"Qartalın başı" Xəzərdə
batacaq bir gün

 

Bayıl niyə sürüşür?

 

Ötən bazar günü bir məclisdə üç ekoloqun əhatəsinə düşmüşdüm, onlar müzakirə apardıqca, məni soyuq tər basırdı. Amma onlar bu müzakirəni elə soyuqqanlıqla aparırdı ki, elə bil on ların söylədiklərinin yaşadığımız Bakı şəhərinə - Abşeron yarmadasına heç bir aidiyyatı yoxdur, söhbət hansısa Afrika şəhərindən gedir. Düzdür, onlar məsələnin siyasi məsuliyyəti barədə deyil, sırf coğrafi-seysimoloji tərəfini dartışırdılar, amma onlar nəticəyə gəldikcə, mən siyasi məsuliyyəti beynimdəki vritual "cədvəlim"də təsnifləşdirirdim. İstərdim həmin o müzakirənin nəticələrini oxucularımla bölüşüm, çünki hazırda Bakıdakı sürüşmələr barədə danışanlar, müstəqil ekoloqların göstərdiyi əsas problemin adını belə dilə gətirmirlər.

Belə ki, şəxsən mən son sürüşmə hadisəsi barədə eşidəndə beynimdə belə bir fikir yarandı ki, Bayıl dağlarının yamacında və zirvəsində yeni evlər tikən acıgöz insanlar bizi bəlaya salır - Bayıl-Badamdar yolu bağlanıb, indi "Jurnalistlər Evi"ndən "Azərbaycan" nəşriyyatına çatana qədər avtobusda bir yuxu almalı oluruq.  Sən demə, mənim üzləşdiyim və daha çox barəsində düşündüyüm problem adi məişət qayğısıdır, əsas problem isə paytaxtın altında mürgüləyən və hər an partlamaq təhlükəsi olan "mina"dı. Ekoloqların fikrincə, yamac və zirvələrdə tikilən binaların sürüşmə səbəbi, yalnız onların özülünün ana süxura bağlanmamasıdır. Fərdi ev tikən heç bir vətəndaş evinin özülünü ana süxura bağlaya bilmir. Ona görə ki, dağlıq ərazidə gil qatı varsa, ana süxur azı 5-6 metr, bəzən daha çox dərinlikdə olur. Həmin süxura çataraq özül bərkmək vətəndaşa baha başa gəldiyindən heç kim bunu etmir. Digər tərəfdən, həmin ərazilər yenişli-yoxuşlu, çətin relyefli olduğundan orada kanalizasiya sistemlərini qurmaq da çox baha başa gəlir, bəzən isə heç mümkün olmur. Dünya təcrübəsində belə relyeflərdə ana süxur bir metirdən çox dərinlikdədirsə, orada fərdi ev tikintisinə icazə verilmir. Çünki süxur dərinlikdə olanda torpağın bir neçə gil qatı olur ki, həmin laylar sürüşməyə həssasdır. Çirkabdan süzülən və yağış suları isə belə sürüşmələri stimullaşdırır. Müstəqil ekoloqların fikrincə, hazırda Bayılda baş verən sürüşmənin əsas səbəbi budur. Düzdür, burada dağın seysimik aktivliyi də müəyyən rola malikdir, yəni ilbəil Bayıl təpəsində az da olsa qalxma qeydə alınır. Ona görə ki, bu zonada dağəmələgəlmə prosesi gedir.

Mən bu nəticələri eşidəndən sonra belə  bir qənaətə gəldim ki, Bakı Şəhər İcra Hakimiyyəti öz inzibati nəzarət funkisiyyasını yerinə yetirə bilməyib, və vətəndaşların qeyri-qanuni və təhlükəli zonalarda məskunlaşmasına göz yumub. Hətta, fikirlər səsləndirilir ki, həmin vətəndaşlardan həyatlarını təhlükəyə atdıqlarına görə rüşvət də alıblar. Halbuki, BŞİH və digər inzibat qrumlar bütün vasitələrdən istifadə edərək əhalinin həmin ərazilərdə məskunlaşmasına imkan verməməliydilər. Belədə isə görünəni odur ki, kimlərsə vətəndaşların həyatını kütləvi riskə ataraq, bundan milyonlarla mənfəət əldə ediblər.

 

Paytaxtın altında

yatan bomba...

 

Sən demə, yuxarıda qeyd etdiyimiz, Abşeron iqtisadi rayonunun ən xırda gealoji problemidir. Əsas problemi isə son illər Bakıda ucaldılan göydələnlər yaradıb. Belə ki, yeni binalar tikilərkən onun özül katlavanını su başmasının yəqin ki, hamınız müşahidə etmisiniz. Binaların böyük əksəriyyətinin özülü atılanda dərənin suyunu nasoslarla çəkib kanalizasiyalara axıdırlar. Bu iş əvvəllərdə belə olub, elə indi də bu cür davam etdirilir. Mütəxəssislər bildirirlər ki, hansı binanın özülündən su çıxırsa və buna baxmayaraq, bina həmin yerdə suyu müvəqqəti çəkməklə tikilirsə, həmin bina Abşeronda gealoji problem yaradan kompanentdir. Sadə bir sual: Binanın özülü hörülənə qədər su nasoslarla çəkilib axıdılır, bəs sonra o su hara gedir? Əlbəttə, bu yeraltı suların bir təzahür formasıdır və özül onun qarşısında maneə kimi dayandığından su həmin ərazidə toplanır, bəzi hallarda isə istiqamətini başqa səmtə dəyişir. Abşeron yarmadasında mövcud olan həmin sular hal-hazırda idarə olunmur, onların müasir xəritəsi belə mövcud dleyil. Əvvəllər belə bir xəritə olub və hündürmərtəbəli binalar tikiləndə, həmin binalar üçün yer seçilərkən sözügedən xəritədən istifadə edilib. Bu səbəbdən də sovetlər dönəmində hündürmərtəbəli binaların özülü qazılarkən yerdən su çıxması çox nadir hallarda müşahidə edilirdi və həmin yerdə bininın tikintisi dayandırılırdı.

