Azərbaycan səhiyyəsinin dünəni, bu günü, sabahı

 

Azərbaycanda həkimlərin böyük əksəriyyəti sanki Hippokrat andı deyil, qəssablıqda yarış andı içirlər

Elm sağlam təfəkkürlü cəmiyyətin, dövlət, millət, xalq idarəçiliyinin, təhsil, səhiyyə və eyni zamanda siyasi-iqtisadi mədəniyyətin qaynağıdır. Bəli, sadaladığım sahələrdən söhbət açmaqda məqsədim, baş verən neqativ və pozitiv halların, inkişafın və ya geriləmənin səbəbkarlarını, günahkarlarını, arayıb-axtarmaq, onları tənqid və ya təhqir etmək deyil, sadəcə reallıqları üzə çıxarmaqdır.

Mövzunun adından da göründüyü ilk əvvəl elmin, xüsusilə də həyatımızı, canımızı etibar etdiyimiz səhiyyənin dünəninə səyahət etmək istəyirəm. Ümumiyyətlə, Azərbaycanda elmin dünəni deyəndə gözümün önünə sözün həqiqi mənasında öz məhsuldarlığı ilə seçilən və əvəzsiz şahidləri olan bir tarix gəlir. Bu tarixin ölməz, həmişəyaşar şahidlərinin bir qisminin adını çəkmək yerinə düşər.

Mənə elə gəlir ki, bütün nəsillərdən olan insanların hamısı bilir ki, Mustafa Topçubaşov, Zərifə xanım Əliyeva, Eldar Salayev, Yusif Məmmədəliyev və adını çəkmədiyim digər elm fədailəri Azərbaycanın gənc nəsili üçün mənəvi-əxlaqi örnək olan insanlardırlar. Düzdür, bu örnəklər keçmişimizə aid olsalar da, geriyə baxıb, onları yada salanda insana şərəfli, zəngin bir ordunu xatırladırlar. Bunlar barədə yazmaqla söz bitməz, keçək yazının əsas qayəsinə.

Bəli, ta qədimdən bəşəriyyət inkişaf etdikcə, xəstəliklər də artıb. Artan, inkişaf edən xəstəliklərin müalicəsində ilk zamanlar bitki, heyvan və mineral tərkibli dərmanlardan istifadə olunub. Eyni zamanda, onların tərkibi haqqında məlumatlar toplanaraq gələcək nəsillərə ötürülməsi üçün tədbirlər görülüb ki, bu da xalq təbabətinin yaranmasına səbəb olub. Bildiyimiz kimi, xalq təbabətinin kökləri lap qədimlərə gedib çıxır. Suşrutun, Hippokratın, Qalenin, orta əsirlərdə isə Ibni Sinanın əsərlərində xalq təbabəti haqqında genış məlumatlar var. Hətta Hippokratın həkimlər haqqında çox mənalı bir şuarı da var ki, o deyir:-xəstəni təbiət sağaldır, həkimlər isə sadəcə buna bir vasitədirlər.

Bəli, orta əsrlərdə elmin bütün sahələrində olduğu kimi, tibb, əczaçılıq sahəsi də intibah dövrünə yüksəldi və Şərqdə ilk əczaxana açıldı. Bu vəsaitlərin bütün dünyaya, eləcə də Azərbaycana gəlib çatması nəticəsində həmin dövrün alimləri Ibn Kəbiri, Həsən ibn Şirvani və adını çəkmədiyim digərləri sayəsində Azərbaycanda da təbabət inkişaf mərhələsinə qədəm qoydu. Bu şəxslərin dərmanşünaslığa dair əsərlərinin köməyi ilə farmatologiyanin əsası qoyuldu və təbabətin inkişafina böyük töhfələr verdi. XIX əsrin sonlarında bu əsəri A. Axundov ərəbcədən alman dilinə tərcümə edərək, çap etdirdi. Həmin əsər bu gün Respublika Əlyazmalar Fondunda saxlanılır. Min səhifədən ibarət olan bu əsərdə, əsasən Hippokratın əsərlərinə istinad edilib.

