Rüşvətxor məmurlar dövlətçiliyə təhlükədir

 

Öz gözündə tiri göürmür, başqalarının gözündə tük axtarır”
( atalar sözü )

Xalqımızın çox zəngin tarixi keçmişə malik olduğunu yeddidən yetmiş yeddiyə, hər kəs yaxşı bilir. Ata-babalarımız zəngin tarixi keçmişimizi, xalqımızın bütün mənəvi və maddi sərvətlərini göz bəbəyi kimi qoruyaraq bizlərə əmanət ediblər. Onlar zamanından və məkanından asılı olamyaraq, bu milli-mənəvi dəyərləri daim uca tutmuşlar, işğalçılara aman verməmiş, xarici istilaçıların torpaqlarımızı əsarət altında saxlayıb talamasına dözməmiş, gündəlik həyatda yaltaqlığın, alçaqlığın, rüşvətin, xalq malını talamağın, dövlətdə vəzifə tutub ondan özü, ailəsi, qohum-əqrabası və digərlər yaxınları üçün gen-bol şərait yaradaraq, sui-istifadə etməyin şərəfsizlik olduğunu qəbul etmiş və vəzifəli şəxsə şərəf qazandırmayan belə hallara qarşı mübarizə aparmağı vəsiyyət etmişlər. Azərbaycan tarixi ilə yaxından tanış olan hər kəs bilir ki, zaman-zaman işğalçı qonşu dövlətlər tərəfindən torpaqlarının parçalanıb qəsb olunmasına baxmayaraq, millətimizin öz müstəqil dövlətini qorumaq yolunda üzləşdiyi məhrumiyyətlərə barışmayaraq, böyük qurbanlar hesabına Azərbaycan Respublikasının timsalında azadlığa çıxması böyük Milli Şərəfin və Milli Ləyaqətin göstəricisidir. Dünyanın demoqrafik xəritəsinə baxanda yer kürəsində beş minə yaxın xalq diqqət çəkir, bunlardan isə yalnız 200-ə yaxını dövlət qurmaq xöşbəxtliyinə qovuşub. Bu gün çox xoşdur ki, bu xoşbəxtliyə qovuşan xalqlar sırasında Azərbaycan türklərini də görmək hər birimizdə təbii iftixar hissi yaradır.
Bu yazıda xalqımızın keçdiyi çətin, lakin şərəfli tarixin bütün səhifələrini heç də vərəqləmək fikrində deyiləm. Sadəcə, bu yazıda dolayı yollarla hakimiyyətin müxtəlif qollarına soxularaq, uzun illərdir ölkəni talamaqla məşğul olanlardan bəhs edəcəyəm. Xalqın sərvətini, mal-mülkünü utanıb-çəkinmədən mənimsəməklə məşğul olan bəzi rüşvətxor məmurların doğruluqdan, düzlükdən danışması hər kəsdə haqlı kəskin nifrət hissi oyadır. Atalar belə yerdə çox yaxşı deyib ki: “Tülkü başını soxub kola, quyruğundan xəbəri yoxdur!..” Bəli, heç kəs kor deyil, ölkədə nə baş verdiyini, bəzi məmurların əlbir olub, dövlətin və xalqın malını necə mənimsədiyini xalq bu gün çox aydın şəkildə müşahidə edir. Lakin bu məmurlarda sanki qorxu hissi yoxdur, hətta bəzu məmurlar o qədər qudurub ki, ölkənin idarəetmə sistemində əyləşib, xalqa qarşı ağır cinayətlər törədənlərə (“MTN işi”, “Rabitə işi” “Beynəlxalq bank işi” və s.) ölkə Prezidenti cənab İlham Əliyevin güzəşt etməməsi də heç cür təsir etmir.
