Yeni nazir pensiyaçılar
barədə nə düşünür?

 

Əhalinin növlərə bölünməsinə son
qoyulmasının zamanı çoxdan çatıb

 

Ertələnmiş prezident seçkilərindən sonra Nazirlər Kabinetində xeyli dəyişikliklər baş verdi, o cümlədən də pensiya təminatının ağıllı möhtəkiri Səlim Müslümov da işsiz qaldı. Bizi maraqlandıran əsla onun işsiz qalması və ya cəzalandırılıb-cəzalandırılmaması deyil. Biz artıq Səlim Müsümovun pensiya sisteminə gətirdikləri eybəcərliklərin aradan qaldırılması barədə düşünürük.

Görəsən, prezidentin ehtimad göstərdiyi yeni nazir Sahil Babayev bunun öhtəsindən gələ biləcəkmi? 2006-cı ildən başlayan, haqqında Azərbaycan xalqına əfsanələr danışılan pensiya islahatı nəticəsində formalaşan yeni pesiya sistemi ahıllarımızın 95 faizinə 150-200 manat, 5 faizinə isə 2-5 min manat civarında pensiya verir. Bu yerdə qeyd edək ki, ölkədə real minimum istehlak səbəti 250-300 manat arasında tərəddüd edir.

Bu isə o deməkdir ki, illərlə əmək sərf edib, pensiya təminatı qazanan ahıllarımıza kənar dəstək olmasa, onların dilənməkdən başqa çarəsi qalmır. Hansı ki, artıq bir çoxları bu yoldadı, küçədə-dalanda utana-utana əl açıb dilənir. Azərbaycan xalqının mentalitetinə görə, ahıllara böyük hörmət və diqqət var, onlar gənc və orta nəslin ağsaqqalı, yolgöstərənidir. Küçədə dilənməyə vadar edilən ahıl bizə hansı ağsaqqallığı edə, hansı yolu göstərə bilər?!

Dünən H.Cavid parkında bu cür dilənməyə vadar edilən yaşlı bir kişi ilə həmsöhbət oldum. Mənə tövsiyyəsi o oldu ki, bala nə qədər qolunda qüvvət var, oğurluq-doğurluq, fərq etməz, özünə var-dövlət topla, iş qur ki, qocalanda bu dövlətə ehtiyacın olmasın!

Bəli, bu təkcə Xıdır kişinin deyil, orta statistik azərbaycanlı pensiyaçının fikridir. Ahıllarımız, ağsaqqallarımız bizə məsləhət verir ki, oğurlayın, varlanın! Bu rəy isə ordan qaynaqlanır ki, onlar özləri dövlətə arxayın olub, vətənə xidmət edib dilənci gününə qalıblar, istəmirlər biz də onların həyatını təkrar yaşayaq. Bu sindromu sındırmaq üçün isə yeganə yol var - ölkə ahıllarını layiqli məvaciblə təmin etmək!

Ötən ilin yayında Hadi Rəcəblinin və Səlim Müslümovun təşəbbüsü (guya pensiyaçıların təklifləri əsasında - bu qədər gülünc arqumentlə) pensiya yaşı 65-ə, əmək pensiyası almaq üçün staj 25 ilə və ya 15 min pensiya kapitalına qədər qaldırıldı. Tutaq ki, doğrudan da buna ehtiyac var, real tələbatdır. Elə isə nə üçün ölkədə pensiya təminatı qazanılan əmək bazarı və əmək münasibətləri qaydaya salınmır?

Belə ki, bu təklifləri həyata keçirməzdən əvvəl "kölgə iqtisadiyyatı" minimuma endirilməli, bütün əməkhaqqılar sosial sığortaya cəlb edilməlidir. Hökumət sahibkarlardan tələb etməlidir ki, vətəndaşlarına layiqli əmək haqqı və pensiya təminatı versin. Bunu təmin etməkdən ötəri isə biznes azad olmalıdır, oliqarxiya və monopoliya aradan qaldırılmalı - hökumət adamları biznesdən kənarlaşdırılmalıdır.

Bununla yanaşı, pensiya kapitalı real olaraq indeksləşdirilməlidir. Hər il ölkədə inflyasiya 18-20 faiz təşkil etdiyi halda, pensiya kapitalı cəmi 5-6 faiz indeksləşdirilir. Bu səbəbdən də 2006-cı ildə yatrılan pensiya kapitalı qəpik-quruşa çevrilib. Təsəvvür edin ki, son 10-12 ildə hər il pensiya kapitalı azı 10 faiz dəyər itirir, beləliklə 10 ilə yoxa çıxır. Əslində isə pensiya kapitalı real dəyərini itirməməlidir, əksinə artmalıdır. Bu sərbəst vəsaitdir, hökumət onu idarə etməklə artırmalıdır.

Əslində, yəqin ki, pensiya kapitalı idarə edilir, yəni biznesə qoyulub qazanc gətirir, lakin o rəsmləşdirilib pensiya kapitalına əlavə edilmir, ciblərə axır. Səlim Müslümovun milyardlıq mənimsəməsinin bir mənbəyi də yəqin ki, budur.

2006-cı ildə pensiya islahatına start veriləndə layihədə pensiya kapitalı barədə maraqlı bir bənd var idi: kapital sahibi vətəndaşlıqdan imtina etdikdə və ya pensiya yaşına çatmadan dünyasını dəyişdikdə onun pensiya kapitalı müvafiq olaraq, özünə və ya varisinə nəqd şəkildə ödənilməlidir. Lakin 12 il ötməsinə baxmayaraq, layihənin bu bəndi qüvvəyə minmədi. Bu illər ərzində on minlərlə insan pensiyaya çıxmamış və ya 1-2 il pensiya alandan sonra dünyasını dəyişib, sual olunur, bu vətəndaşların topladığı pensiya kapitalının taleyi necə olur, o pullar kimə çatır? Hanı bizim pensiya sistemindəki ədalət fəlsəfəsi?!

Sonda yeni nazir üçün bir təklifdə bulunub hələlik yekunlaşdıracam. Hər ay Bakı şəhərində yaşayan pensiyaçılarla rayonlarda yaşayan pensiyaçılar 10-15 gün fərqlə pensiya alır. Bu da Səlim müəllimin kurallarının bir elementidir - əhalini növlər bölmüşdü: şəhər əhalisi ağ, kənd əhalisi isə qara adamlardı, bu səbəbdən də kənddəkilər pensiyanı gec alır. Bu ənənə indi də davam edir.

Düşünürük ki, bu fərq aradan qaldırılmalıdır. Bu məsələdə xüsusi təklifim ondan ibarətdir ki, hər bir pensiyaçının növləti ay üçün məvacibi onun pensiyaya çıxdığı gün kart hesabına oturdulsun. Beləliklə, həm şəhər əhalisi ilə kənd əhalisi arasında fərq aradan qaldırılsın, həm bankomatların qarşısında uzun növbələr yaranmasın, həm də pul kütləsi dövrüyyəyə bir gündə deyil, ayın hər günündə hissə -hissə buraxılsın. Bu, həm də ölkədə maliyyə sabitliyinə töhfə verə bilən bir üsuldur.

Ümid edirik ki, yeni nazir bu məsələlərin həllində aktivlik göstərəcək.

0.40482306480408