"Təbabətin atası" sayılan Hippokrat insanların müalicəsi ilə yanaşı, eyni zamanda həkimlərə davranış, etika qaydaları tətbiq edilib. Bu qaydalar bu gün də ümumdünya səhiyyə təşkilatı tərəfindən dünya həkimləri üçün and kimi qəbul və təsdiq edib. Həmin qaydalara nəzər saldıqda görürük ki, onlar müqəddəs Qurani-Kərimin buyuruqlarına da yaxındir.

Hippokrat andında deyilir: "Gücüm, qüvvətim çatdığı qədər sənətdə müəllimimi atam kimi tanıyacam, ruzimi onunla paylaşacam. Maddi ehtiyacı olsa kisəmi onunla bölüşəcəm. Onların övladlarına da, istəsələr bu sənəti öyrədəcəm. Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəm. Məndən zəhər istəyənə onu verməyəcəm. Bir hamilə qadına uşaq salması üçün dərman verməyəcəm, həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəm. İstər sənətimin icrasında, istərsə də insanlarla münasibətdə, ətrafımda olub bitənləri, görüb eşitdiklərimi bir sirr olaraq saxlayacam və kimsəyə açmayacam".

Gəlin görək, müasir Azərbaycanda fəaliyyət göstərən həkimlər bu anda sadiq qalaraq, hərəkət edirlərmi? Şəxsən mənim tanıdıqlarımdan heç biri bunlara əməl etmirlər. Götürək elə ölkəmizdə baş alıb gedən abortları. Bəllidir ki, dünyanın əksər dövlətlərində hamiləlikdən azad olmaq üçün ya dərmanlardan, ya da abortlardan istifadə olunur.

Azərbaycanda həkimlər sanki Hippokrat andi deyil qəssablığa yarış andı içiblər. Ölkəmizin səhiyyəsi insanların sağlamlığını bərpa etmək üçün deyil, həkimlərin dolanışığının yaxşılaşdırmaq üçün fəaliyyət göstərir. Həkimlər də öz peşələrinə biznes sahəsi kimi baxırlar. Düzdür, bu sözləri bütün həkimlərə şamil etmək istəməzdim. Lakin çox təəssüflər olsun ki, böyük əksəriyyət bu amala xidmət edir.

Bu alamın bünövrəsi hələ tələbəlik illərində qoyulur. Məsələn, təxminən iki gün əvvəl yol-yoldaşı olduğum Tibb Universitetinin iki tələbəsinin söhbətlərinin şahidi oldum. Biri digərindən soruşdu ki, neçənci kursdasan?

- 3-cü kursda.

- Hansı ixtisası seçmək fikrin var?

-Cərrah olacam, qazanc, pul cərrahlıqdadır qardaş...

İndi siz deyin, əgər gələcəyin həkimi öz peşəsini sevərək deyil, pul üçün, dolanışığını yüksək səviyyədə qurmaq üçün seçirsə, onda burada hansı peşəkarlıqdan, hansı insanlıqdan söhbət gedə bilər? Hansı anddan, insani xüsusiyyətlərdən danışmaq olar? Məncə heç birindən.

Bunları yazarkən, gənc yaşlarımda şahidi olduğum bir hadisə yadıma düşdü. Bizim kənd rayondan 10 km. aralıda yerləşir. Rayonla kənd arasında işləyən avtobusda gediş haqqı 50 qəpik idi. Söhbət 1980- ci illərdən gedir. Bir gün rayona getmək istəyən kənd sakinlərindən biri sürücü Mətləbə yaxınlaşıb deyir ki, ay Mətləb, mən təcili rayona getməliyəm, amma yol pulum yoxdur. Məni pulsuz apararsan? Sürücü Mətləb heç kimin gözləmədiyi bir tərzdə, kobudcasına yaşlı kişiyə:

- Aşağı en a kişi, dədəm Maqsud belə ayağın bu avtobusa qoysa 50 qəpiyi verməlidir -dedi. Bu mənzərə onu seyr edənləri dəhşətə gətirsə də, iki ağsaqqalın dialoquna tamaşa edən insanların heç biri kömək məqsədi ilə bir söz demədi. Yaşlı kişi bir neçə saniyə Mətləbin üzünə baxdı, baxdı və çıxıb getdi. Mən isə onun çarəsiz və nifrət dolu baxışlarını hələ də unuda bilmirəm.   

