AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Azərsu” sədri: “Bakıda əhalinin 81%-i fasiləsiz su ilə təmin olunur” - MÜSAHİBƏ

  203

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz HüseynovYeni Azərbaycan Partiyasının internet saytına geniş müsahibə verib.

 

- Qorxmaz müəllim, 2017-ci ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən əhalinin içməli su təchizatının yaxşılaşdırılıması ilə bağlı bir sıra mühüm sərəncamlar imzalanmışdır. Öncə istərdik, bu sərəncamların əhəmiyyəti və onlardan irəli gələn məsələlərin icrası barədə fikirlərinizi bildirəsiniz.

- Əvvəlcə qeyd etmək istərdim ki, əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, onların kanalizasiya xidmətləri ilə təmin olunması sosial siyasətin əsas hədəflərindəndir. Cənab Prezident İlham Əliyevin  hər bir yaşayış məntəqəsinin keyfiyyətli içməli su ilə təmin olunması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən son illər Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda genişmiqyaslı layihələr həyata keçirilmiş və bu sahədə işlər hazırda da davam etdirilməkdədir. Ümumilikdə götürsək, 2017-ci ilin ötən dövrü su təsərrüfatı sektoru üçün mühüm hadisələrlə müşahidə olunmuşdur.

Cari ilin martında cənab Prezidentin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” imzaladığı sərəncam xüsusi qeyd olunmalıdır. Sərəncama əsasən, 28  rayonun 170 yaşayış məntəqəsinin su təchizatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu layihələr çərçivəsində 271 min kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Layihələrə əsasən bu kəndlərdə ümumi uzunluğu 531 km olan su xətlərinin tikintisi, 1400-ə yaxın bulağın quraşdırılması nəzərdə tutulmuşdur. İndiyədək 450 km-dən çox su xətləri çəkilmiş, 1000-dən artıq bulaq quraşdırılmışdır. 170 kəndin təqribən yarısında işlər yekunlaşmış və ilin sonuna qədər bütün kəndlərdə işlər başa çatdırılacaqdır. 

Möhtərəm Prezidentin  avqust-sentyabr aylarında imzaladığı sərəncamlarda Qax, Mingəçevir, Salyan, Biləsuvar şəhərlərində, həmçinin  Abşeron yarımadasında yerləşən bəzi qəsəbələrdə içməli su və kanalizasiya layihələrinin icrasının davam etdirilməsi ilə bağlı tapşırıqlar verilmişdir. Artıq  adıçəkilən yaşayış məntəqələrində işlərə başlanılmışdır.  

 

- Qorxmaz müəllim, Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Məlum olduğu kimi müstəqillik illərində Bakı şəhəri və Abşeron yarımadası sürətlə inkişaf etmişdir. Şəhərin genişlənməsi, əhali artımı içməli suya olan tələbatı ciddi şəkildə artırmışdır. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev  hələ uzun illər öncə Bakıya yeni mənbədən suyun  gətirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu öndərin ideya müəllifi olduğu Oğuz-Qəbələ-Bakı su kəməri cənab Prezidentin bilavasitə rəhbərliyilə 2007-2010-cu illərdə tikilmişdir. Kəmər istismara veriləndən bir il sonra daha bir mənbədən Abşeron yarımadasına suyun verilməsi üçün böyük infrastruktur layihəsinin icrasına başlanılmışdır. 2015-ci ildə cənab Prezidentin iştirakı ilə dünyanın ən böyük ultrasüzgəc qurğusu olan  Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi istismara verilmişdir. Buradan götürülən suyun Abşeron yarımadasının yaşayış məntəqələrinə çatdırılması üçün 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral kəməri və magistral xəttin marşrutu boyu ümumi tutumu 90 min kub metr olan Abşeron, Saray, Balaxanı, Ramana, Qala, Zirə anbarları tikilmişdir.

Bakı şəhəri və Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunmasını nəzərdə tutan Master Plana uyğun olaraq işlərə başlanılmış və ötən müddətdə ümumi uzunluğu 1000 km-dən çox olan su şəbəkəsi yaradılmışdır. Bu sahədə işlər davam etdirilir. Cənab Prezidentin bu yaxınlarda imzaladığı sərəncamlara uyğun olaraq Novxanı, Mehdiabad, Binəqədi, 28 may, Pirəküşkül, Qobustan, Binə, Şağan, Şüvəlan, Mərdəkan qəsəbələrində yeni şəbəkələr yaradılacaqdır.

Ötən müddətdə Bakı şəhərində infrastrukturun yenilənməsi istiqamətində kompleks işlər həyata keçirilmişdir. Paytaxtda mərkəzi su anbarlarının yenidən qurulması, magistral və paylayıcı xətlərin tikintisi, 1500-dən artıq çoxmənzilli binaların su təchizatı sistemlərinin yenilənməsi su təchizatında sabitliyi təmin etmişdir. Ümumilikdə son illər Bakı şəhərindən həyata keçirilən layihələr nəticəsində fasiləsiz rejimdə su alan əhalinin xüsusi çəkisi 81 faizi keçmişdir.

 

- Qarşıda intensiv yağıntıların müşahidə olunduğu payız-qış mövsümü gəlir. Güclü yağıntılar zamanı bəzi küçə və yaşayış massivlərində subasma hallarının baş verməməsi üçün hansı tədbirlər görülür?