Mütəxəssislərin dediyinə görə, son illərdə tikilən göydələnlərin böyük əksəriyyəti yeraltı suların hərəkət etdiyi "çay"ların üzərində ucaldılıb. Həmin binaların özülü ya bu çayların istiqamətini dəyişib, ya da ərazidə toplanmasına səbə olub. İstiqamətini dəyişən su axınları bir çox hallarda keçmişdə tikilən köhnə binalara istiqamətlənib və onların zirzəmilərinin su basmasına səbə olub. Yeri gəlmişkən, qeyd edək ki, göydələnlərin də çoxunun zirzəmisini eyni səbəbdən sü basır.

Hazırda yarmadanın üzərində tikilən binaların özülləri qrunt sularının axınını 60-70 faiz bloklayıb. Bu səbəbdən də həm qrunt sularının axın sürəti bir neçə dəfə artıb, həm də səviyyəsi qalxıb. Nəzərə alsaq ki, proses hələ durdurulmayıb, deməli, yeraltı proseslər də inkişaf etməkdə davam edir. Yəni həm yeraltı suların səviyyəsi qalxır, həm də sürəti artmaqda davam edir. Mütəxəssislərin qənaətincə, proses davam edirsə, təhlükəli fəlakət halları da hər an baş verə bilər.

Müzakirə aparan ekoloqlardan biri yarızarafat, yarıgercək, gülümsəyərək dedi ki, bir gün "qartalın başı" Xəzər sularına qərq olacaq. O, uçan qartala bənzəyən Azərbaycan xəritəsinə və qartal başına bənzəyən Abşeron yarmadasına eyham vururdu.

 

Görünən kəndə

bələdçi lazım deyil

 

Yuxarıda qeyd edilən problemlərin təzəhürünü sadə və diqqətli vətəndaşlar da müşahidə edə bilərlər. Bir vaxtlar Yasamal rayonu ərazisində "Qanlıgöl" adlanan bir su yığnağı var idi. Bu gölün yaranması yeraltı suların axını ilə birbaşa bağlı idi. Görünür gölün ətrafında ucaldılan göydələnlər bu gölə axan yeraltı çayların istiqamətini dəyişdilər və nəticədə göl quruyaraq yoxa çıxdı. Heç kimi də "Qanlı göl"lün suyunun hara getdiyini bilmir, bəlkə də bilənlər var, hansısa səbəbdən susurlar... Hazırda "Böyük Şor" gölünün də kiçildiyi müşahidə olunur. Ancaq bu gölün də suyunun hara çəkildiyini heç kim bilmir...

Lakin son zamanlar Bakının küçələrində baş veriən gealoji dəyişikliklər, artıq gözləninlən fəsadlardan xəbər verir. Məsələn, artıq Bakının mərkəzi küçələrində uçqunlar və çatlar əmələ gəlir, hansı ki, bu ərazilərdə heç vaxt belə hallar müşahidə olunmayıb. Bununla yanaşı, Xırdalan şəhərinin bir sıra yerlərində, Sabunçu rayonunda və s. ərazilərdə qrunt suları üzə çıxmaqdadır.

Bilmirəm nə qədər doğrudur, ötən istirahət günü mənimlə həmsöhbət olan ekoloqlar hesab edir ki, Bakı hər an partlaya bilən "mina"nın üstündə yatıb! Mən ölkəmizin paytaxtında yaşanan bir problemin qısa şərhini verməyə çalışdım. Bu gün ölkəmizin bir çox bölgələrində də yer sürüşmələri nəticəsində insanların evsiz-eşiksız qalması, istifadəyə yararlı torpaqların yararsız hala düşməsi faktları rəsmi şəkildə açıqlanır.

Mən bu yazını yazmaqla, kimlərisə, nədəsə ittiham etməkdən çox uzağam. Sadəcə olaraq bilmək istəyirəm, ölkəmizdə baş verən və baş verə biləcək bu fəlakətlərə məsuliyyət daşıyan bir qurum, yaxud bir məsul şəxs varmı? Varsa, baş verənlər cinayətdir, yoxsa məsuliyyətsizlik, insan həyatına və ona tapşırılan vəzifəyə biganəlik?  Yoxdursa, niyə yoxdur və bu xaosun qarşısını kim almalıdır?

Bakıda aparılan abadlıq-quruculuq işləri çox gözəldir. Son on ildə ölkəmizin paytaxtı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Ancaq onu da bilmək lazımdır ki, gözəllik heç zaman fəlakətə və faciələrə səbəb olmamalıdır. Bakı şəhərində və onun ətrafında ev tikən, binalar ucaldan hər kəs baş verə biləcə bütün fəlakətlərin məsuliyyətini dərk etməlidirlər. Bu gün kimləsə, milyonlar qazanacaq deyə, dövləti milyardlarla xərcə salmaq yolverilməzdir. Bu şəhər bizimdir, bu şəhərdə biz yaşayırıq və əmin olmaq istəyiri ki, təhlükəsiz bir məkanda məskunlaşmışıq. Qədim əfsanələrdə belə rəvayət olunur ki, qartal ölümünə razı olar, amma heç zaman ram edilməz. Gəlin hamımız Qartalımızın özünü xəzərdə  qərq etməsinə yol verməyək.

 

Akif Nəsirli

0.27788496017456