Sözü ona gətirirəm ki, bu gün Azərbaycandakı həkimlər də sanki sürücü Mətləb kimi, and içərkən Hippokrat andi deyil, ataları da gəlsə pulsuz müayinə, müalicə etməyəcəklərinə and içirlər. Digər bir olay... Bu dəfə tanıdığım insanlardan birinin başına həkimlərin açdıqları oyundan söz açacam. Təxminən 2009-cu ildə Ceyhun müəllim onda yaranan başgicəllənməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı xəstəxananın nevralogiya şöbəsinə müraciət edir. Ceyhun müəllimin maddi imkanı olmadığından, həkimin yazdığı dərmanları ala bilmir. 1 saylı xəstəxana dövlət müəssisəsi olduğu üçün xəstənin müalicəsi də xəstəxana tərəfindən həyata keçməli idi. Xəstə dərmanların ona verilməsini tələb edəndə, həmin dövrdə bu xəstəxanada çalışan şöbə müdiri İmran həkim ona "sən get Bakıya, orada "Nəsrəddin Tusi" adına klinikada MRT-dan keç, sonra gələrsən", deyir və xəstəni həmin ünvana göndərir.

Ceyhun müəllim həmin ünvana gəlir, onun MRT müayinəsi zamanı başının sol körpücük sümüyü altında kista olduğu məlum olur. Bunu bilən İmran həkim "mütləq əməliyyat olmalısan", deyir və xəstəni evə yazır. Halbuki elə həmin vaxt Ceyhun müəllimlə eyni palatada, eyni diaqnozla digər bir xəstə də müalicə olunub. Yəni, bu dərd əməliyyat olmadan da, müalicə oluna bilərdi. Lakin Ceyhun müəllimin pulu olmadığı üçün və həm də xəstəxanadan müalicəsinə lazım olan dərmanları tələb etdiyinə görə, onu qorxudaraq əməliyyatın mütləq vacibliyini bildirərək, evə buraxıblar və Bakıda Əhmədlidə yerləşən Neyrocərrahiyyə xəstəxanasına müraciət etməsini məsləhət görüblər. Xəstə Neyrocərrahiyyə xəstəxanasına gedir, həkimlərdən vəziyyəti barədə soruşur.

 (Bilməyənlər üçün qeyd edim ki, Əhmədlidə yerləşən Neyrocərrahiyyə xəstəxanası da dövlət müəssisəsidir). Xəstə həkimdən bu əməliyyata nə qədər zəmanət verdiyini soruşanda, həkim "80 %", deyə bildirib. Zəmanət verə bilmədiyi 20 % -in də, narkozla bağlı olduğunu bildirib. Ceyhun müəllim ondan əməliyyat üçün istənilən 3000 manatın hamısını verməyə gücü çatmadığını, bir qədər aşağı qiymətə razılaşmağı xahiş etsə də, bunun mümkün olmadığını bildiriblər. Çıxılmaz vəziyyətdə qalan xəstə səhiyyə nazirliyinə ərizə ilə müraciət edərək kömək istəyib. Səhiyyə nazirliyi də ərizənin cavabını Əhmədli Neyrocərrahiyyə Xəstəxanasına göndərib.

