Telefona yüklənən
pullar hara gedir?

 

"Şikəst" bazar iqtisadiyyatı
normal xidmət göstərə bilməz

 Azərbaycanda artıq 10 ildən çoxdur ki, ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı modelinə keçid prosesini başa vurub. Rəsmi məlumatlara inansaq, biz hazırda bu modelin çalışdığı bir sistemdə yaşayırıq. Amma, nədənsə digər ölkələrdəki kimi bu modelin bəhrəsini görə bilmirik.

Çünki iqtisadi güvənliyimiz sual altında, sərbəst iqtisadi fəaliyyətimiz, biznes qurmaq imkanlarımız yox, addımbaşı çox rahatlıqla aldadılırıq, istifadə etdiyimiz məhsulların mənşəyi bəlli deyil və s. Bütün bu problemlərin səbəbi nədir? Nə üçün bütün dünyada sahibkarlar tərəfindən məmnuniyyətlə qəbul edilən "alıcı şahdır" aksioması Azərbaycanda işləmir? Nə üçün vətəndaş bir qrup amansız cibgirin, soyğunçunun əlində aciz qalıb?

Sualların cavabına keçməzdən əvvəl ölkə iqtisadiyyatındakı real mənzərəni bir neçə cümlə ilə diqqətinizə çatdırmağa çalışacağam. Azərbaycanda vətəndaş - Avropada şah hesab edilən alıcı idxalçıların, istehsalçıların və satıcıların məhkumuna çevrilib. Yəni, onlar nə təklif edirsə, biz onu alıb istifadə etməyə məcburuq, bizim tələbatımız, arzularımız heç kim tərəfindən nəzərə alınmır. Azərbaycanda guya ən sivil xidmət göstərən mobil operatorlar belə, vətəndaşların cibinə girməklə məşğuldur.

Bir neçə gün əvvəl heç bir müasir funksiyası olmayan, sadə mobil telefonuma "Bakcell" operatorundan mesaj gəldi ki, sizin 500 mb internet paketinin yenilənməsi üçün balansınızda kifayət qədər vəsait yoxdur. Əhəmiyyət vermədim, növbəti gün balansıma 5 manat yükləyən kimi dərhal 3 manat çıxıldı və mesaj gəldi ki, sizi təbrik edirik, 500mb internet paketiniz yeniləndi. Halbuki mən belə bir paket sifariş etməmişəm. Müştəri xidmətləri ilə məsələni aydınlaşdırmaq istəyəndə dedilər ki, siz bu paketi sentyabırın 3-də sifariş etmisiniz, balansınızda kifayət qədər vəsait olmadığı üçün indi yenilənib. Deyirəm, xanım, mən bu "qozqıran"la interneti nə üçün sifariş verməliyəm və ya, balansımda vəsait olmadığı halda, hansı məntiqlə paket sifariş edirəm və balansımı bir aydan sonra artırıram? Xanım məni dinlədikdən sonra dedi ki, başqa sualınız yoxdur ki? "Yox" deməklə əlaqəni bitirdi...

Çox sadə bir oğurluq, 2,3 və ya 5 manata görə məhkəməyə müraciət etməyəcəksən ki? Milyonlarla abonenti olan mobil operator gündə müştərilərinin 10 faizindən, yəni azı 100 min abunəçidən 1 manat oğurlasa, heç bir xidmət göstərmədə 100 min manat əldə edir. Qorxmadan, çəkinmədən, heç bir həyacan keçirmədən "sivil" qaydada vətəndaşın cibinə girir və kifayət qədər yüksək məbləğdə oğurluq edir. Hətta adamlar tanıyıram ki, belə möhtəkirlik üstündə "Azercell"i məhkəməyə verib, məğlub olub, heç nə sübut edə bilməyib, iş artıq Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır. Mobil operatorların rəhbərləri bizdən oğurladıqları milyonlar hesabına harın həyat yaşayır, milyonluq maşın sürür, onlarla gözəl məşuqə saxlayır və s.

Digər bir fakt, Masazır qəsəbəsində yaşayan bir oxucumuz deyir ki, telefona pul yükləməklə qurtarmağı bir olur: "Dəfələrlə olub ki, məbləğ yukləmişəm heç bir manatı xərcləməmişəm, mesaj gəlib ki, balansınızda yetərincə vəsait yoxdur. Məsələn, bazar günü telefonuma 3 manat yüklədim, dünən işə gələndə 2 manat 10 qəpik vəsaitim var idi. İşə çatanda zəng etmək istədim, mesaj gəldi ki, balansınızda yetərincə vəsait yoxdur. Bəs, mənim 2 manat 10 qəpiyim hara getdi, ay quldurlar!" Bütün bu faktlar onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarlıqla məşğul olan bütün subyektlər hər hansı bir yolla vətəndaşın cibinə girmək, onları talamaqla məşğuldurlar. "Bakcell" mobil xidmət subyekti də həmçinin.

Başqa bir misal, bu yaxınlarda Yeni Zelandiyadan kərə yağ idxal edən sahibkarlar bəyan etdilər ki, yağın qiyməti 18 manatdan aşağı olmayacaq. Halbuki, bu yağın bir kilosunun Yeni Zelandiyada pərakəndə satış qiyməti 1-2 avrodur. Bizim sahibkarlar da yəqin ki, Yeni Zelandiyada malı marketdən almır, topdansatış mərkəzlərindən götürürlər. Yəni bir qədər də ucuz. Hətta, marketdən alsalar belə, yağın qiyməti Yeni Zelandiyada 4 manatdan yuxarı deyil. Elə isə nə üçün yağ Azərbaycana gələnə qədər 4,5 dəfə, yəni 450 faiz bahalaşır. Azərbaycan idxalçıları bunu gömrük faizlərinin artırılması ilə əlaqələndirirlər. Belə çıxır ki, Azərbaycan gömrüyündə rüsumlar malın qiymətindən dəfələrlə artıq hesablanır.

Bu təcrübəni biz bütün idxal mallarına şamil edə bilərik. Məsələn, banan Azərbaycanla həmsərhəd olan bütün ölkələrdə bizim pulla 50-60 qəpiyə təklif olunduğu halda, Bakıda bananın bir kilosu 3 manata satılır, yəni 5-6 dəfə bahasına...

Bütün bu bəlaların səbəbkarı bazar iqtisadiyyatı deyil, bunlar ona görə baş vermir ki, bazar iqtisadiyyatında qiymətə qadağa yoxdur. Düzdür, bazar iqtisadiyyatının əsas atributlarından biri azad qiymətlərdir, lakin bununla yanaşı azad, sağlam və amansız rəqabət də mövcud olmalıdır. Belə olan halda sahibkar, idxalçı və xidmətçi rəqibinin qorxusundan qiymətləri yüksəltməyəcək, əksinə, vasitələr axtaracaq ki, qiymətləri aşağı salmaqla rəqibinin bazarına şərik çıxsın və ya onu bazardan sıxışdırıb çıxartsın, bununla da daha çox satıb, daha çox qazanc əldə eləsin. Biz isə Bazar iqtisadiyyatının rəqabət qolunu kəsərək, onu şikəst etmişik. Bu səbəbdən də bizə xidmət edən bazar iqtisadiyyatı sağlam deyil, şikəstdir...

0.1597580909729