Ölkədə təbii olaraq obyektiv və subyektiv səbəblər üzündən bir sıra problemlər mövcuddur. Bu problemlərin həll edilməsinin yolları əksər hallarda tapılır. Ancaq bu problemlər arasında ən təhlükəlisi məhz rüşvətxor, oğru və qudurğan məmur probleminin tam həll olunmamasıdır. Bu cür mənfi halları ölkənin nəzarət orqanları bəzi hallarda aşkar edib müvafiq tədbir görsələr də, görülmüş tədbirlərdən müsbət nəticə çıxarıb tərbiyə olunanların sayı demək olar ki, çox azdır. Məsələn, Nəzarət Palatasının, Auditorlar Palatasının, Maliyyə Nazirliyinin yoxlama apardığı bütün büdcə təşkilatlarında külli miqdarda dövlət vəsaitinin təyinat üzrə xərclənməməsi və yaxud mənimsənilməsi faktlarının aşkarlanması adi hala çevrilib. Bunun da bir neçə subyektiv səbəbi var. Səbəblərdən biri odur ki, həmin cinayət xarakterli əməlləri törədənlər bilirlər ki, istənilən yoxlamanı rüşvətlə ələ almaq və aşkar olunmuş ciddi halları yüngülləşdirmək problem deyil. Ona görə də istənilən yoxlama aparılan büdcə təşkilatlarında əməkdaşlardan pul toplayıb nəzarətçilərə rüşvət vermək və cinayətdən yayınmaq praktikası çox dəbdədir. Bu sahədə Maliyyə Nazirliyinin “təcrübəsi” respublikada demək olar ki, çox qabağa gedib! İstər nazirlik tərəfindən aparılsın, istərsə də onun regional idarələri tərəfindən, bir qayda olaraq yoxlamaların yekunu iri məbləğdə rüşvət alveri ilə bitir! Bu isə haqlı olaraq xalqın narazılığına səbəb olur.
Araşdırmaların nəticəsi təsdiq edir ki, dövlət tərəfindən görülən geniş miqyaslı tədbirlərə baxmayaraq, ölkədə rüşvətxorluğun və korrupsiyanın səviyyəsi hələ də yüksək olaraq qalır. Ölkəmizin hüquq-mühafizə və digər nəzarət orqanlarında rüşvətxorluq hallarının mövcudluğu cəmiyyətdə, ictimai rəydə açıq hiss olunur. Çox maraqlıdır ki, dövlətin yüksək postunda əyləşən, bu sahəyə nəzarət etmək və rüşvətxorluğa qarşı ciddi mübarizə tədbirləri görmək səlahiyyətinə malik olanların sırasında da rüşvət alanların kəmiyyət göstəriciləri az deyil. Əhali arasında keçirdiyimiz sorğu nəticəsində rəyi soruşulanların 52 faizi ölkədə rüşvətxorluğun yüksək səviyyədə olduğunu qeyd edib. Bu, ölkəmiz üçün pis göstəricidir! Başqa sözlə, rüşvətxorluq məmurlarla xalq arasında çox böyük uçurum yaradıb. Bu, dövlətçilik üçün qəbul edilməsi mümkün olmayan, xalqla dövlət arasında münasibətlərin soyumasına səbəb ola biləcək ən xoşagəlməz faktordur!
Xalq ölkə Prezidenti cənab İlham Əliyevə, onun rəhbərliyinə böyük ümid bəsləyir. Lakin rüşvətxor məmurlar əhali ilə Prezident arasında mövcud olan yaxşı münasibətlərə böyük zərbə vurmaqla məşğuldurlar, hazırda bu məmurların pis əməllərinin qarşısını almaq ölkəmizin ən böyük probleminə çevrilib! Qarşıdan gələn 2018-ci ildə keçiriləcək Prezident seçkilərində də xalqın cənab İlham Əliyevi yenidən Prezident seçilməsinə səs verəcəyinə şübhə yeri yoxdur! Amma bəzi məmurların ölkədə rüşvət körükləməsinə son qoyulmasının zamanı çoxdan çatıb, bu bəlaya əlac tapmaq lazımdır, xalq cənab Prezidentdən yalnız bunu istəyir!

0.35221099853516