Polis vətəndaş üçün kimdir?

 

Adə, qaç, polis gəldi..!

 Dünyanın hər yerində, hətta Afrikada, Orta Asiyada yaxud Əfqanstanda, Braziliyada, Avropada fərq eləməz, başlığa çıxardığımız sualın sadə bir cavabı var, - "asayiş keşikçisi". Yəni ölkə daxilində vətəndaşların sərbəst və təhlükəsiz yaşamasını təmin edən hüquq-mühafizə orqanı polis adlanır. Lakin Azərbaycanda polis artıq bu tərifə sığmır, bizim polisə yenidən tərif vermək gərəkdir. Hətta dünyanın kriminal ölkələrində belə, vətəndaş təhlükə anında polis görəndə rahatlanır, özünü daha güvənli, daha arxayın hiss edir.

 Amma Azərbaycan vətəndaşı polis görəndə gizlənməyə yer axtarır ki, birdən məni görüb şərləyər, özü də ayın axırında bu təhlükə ehtimalı bir qədər də artır. Çünki deyilənlərə görə, Azərbaycan polisində çox unikal bir ənənə var, hər bir polisin ay ərzində "cinayətkar yaxalamaq" planı var, bu planı yerinə yetirməyən polis ac qalır və "yem axtarışı" prosesində bir qədər də aqressivləşir. "Cibə nəşə atmaq", "əxlaqsızlıq yuvasında yaxalamaq", "xuliqanlıq", "polisə müqavimət", "küçədə söyüş söymək" və s. bu kimi cinayət əməllərinə görə vətəndaşları "yaxalamaq"Azərbaycan polisi üçün çox xarakterikdir. Belə ki, istənilən ölkə vətəndaşı bu maddələrlə asanlıqla "cinayətkar" ola və məhkəmə qərarı oldu-olmadı dərhal məhkum edilə bilər. Bu baxımdan ölkədə vəziyyət kifayət qədər ağırdır. Əksər polis bölmələri və idarələri artıq idarəetmədən çıxıb - cəngəllik qanunları ilə fəaliyyət göstərir. Bir həftə əvvəl Qazax rayon polis şöbəsində Elmir Mirzə oğlu Axundovun vəhşicəsinə döyülərək öldürül-məsi, buna bariz nümunədir. Mərhumun internetdə yayımlanan görüntülərindən aydın hiss edilir ki, o, vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb və ölüb. Hansı ki, Elmir Axundovu öldürənlər qanunla onun təhlükəsizliyini qorumağa mükəlləfdirlər.

Mən heç şübhə etmirəm ki, belə ölümlərə imza atan sadə polis əməkdaşları deyil, yüksək çinli və yüksək vəzifəli polis zabitləridir. Çünki hal-hazırda bir sıra polis zabitləri özlərini asayiş keşikçiləri kimi deyil, banda başçıları kimi aparır. Sövetlər dönəmində biz yalnız xarici filimlərdə görürdük ki, polis cinayətkar dəstə ilə əlbir işləyir, vətəndaşların yaxalayıb polisə təhfil verdiyi cinayətkar arxa qapıdan yenidən azadlığa buraxılır və s. İndi belə hallara Azərbaycanda da rast gəlmək olar.

2012-ci ildə bir işlə bağlı Sabunçu rayon polis idarəsinin rəis müavini ilə görüşməli oldum. Mən polis zabitinin otağına girəndə o, kiminləsə telefonla danışırdı. Birdən telefonun o başındakı tərəf müqabili zabitə nə dedisə, yüksək rütbəli, vəzifəli polis zabiti başladı həmsöhbətini küçə söyüşləri ilə təhqir etməyə. O qədər təhqiramiz ifadələr işlədirdi ki, axırda mən dözməyib, zabitin telefonunun düyməsini basıb, söhbəti yarımçıq kəsdim. Bu, zabiti bir qədər də özündən çıxartdı ki, niyə qoymursunuz əsəblərimi sakitləşdirim..? Bəlkə də, bizimlə birlikdə içəri girən polis əməkdaşı kimliyim barədə xəbərdarlıq etməsəydi, o, məni də həmin tonla təhqir edərdi.

 Ümumiyyətlə, bizi polis idarəsinə və ya bölməsinə girəndə yadıma sovet ordusu düşür. Çünki sovet ordusunda hərbiçilər də həmişə söyüş dolu bir jarqonla danışırdılar. İndi bizim polisin də öz xarakterinə uyğun, söyüş və digər kobud ifadələrlə zəngin bir jarqonu var. Əslində, elə bu jarqon polisin pasportu sayıla bilər.  Üzücüdür ki, bu gün vətəndaşlar polisə güvənmək əvəzinə, onun şər-şəbədəsindən qorunmaq üçün müxtəlif yollar axtarır.

Yuxarıda qeyd etdiyimiz problemlər, təkcə vətəndaşlarımızın həyatını mürəkkəbləşdirmir, həm də dövlətimizin imicinə ciddi zəribə vurur. Məhdudiyyətsiz internet məkanında Azərbaycan polisi ilə Cibuti jandarmı müqayisə edilir və sonda Cibuti xalqına şükr etməyi məsləhət bilirlər, çünki dünyada onların jandarmından da betər Azərbaycan polisi var...

