Sumqayıtda narazılıq artır: İcra başçısının təhqirləri əhalini qəzəbləndirib.

 

Zakir Fərəcovun insanları ictimai qaydada “təhqiretmə kampaniyası” əvvəlki kimi, yenə də öz ampuluasında davam edir.


Respublikanın böyük sənaye şəhərləri olan Sumqayıtdan redaksiyamıza daxil olan şikayət məktublarının ardı-arası kəsilmir. Vətəndaşlar Sumqayıtda rüşvətxorluq və korrupsiyadan, insan hüquq və azadlıqlarının pozulmasından, məmur özbaşınalığından, sosial problemlərin həllinə biganə münasibətdən və məmurlar tərəfindən əxlaq və etik davranış qaydalarının kobud şəkildə pozulmasından şikayətlənir və bu kimi mənfi halların məmur özbaşınalığı zəminində baş verdiyini qeyd edərək, şəhəri linc edən mənfi prosesləri dayandırmaq üçün dövlət orqanlarının hərəkətə keçməsinin vacib olduğunu bildirirlər. Bu şikayətləri dərc edib yuxarı  dövlət orqanlarının diqqətinə çatdırmağı redaksiyadan xahiş edirlər. 

 


Şikayətçilər qeyd edir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun keçmişinə nəzər salanda, məlum olur ki, bu məmur rəhbər vəzifələrdə çalışdığı hər zaman daim qanunsuz fəaliyyətilə məşğul olmağa adət edib. Onun keçmiş MTN şəbəkəsi ilə işbirliyi və insanları özünəməxsus qeyri-insani metodlarla cəzalandırma vərdişi olduğu kimi, hazırda da dəyişməz olaraq qalır. Şəhərdə sahibkarların fəaliyyətinə yaradılan keçilməz əngəllər davam edir, icra hakimiyyətinin başçısı bir qayda olaraq iş adamlarını aldatmaqla, onlara küllü miqdarda maddi ziyan vurur və şəhərdə sahibkarlığın inkişaf etməsinə imkan vermir. Hətta şəhərdə durum o qədər pisləşib ki, bəzi sahibkarlar şəhərdəki obyektlərini satıb, çıxıb gedirlər.

 

Bir sözlə, Sumqayıtda icra başçısının yaratdığı problemlərin həddi-hüdudu yoxdur. Sumqayıta icra başçısı təyin olunandan sonra şəhərdə yarıtmaz fəaliyyəti ilə diqqət çəkən Z.Fərəcov onun qanunsuz hərəkətlərinə etiraz edən vətəndaşları polisin şər-şəbədə dəyənəyinin gücü ilə susdurur. Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov və müavini Hikmət Qasımovun Z.Fərəcovun tapşırığı ilə idarədə vətəndaşlara ağır işgəncə vermələri adi hala çevrilib. Sumqayıt şəhər bulvarının tikintisi və şəhərdə abadlıq işlərinin aparılması zamanı işə cəlb olunan iş adamlarının qanunsuz həbs edilməsi, fiziki və mənəvi təzyiqlərə məruz qalmaları, icra başçısının onlara olan borcunu ödəməməsi kimi, mənfi proseslər insanların hiddətlənməsinə və şəhərdə mühitin gərginləşməsinə səbəb olub.

 

Redaksiyaya daxil olan başqa bir məlumatlarda bildirilir ki, İcra başçısının rəsmi qəbul günü olsa da, vətəndaşları qəbul etmir. İcra başçısının bu vacib işi icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyən Fəzail Hüseynova həvalə etməsi xalqa edilən aşikar hörmətsizlikdir. Sumqayıtlıların F. Hüseynovu “yalançı” ləqəbi ilə çağırması heç də təsadüfi hal deyil. Şəhərdə həyata keçirilən bir sıra qanunsuz işlərdə adı keçən Fəzail Hüseynovun xalqdan oğurladığı pul hesabına Bakıda Beton zavodu və bir sıra obyektlər aldığı bildirilir. Sumqayıt iş adamlarının pullarının mənimsənilməsi və onlara qanunsuz təzyiqlərin göstərilməsi sahəsində də Fəzail Hüseynovun xüsusi canfəşanlıq etdiyi qeyd edilir. Bu məmurun qanunazidd hərəkətləri Sumqayıtda yaşayan əhalinin hədsiz narazılığına və qəzəbinə səbəb olub. Deyilənə görə, yaxın zamanda onun barəsində ciddi tədbir görülməsə, şəhərdə xoşagəlməz hadisə baş verə bilər.

 


Zakir Fərəcovun “sağ əli” hesab olunan Memarlıq və Tikinti şöbəsinin müdiri Adil Xudadatovun fəaliyyəti də bir sıra problemlərin əsas mənbəyi hesab olunur. Başqa sözlə, Gəncədə 03 2018-ci il iyulda silahlı terrora məruz qalan sabiq icra başçısı Elmar Vəliyevin qanunsuz əməllərinin icraçısı kimi tanınan Gəncə Şəhər Memarlıq və Arxitektura şöbəsinin müdiri vəzifəsini tutan, pis əməlləri ilə gəncəlilərin başına oyun açan Məharət Mehdiyevin oynadığı rolu indiki zamanda Sumqayıt Şəhər icra hakimiyyətində Adil Xudadatov oynayır.  Redaksiyaya daxil olan məlumatda o da qeyd olunur ki, Adil Xudadatovun vəzifəyə gətirilməsinin çox maraqlı tarixçəsi var. Tarixçə bundan ibarətdir ki, Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq və Tikinti şöbəsinə vəzifəyə gətirib. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov qəbuledilməz hərəkətinə görə, başçının qəzəbinə tuş gəlib və həbs olunub. Şahidlərin bildirdiyinə görə, Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətlərinin pozulması zəminində baş veribmiş.


Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı qəzəbi soyuyandan sonra onu həbsdən azad etdirib və yenidən Sumqayıt Şəhər İcra Hakimiyyətində mühüm vəzifəyə gətirib. Hazırda münasibətlərinin normal olması və qeyri-rəsmi qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyinə görə, Adil Xudadatov Sumqayıtda ciddi söz sahibi hesab olunur. Sumqayıtda iş adamlarının, sahibkarların, idarə, müəssisə və təşkilatların hesabına zorla qanunsuz aparılan tikintilər və bu istiqamətdə mövcud olan bir sıra xoşagəlməz hallar bu şəxsin adı ilə bağlanır.

 

Şikayətçilərin bildirdiyinə görə, Adil Xudadatovun vətəndaşlarla qeyri-etik, mədəniyyətsiz və kobud davranışları icra başçısını qətiyyən narahat etmir.  Sumqayıtda məmurlarının törətdikləri qanunsuz hallara qarşı narazılıq və şikayət edən insanlara qarşı açıq-aşkar təzyiq edilməsi, polislə hədələnmələri adi hala çevrilib. Zakir Fərəcovun zülm və istibidad saçan hökmranlığının Sumqayıtda xalqı hədsiz narahat edən mənfi tərəfləri barədə növbəti yazıda bəhs edəcəyik.

Bizi izləyin.

P.S.Qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

0.17938494682312