- Məlumat üçün deyim ki, ötən ilin noyabrında cənab Prezident Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzaladı və mütəxəssilər qısa müddətdə subasma hallarının daha çox müşahidə olunduğu əraziləri müəyyənləşdirərək təkliflər hazırladılar. Bu təkliflərə hökumət səviyyəsində baxıldı və Nazirlər Kabineti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam layihəsə qəbul etdi.  Burada Abşeron yarımadasının subasma təhlükəsi olan müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Binəqədi şosesi boyu yağış sularının kənarlaşdırılması məqsədilə 2,9 km kollektor inşa olunmuşdur. Bununla da intensiv yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni tikilmiş kollektorla Böyükşor gölünə axıdılacaq. Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə 1,5 km kollektor tikilmişdir. Subasma hallarının daha çox qeydə alındığı  Ziya Bünyadov prospektində də işlər intensiv şəkildə davam etdirilir.

 Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə 2,4 km layihələndirilən kollektorun 1,6 km-lik hissəsi tikilmişdir. Suyun səviyyəsi azaldıqdan sonra növbəti mərhələdə kollektor gölün içərisinə doğru daha 200 metr uzadılacaq və burada sugötürücü kamera tikiləcək. 

Qarşıdakı bir ay ərzində layihələr üzrə nəzərdə tutulmuş işlərin tam başa çatdırılması planlaşdırılır. Bununla da subasma təhlükəsi olan bəzi küçə və prospektlərdə su yığılmalarının qarşısı alınacaq. Eyni zamanda göllərdə suyun səviyyəsini tənzimləməklə yaşayış evlərinə ziyan vurma təhlükəsini aradan qaldıracaq.

 

- Qorxmaz müəllim, ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda cənab Prezident “Azərsu” ASC-yə suvarma layihələrinin icrası ilə bağlı tapşırıqlar vermişdir. Bu layihələrin icrası hansı mərhələdədir?

- Dövlət başçısının istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC tərəfindən ilk dəfə olaraq suvarma layihələrinin icrasına başlanılmışdır.  Bu layihələr Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində həyata keçirilir.

Bu günlərdə cənab Prezident Hacıqabul, Şamaxı və Zərdab rayonlarında ərazilərin suvarma suyu ilə təminatı layihələrinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, adıçəkilən rayonlarda ərazilərin suvarma suyu ilə təminatı üçün başlanılmış layihələrin davam etdirilməsinə dövlət dəstəyini təmin etmək məqsədilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 8 milyon manat ayrılmışdır. Hesab edirəm göstərilən dəstək bizə imkan verəcək ki, işlər vaxtında yekunlaşsın və ölkəmiz ərzaq təhlükəsiziliyinin təmin olunmasına töhfələr versin.  

 

- Cənab Prezident Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsini təsdiqləyib. Sənəddə bu  sahə ilə  bağlı işlərin görülməsi də nəzərdə tutulub.

- Bəli sənəddə kifayət qədər böyük tədbirlər nəzərdə tutulub, o cümlədən su təsərrüfatı üzrə. Sənəddə yeni paylayıcı şəbəkələrin qurulması, sayğaclaşma işləri, itkilərin azaldılması, o cümlədən paylamada olan itkilərin 31 faizdən 25-faizə, kommersiya itkilərinin 20 faizdən 14 faizə endirilməsi, sayğacsız istifadəçilərin xüsusi çəkisinin 5 faizə endirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Bunlarla yanaşı, tullantı suların toplanma səviyyəsinin  46 faizdən 65 faizə qaldırılması, ASAN kommunal xidmət mərkəzlərinin genişlənməsi, kadr potensialının təkmilləşdirilməsi, su təchizatı və tullantı suları haqqında yeni qanunun hazırlanması kimi  hədəflər müəyyənləşdirilmişdir.

Diqqətinizə çatdırım ki, artıq ASAN kommunal xidmət mərkəzlərində “Azərsu” ASC-nin bütün müştəri xidmətlərinin göstərilməsi təmin edilib. İlin əvvəli ilə müqayisədə sayğaclaşma səviyyəsi 5 faizdən çox artırılaraq 75 faizə çatdırılıb. Yeni şəbəkələrin inşası, mövcud sistemin rekonstruksiyası və sayğaclaşmanın sürətləndirilməsi nəticəsində su itkiləri azaldılıb və bu istiqamətdə kompleks tədbirlər davam etdirilir. Toplanan və zərərsizləşdirilən tullantı suların xüsusi çəkisinin artırılmasına gəlincə deyə bilərik ki, icra olunan layihələr çərçivəsində hər bir rayon mərkəzi və şəhərdə tikilən tullantı sutəmizləyici qurğular bu hədəfə nail olmağımıza imkan verəcək. Yeri gəlmişkən, bu günlərdə cənab Prezidentin iştirakı ilə açılışı keçirilmiş layihə çərçivəsində Şamaxı şəhərində müasir bioloji tillantı sutəmizləyici qurğu tikilərək istismara verildi, Qobustan şəhərində isə qarşıdakı aylarda belə bir qurğunun tikintisinə başlanılacaq.

Abşeron yarımadasına gəldikdə bütün bu məsələlər Master Planda öz əksini tapıb və artıq onun bir hissəsi icra olunub. Belə ki, Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası, Milli Park və Nobel prospekti ərazilərində görülmüş işlər nəticəsində Xəzər dənizinə təmizlənmədən axıdılan suların qarşısı alınıb. Hazırda Koreya İdxal-İxrac Bankının krediti hesabına Pirşağı qəsəbəsi yaxınlığında müasir tipli yeni təmizləyici qurğu inşa olunur. Bütün bunlar ekoloji vəziyyətin yaxşılaşmasına və tullantı suların zərərsizləşidirlməsinə hesablanmış uğurlu addımdır.  

Ümumilikdə, Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaqdır. 

Xəbər Lenti