Vətəndaş hüquqları cəhənnəmə, ən azı Azərbaycanın adını dünyada bədnam etməmək üçün polisin "siması" dəyişməlidir. Bunun üçün ilk növbədə polis hazırlayan ali məktəb yenidən qurulmalıdır. Çünki bizim polis zabitlərinə "polis əlifbası"nı, məhz bu məktəbdən öyrədirlər. Həmin məktəb barədə kifayət qədər gülməli (əslində ağlamalı) və biabırçı lətifəyə çevrilmiş olaylar barədə informasiyalar var. Hətta, həmin lətifələr o qədər biabırçıdır ki, onları yazmaq belə ayıbdır. Bir də bu məktəbdə müəllimlər mənfi istiqamətdə o qədər ixtisaslaşıblar ki, lətifələri yazsam, dərhal onu ictimailəşdirəni tapa və cəzalandıra bilərlər. Yəni həm etika naminə, həm də mənə etibar edən insanların konfdensiallığı baxımından o lətifələri diqqətinizə çatdıra bilmirəm. Əsas məsələ ondan ibarətidir ki, bu məktəbdə də ciddi problemlər var və aradan qaldırılması vacibdir.

İkincisi, polis haqqında qanuna dəyişikliklər edilməli, polisin hazırki aşırı səlahiyyətləri azaldılmalıdır. Məsələn, nə üçün polis vətəndaşın üzərində, yaşayış yerində, yaxud avtomobilində sanksiyalaşdırılmayan yoxlamalar aparmaq hüququna malik olmalıdır? Bu o deməkdir ki, gecə saat 3-də polis qapını döyüb, ailəni yuxudan oyadıb, mənzildə axtarış apara bilər, axı niyə? Yəni Azərbaycan Kalumbiyadan daha artıq kriminallaşmış ölkədir?

Üçüncüsü, polisə qarşı tələblər dəyişdirilməlidir. Yəni, polisə plan qoyulmamalıdır ki, sən bu ay filan qədər cinayətkar tutmalısan. Əksinə, qarşıya tələb qoyulmalıdır ki, cinayət hadisələrinin sayı azaldılsın, bunun üçün dünya təcrübəsindən istifadə edilsin, səmərəsi ölçülə bilən layihələr icra edilsin və s. Bu tədbirlər çərçivəsində polisin vətəndaşla davranışına xüsusi diqqət yetrilməlidir. Yoxsa, polis heç nəyin fərqinə varmadan vətəndaşla cinayətkarla danışdığı kimi danışır. Sonda da deyir ki, artıq-uzun danışma, cibinə bir qutu "mal" atıb, damlyaram gedərsən...

Bu dəhşətli haldır. Polisin aşırı dərəcədə vətəndaşlara qarşı aqressivliyinin bir səbəbi də, onların yüksək səviyyədə himayə olunmalarıdır. Məsələn, bir polis nəfərinin qanunuzidd, polisə yaraşmayan hərəkəti barədə yuxari instansiyaya məlumat verirsən, heç bir araşdırma, yoxlama aparılmadan, deyirlər ki, yox, bu ola bilməz. Bu da polislərin cəzasızlıq mühitində istədiklərin həyata keçirmək səlahiyyətlərinə hakim olduqların düşünmək imkanı verir. Polis düşünür ki, o qanuna yox, rəhbər vəzifə daşıyan zabitə tabedir. O söyürsə, mən də söyə bilərəm. O vətəndaşı döyürsə, mən də döyə bilərəm. Mən hələ polislərin vəzifə başında dələduzluq hallarına yol vermələri barədə danışmıram.    

Mən belə fikirləşmirəm ki, sovet dönəmində belə hallar olmayıb. Polis orqanlarında asayişin keşiyində duraraq canlarını fəda edən insanlar olduğu kimi, cəmiyyətin bütün təbəqələrində olduğu kimi, neqativ hallar da yox deyil. Yuxarıda da qeyd etdiyim kimi, bu halların aradan qaldırılması üçün, ilk növbədə bunları yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Cinayət əməlinə yol verən polis daha ağır cəza almalıdır ki, vətəndaşlar da qanunun aliliyinə inansınlar. Bu gün isə Azərbacan plolisində çox təəssüflər olsun ki, bunları görmürük.

Və sonda, sovet dönəmində polisə münasibətdə bir akademikin fikrini diqqətinizə çatdırmaq istəyirəm. Televiziyada sorğu keçirilir, "Siz yolla getdiyiniz zaman milislə üzləşdiyinizdə nələr hiss edirsiniz?". Orada çox maraqlı cavablar olur. Lakin mənim fikrimcə, bir akademikin (familiyası yadımdan çıxıb)cavabı, ümumiyyətlə sovet milisini tam olaraq xarakterizə edir. "Ya perexaju doroqu protivopoljnuyu storonu, ot qrexa podalşe" (Bu cavabı hərfi tərcümə etsək, belə alınır, "Günaha batmamaq üçün yolun əks tətəfinə keçirəm". Əslində isə belədir, "Mən "zibilə" düşməmək üçün yolun əks tərəfinə keçirəm"). Deməli, sovet dönəmində də, insanlar milisə tam güvənməyiblər, ancaq belə hallar çox az olub.

Biz bu yazımızla heç də polislərin əməyini aşağılamaq istəmirik, tam əksinə, nöqsanları göstəririk ki, nəticə çıxarsınlar.

Polis adını və mundirini şərəflə daşıyan asayiş keşişçilərimizə isə təşəkkür borcumuz daimidir.

 Akif Nəsirli

[email protected]

0.15471887588501