Xəstəxananın baş həkimi ərizə ilə tanış olur və bu dəfə də əməliyyatın çox riskli olduğunu bildirir. Xəstənin həyat yoldaşına əməliyyatdan sonra hansı fəsadların olacağı barədə məlumat verərək, əməliyyatın keçrilməsinə razı olmaları barədə razılıq ərizəsi yazdırır. Xülasə, Ceyhum müəllimi 3000 manata əməliyyat edirlər. Əməliyyatı həkim Hikmət Şəkərov həyata keçirir.  Hikmət həkim əməliyyat zamanı 5, 7, 9, 3 -cü sinirləri zədələyərək, xəstənı soltərəfli parez edir və bunun keçəri hal olduğunu, zaman kedikcə düzələcəyini deyərək xəstəni aldadır. Sonralar xəstə özəl kilinikaların birində Türlkiyədə təhsil alıb gələn bir həkimin yanına gedir və həmin həkim ona bildirir ki, səni 8 aydan sonra yenidən əməliyyat edib, həmin zədələnmiş siniri 11-ci sinirə birləşdirməli idilər ki, zədələnmiş sinir yenidən bərpa olunsun. İndi isə çox gecdir.

2011-ci ildə Ceyhun müəllimin baş ağriları artdığı üçün yenidən xəstəxanaya gedir. Burada müayinə zamanı məlum olur ki, yenidən əməliyyat olunmalıdır. Çünki birinci əməliyyat zamanı peşəkar olmayan həkimin yarıtmaz işinin nəticəsi olaraq, kanallar bağlanmadığı üçün kistanın yerinə su yığılıb. 2011-ci ildə Ceyhun müəllim yenidən əməliyyat olunur. Bu vəziyyət eyni ilə 2012-ci ildə də təkrar yaşanır. Xəstə məcbur olub, bütün sənədləri toplayaraq, Vətəndaşların Xaricdə Müalicəsi ilə məşğul olan komissiyaya müraciət edir. Komissiya bu əməliyyatın ölkəmizdə uğurla keçirildiyini bildirərək, xəstəni yenidən Əhmədli Neyrocərrahiyə xəstəxanasına göndərir. 2012-ci ildə növbəti bir əməliyyat olur. 2014- cü ildə növbəti müayinə zamanı məlum olur ki, bu dəfə əməliyyatın yerində su deyil, şiş yaranıb. Ceyhun müəllim bu dəfə əvvəlki üç uğursuz əməliyyatların epiqrizlərini də ərizəyə əlavə edərək xaricdə müalicəsinin təmin edilməsi ilə bağlı komissiyaya yaxınlaşır. Bu dəfə də eyni cavabla qarşılaşır. Komissiya Ceyhun müəllimi 4- cü əməliyyat üçün yenidən

Neyrocərrahiyyə xəstəxanasına göndərir. Xəstəxanada bu əməliyyatın heç də uğurla olmayacağını bildirərək deyirlər ki, bu 4-cü əməliyyatdır, açıq əməliyyat çox risklidir.

Xəstə klinikanı tərk edib, digər bir qospitala gəlir. Orada Türkiyədən gələn Neyrocərrah Ləvənd həkimin qəbulunda olur. Ləvənd həkim xəstəlik kağızlarını MRT- ilə birlikdə türkiyəyə göndərərək ordan cavab alır ki, bu əməliyyat Türkiyədə lazer vastəsilə aparıla bilər. Əməliyyatın qiyməti 10 000 manatdır. Bu məbləğə gücü çatmayan Ceyhun müəllim, elə həmin andan evində oturub Allah tərəfindən əcəlinin nə vaxt gələcəyini gözləyir.

Baxın, budur Azərbaycanda səhiyyə sahəsində çalışan "həkimlərin" andlarına sədaqəti. Bütün bunlara rəğmən, yenə də ümidimi kəsmədən deyirəm ki, Allah həkimlərimizə  bir azacıq insaf versə, səhiyyəmizin gələcəyi çox gözəl olar. Ümidimiz Allahadır!

Şahnaz Salehqızı

0.24692392349243