Hicab bəzək əlbisəsidirmi?

 

Və ya atın bir tərəfindən atlanıb, o biri tərəfindən
yıxılan suvariyə bənzəyən müsəlmanlar 

Müstəqillik dönəmi başlayandan bəri ölkəmizdə hicab geyən xanımların sayı xeyli artıb. Əvvəllər isə belə xanımlara ya bölgələrdə, ya da Bakı kəndlərində rast gəlmək olardı.

Şükür ki, mömin xanımlarımızın sayı günbəgün artır, bu sevindirici haldı. Amma hicablı xanımların sayı artandan bəri mənim diqqətimi bir məqam özünə çox çəkir. Bu barədə dostlarla müzakirə aparanda həmişə mənə irad tuturlar ki, tənqidçilik mərəzini əldən vermirsən.

Ona görə də bu mövzuda öz fikirlərimi nə mətbu orqanlarda, nə də sosial mediada qələmə almamışam. Beləliklə, gələk mətləbə - küçədə, dalanda və ya ictimai nəqliyyatda bir də görürsən ki, hicablı bir xanımdır, amma bu insan elə bəzənib, kirşanlanıb ki, buna baxmamaq üçün özünü sözün həqiqi mənasında zorlamalısan, nəfsinlə mübarizədən qalib ayrılmağa xeyli enerji sərf etməli olursan, o da ya nəsib, ya qismət. Bu cür xanımları da bir neçə qrupa bölmək olar.

Məsələn, bir vaxtlar bizimlə eyni həyətdə kirayənişin yaşayan, doğrudan mömün həyat tərəzi keçirən bir xanım var idi. Hicab geyməsinə baxmayaraq, kosmetik vasitələrdən də istifadə edir, evdən demək olar ki, bəzənib çıxırdı. Uzun müddət bir həyətdə yaşadığımızdan mənə tam aydın idi ki, bu xanım səmimi bir müsəlmandır, amma soruşa da bilmirdim ki, bu nə sirrdi, sən dürüst müsəlman ola-ola həm çadra geyirsən, həm də bəzənirsən...

Günlərin birində, axşam işdən qayıdanda həyətə girən kimi hiss elədim ki, qonşum, həmin xanım və əri - səbirsizliklə məni gözləyirlər. Elə bildim yenə uşaqları xəstələnib. Çünki əvvəllər də belə hallar olmuşdu, uşaq xəstələnəndə mənimlə məsləhət edirdilər. Amma bu dəfə məsələ başqa idi - əvvəl ər başladı - bəs bu gün yoldadıma işdə bir xanım deyib ki, bu nədi, həm çadra taxırsan, həm də bəzənirsən, olmaz ki, bəyəm... Beləcə bildiklərimi onlara dedim və məsləhət elədim ki, başqalarından da soruşun.

Dedim ki, bəli, bu haqda hardasa bir höküm və göstəriş olduğunu dəqiq bilmirəm, amma hicab və ya çadra xanımın gözəlliyini naməhrəm gözlərdən qorumaq üçündür. Hicab geyinirsən ki, o səni naməhrəm baxışlardan gizlətsin. Lakin hər cür kosmetika, ətir, ənlik və ya kirşan cəlbedicilik üçündür. Bu məhsulların təyinatı insanı gözəlləşdirib, cəlbediciliyini artırmaqdır.

Göründüyü kimi, hicab və kosmetikanın təyinatları bir-birinin tam tərsidir. Həmin gündən o xanım bir daha kosmetikadan istifadə etmədi. Sən demə bu onun əvvəlki vərdişlərindən qalma adət imiş, hicab gey deyiblər, amma kosmetika barədə heç nə deməyiblər. Düzü, mən də dəqiq bilmirəm ki, hansısa hədisdə və ya şəriət qaydalarında bu barədə höküm var, ya yox, amma məntiqlə hicab geyən xanımın gözəllik vasitələrindən istifadə etməsi təzad yaradır.

Lakin heç də hər hicab geyib, bəzənən xanımların hamısı yuxarıda qeyd etdiyim kimi, bunu bilməməzlikdən etmir. Bir çox xanımlar hicabı da cəlbedici vasitə kimi istifadə edir - qoy desinlər ki, mömünədi, əməlisalehdi, dürüstdü və s. Unutmayın, əziz özünü Allah bəndəsi sayan müsəlmanlar, siz insanlardan hansısa əməllərinizi, hərəkətlərinizi və günahlarınızı gizlədə bilərsiniz, amma Yaradandan bunu gizlətmək mümkün deyil. O hər şeyi biləndi, ona görə də Onun rizasını almaq üçün Tanrı ilə dürüst olmağa çalışın, əğstəfürullah, Allahı aldatmağa cəhd etməyin, bu gülünc görünür. Amma O, bu gülünc səhnəni Qiyamətə qədər göstərib, sizi rüsvay etməz, bu işdə biz də Tanrıya köməkçi olaq, çalışaq rüsvayçı işlərdən, günahlardan kənar duraq.

Bu tək qadınlara aid deyil, bu gün hacı olduğunu, namaz qıldığını, oruc tutduğunu və bununla da cəmiyyətin digər üzvlərindən özü üçün imtiyaz tələb edən gənclərimiz, ahıllarımız və hətta, ağsaqqallarımız var. Bütün bunları sən öz hesabına Allah rizasını qazanmaq üçün bunun nə dəxli var? Əgər sənin saleh əməllərin barədə kimsə bilir və buna görə sənə rəğbət və hörmət bəsləyirsə, bu artıq onun öz işidir. Allah rizasını qazanmaq üçün nəsə ediriksə, bununçun başqalarının boynuna minnət qoymaq bəyənilən əməl deyil, bəlkə də günahdır. Ən azı qazanmaq istədiyin savabı azaldır...

Bəlkə bu da elə şeytan vəsvəsəsidir. Belə bir deyim var: "Mükəmməl müsəlman olmaq atın belinə qalxmaq kimidir. Sən atın belinə qalxana qədər şeytan ayağından dartır. Yəhərə tam oturandan sonra isə müsəlmanın ayağından qaldırır ki, o biri tərəfə aşırsın - sən ən mötəbər müsəlmansan, sən Başqalarından Allaha daha çox yaxınsan, sən daha yüksək mərtəbədəsən və s. Şeytanın bu vəsvəsəsəsinə uyan müsəlman elə atın bir tərəfindən atlanıb, digər tərəfindən yıxılan suvariyə bənzəyir.."

0.16773509979248