət də başqa insanların əlinə keçəcək, nəticədə onlar heç kimin həqiqi dostu olmayacaq. Necə ki, deyiblər: «Dünya xınalı gəlinə bənzər. O, hamıya göz edər, fəqət heç kimə getməz».

 

Haram ilə varlananın əlindən sərvətin getməsini istəmək həsəd deyil

 

Həsədin imanın əsaslarından biri olan qədərə etiraz tərəfi də var. Bu həssas məqama diqqət çəkdirən Rəbbimiz buyurub: «Yoxsa onlar Allahın öz nemətindən verdiyi şeylər üçün insanlara həsəd aparırlar?» (Nisə, 54).

Əgər insan müəyyən nemətə qovuşmaq üçün əlindən gələn qeyrəti göstərib qanun çərçivəsində çalışaraq, əməl və sözü ilə Rəbbinə dua ilə həmin nemətlərə sahib çıxarsa, digər şəxsin vəzifəsi o nemətə özü sahib olmuş kimi sevinməkdir. Ayədəki «Allahın öz nemətindən verdiyi» ifadəsinin çox böyük hikməti var. Belə ki, Quran təfsirçilərinin hamısı qanuni (məşru, halal) olmayan qazanclara həsəd edilməsinin vacibliyini vurğulayaraq «haram ilə varlanan şəxsin əlindən həmin dövlətin getməsini arzu etmək həsəd deyil, qeyrət, ədalət və cihaddır» deyiblər. Deməli, «xalq adından danışan» və xalqın malını (beytülmal) oğurlayan, Z.Tağıyevlərin, Fordların, Rokfellerlərin halal zəhmətlə uzun illər qeyrət göstərərək yığdıqları sərvətlərin yüz mislini 3-5 ildə haram yollarla əldə edən münkirlərin gəlir mənbələrini müəyyən etmək və onlara ədalətli ictimai rəy vermək həsəd yox, qeyrət və Allah naminə edilən cihaddır.

Z.Tağıyevlərdən fərqli olaraq, xalqın lənətinə tuş gələn və Quranda cəhənnəmlə müjdələnən belə haramxorlar ölərkən onların oğurladığı sərvətlər yer üstündə quduz mirasçıları tərəfindən dağıldığı zaman, torpaq altında onların cəsədləri də həşəratlar tərəfindən parçalanır. Paralel gedən hər iki proses məna və mahiyyətcə eynidir. Cəsəd parçalanıb yeyilir, haram sərvət isə dağıdılır. Bu halı dəhşət və vəhşətlə seyr edən oğruların ruhları bəlkə də, əllərini dizlərinə vurub: «Əfsus, əfsus» demək istəyəcəklər. Fəqət artıq ortada nə əl var, nə də diz. Nə isə… Həm də həya abidəsi kimi yaddaşımızda yaşayan mərhum akademik Xudu Məmmədov demişkən, «xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olarsan»

Həsəd «Allahın öz nemətindən verdiyi» halal sərvəti, məqam və ya fəziləti digər şəxsin gözü götürməmsi, paxıllığıdır. Bu dəyərlərin mömindən alınması arzu etmək isə iman baxımından qədəri tənqid, ilahi rəhmətə etiraz etmək deməkdir. Elə bu səbəbdən həsəd və düşmənçilik yolunu tutanlar üçün deyilib: «Qədəri tənqid edən başını daşa vurub boynunu qırar. Rəhmətə etiraz edən də rəhmətdən məhrum olar».

İnsan bir başqasının nail odduğu maddi və mənəvi ehsanı özünün qazanmasını arzu edə bilər ki, bu da həsəd yox, qibtə adlanır. Fərd Xaliq və xalq bəyənən qibtəsini real işə çevirirsə, artıq bu, ədalətli rəqabət, sağlam yarışmaya səbəb olur. Və sözsüz ki, belə yarışmadan fərd də, cəmiyyət də, dövlət də yararlanır. Əgər paxıl el qınağından ehtiyatlanaraq bəzən “mən paxıllıq yox, qibtə edirəm” deyirsə, hasid məkrini gizlətmir. Yəni həsəddə təməl prinsip hasidin özünün zəngin olması deyil, halal zəhmətlə qazanan varlının kasıb olması arzusu və el tənəsindən qorxmayaraq bu istəyi həyata keçirmək cəhdidir. Bu isə ancaq münafiqlərə xas olan sifətdir.

 

Nəticə

 

Dünyəvi nemət və üstünliyə malik olmaq insanın iman və kamalına dəlil olmaz. Belə olsaydı, bütün varlılar ağıllı və saleh, kasıblar isə fasiq və nadan olardı. İlahi həqiqət bundan ibarətdir ki, dünyəvi nemətlər bir imtahandır və o, hər kəsdən fərdi götürülür. Bu dünyada çalışaraq qanuni, halal yolla zənginləşmək və ya məqam sahibi olmaq, əlbəttə, bəyənilən işdir. Zira İslama görə, qeyrət göstərib çalışmaq çox bərəkətli ibadətdir. Bu ibadət cavabsız qalmır. «İnsana ancaq öz əməli, öz zəhməti qalar. Şübhəsiz ki, (qiyamət günü) onun əməli, zəhməti görünəcəkdir. Sonra da ona əməlinin tam əvəzi veriləcəkdir». (Nəcm, 39-41).

Lakin axirətlə müqayisədə dünyəvi nemətlərin ömrü az, zəhməti çoxdur. Onlar həm də keçici və fanidr. Önəmli olan bu yol sonluğunun fəzilətli olmasıdır. O ki qaldı, bəzən çox çalışmağa rəğmən dilədiyimizə nail ola bilməməyimizə, yaddan çıxarmamalı ki, hadisələrdə qədər də hakimdir. Bu zaman vəzifəmiz Allahın təvəkkül yolunu tutaraq «barəmdə belə xeyirli imiş» deyib, ilahi təqdirə razı olmaqdır. Əks halda, həsədlə ruh dünyamızı zədələmiş olduğumuz kimi, sonda şeytana alət olub qədərə etiraz təhlükəsi ilə qarşılaşa bilərik. Bunun isə zərəri həm çox böyük, həm də əbədidir.

P.S. Bəzi din qardaşlarımız yeməli-içməli şeylərdə çox diqqətli olub, şübhəli şeylərdən imtina edirlər. Şəriət baxımından belə davranış bəyənilən bir işdir. Lakin həmin şəxslərin bəziləri Quranın birmənalı qadağan etdiyi şeylərin fərqinə varmırlar. Onlar rahatca həsəd aparırlar, qeybət edirlər, yalan danışırlar və s.

 

Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

0.15718102455139