"Sovetlərə düşünən
beyin lazım deyildi”

 

Sərxan Carçıyev: “Onlar yeni sovet xalqı yetişdirmək istəyirdilər..."

"Bir kəndin repressiyası" kitabı repressiyaya məruz qalan insanların həyatından bəhs edir

Sərxan Carçıyev araşdırmaçı jurnalisdir. Qax rayonunun Çaylı kəndində anadan olub. Repressiya dövründə Çaylı kəndinin xeyli sayda sakini repressiyanın qurbanı olublar. Onun müəllifi olduğu "Bir kəndin repressiyası" kitabı da, Çaylı kəndində repressiyaya məruz qalan insanların həyatından bəhs edir. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, Sərxan Carçıyevlə müsahibəni təqdim edirik.

-Sərxan bəy, ötən 2017-ci il repressiya hadisələrinin 80 illiyi idi və belə bir ildə siz öz kəndinizin repressiya qurbanlarından bəhs edən "Bir kəndin repressiyası" adlı kitab yazdınız. Necə oldu ki, bu movzuda kitab yazmaq qərarına gəldiniz?

- Bəli, Allahın yardımı ilə bu kitabı yazdım. Neçə illər MTN-ə məktub yazıb repressiya qurbanı olan babamın arxiv sənədlərini və varsa fotosunu əldə etmək istədiyimi bildirmişdim. Amma cavab vermirdilər. Nəhayət, MTN-də rəhbərlik dəyişəndə cənab Mədət Quliyevin adına inamsız halda da, daha geniş bir məktub yazmaq qərarına gəldim və yazdım. Üstündən heç bir həftə keçmədi ki, MTN-dən zəng gəldi və babamın sənədlərinin, hətta fotosunun tapıldığını dedilər.

Uzun sözün qısası, qısa müddət ərzində onları mənə verdilər. Babamın cinayət işinin xülasəsini oxuduqdan sonra beynimdə inqilab baş verdi sanki. Deməli, sovetlər doğma baba ilə nəvə arasında, hətta deyərdim ki, ata ilə övlad arasında elə bir uçuram yaradıblar ki, nəvə bilməyib ki, babası hansı ideyalarla yaşayıb, nə uğrunda çarpışıb və niyə güllələnib. Bu hadisədən sonra "Bir fotonun tarixçəsi" adlı məqalə yazdım. Yazı, daha doğrusu yazının mövzusu olan hadisə ictimaiyyətdə böyük maraqla qarşılandı və yüzdən artıq saytda bu barədə yazıldı. Hətta televiziyalara da dəvət aldım, çıxış etdim. Bundan sonra addım-addım oldum repressiya araşdırıcısı.

Repressiya həddindən artıq geniş anlayışdır, bunu bir qədər konkretləşdirib öz doğma kəndimizin simasında repressiya qaranlığına işıq tutmaq istədim. Amma onu da deyim ki, sakini olduğum Qax rayonunun Çaylı kəndi tarixən ölkəmizin çox mübariz kəndlərindən biridir. Heç təsadüfi deyil ki, tanınmış ictimai-isiyasi xadim Hacı Kərim Sanılı da bizim kənddəndir.

Kəndçilərimizin arxivindəki qovluqlarını araşdırmaq üçün bir daha cənub Mədət Quliyevə müraciət etdik və sağ olsun DTX sədrinin icazəsi ilə kəndçilərimin araşdırdığım qovluqları əsasında "Bir kəndin repressiyası"nı yazdım.

- Repressiya hadisələrin 80 illiyində başqa kitablar da yazıldımı?

- Otən il bütün zamanımı araşdırmalara və kitabın yazılmasına həsr etdim. Ona görə də, elə bir şey eşitmədim, rastıma çıxmadı. Amma yazılsaydı, bilərdim hər halda. Tək bildiyim o oldur ki, İstiqlal muzeyində sərgi oldu.

- Kitabınızın titul səhifəsindən oxuyuruq ki, kitab həm də Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr olunub. Repressiyalarla Cumhuriyyətin nə kimi əlaqəsi var?

- Birbaşa əlaqəsi var. Repressiya qurbanları həyatlarını elə Cumhuriyyətimiz uğrunda fəda ediblər. Araşdırmalarım zamanı yaxşı mənada işin içindən iş çıxır, bu səbəbdən də proses bir qədər uzandı. Hər nə qədər çalışsam da kitabı 2017-ci ildə hazır edə bilmədim. Amma gecələri belə yatmadan çalışıb, bu ilin yanvar ayının beşinə çapa hazır vəziyyətə gətirdik. 30-cu illər repressiyalarının ən dəhşətli gecəsi istiqlal şairimiz Əhməd Cavadın simasında yüzlərlə insanın güllələndiyi 37-ci ilin 13 Oktyabr gecəsi idisə, ikinci belə bir dəhşətli gün 1938-ci il yanvar ayının beşindən altısına keçən gecə idi.

Cəmi bir neçə gün sonra kitab oxucuların ixtiyarına verildi. Təqdimatı isə yenə simvolik olaraq sovetlərin xalqımız üzərində son repressiya gecəsinə, yanvar ayının 19-na saldıq. Şair-tərcüməçi Səlim Babullaoğlunun təşkilatçılığı və aparıcılığı ilə AYB-nin binasında, repressiya qurbanlarına həsr olunmuş stendin qarşısında açılşı olan təqdimat, Natavan klubunda davam etdi. Kitabın ön sözünün müəllifi Akif Aşırlının, M. Ə. Rəsulzadə yadigarı Rəis Rəsulzadənin və digər dostların çıxışları ilə çox təntənəli bir təqdimat alındı.

"Xalq" qəzeti bu təqdimatı çox maraqlı bir başlıqla işıqlandırdı: "Cumhuriyyətimizin 100 illiyinə həsr olunmuş ilk kitabın təqdimatı keçirildi".

- Siz həm də Rəis Rəsulzadənin başçılıq etdiyi "Siyasi Repressiya Qurbanları Assosiasiyası"nın xüsusi nümayəndəsisiniz. Bu təşkilatın üzvü olmağınızın, işlərinizə faydası oldumu?

- Əlbətdə oldu. Yeri gəlmişkən, sizin qəzetinizin vasitəsi ilə Rəis Rəsulzadəyə və bu işlərimdə mənə yarmı dəyən hər kəsə dərin təşəkkürümü bildiririəm.

- Sərxan bəy, kitabınız "Nərmin" yayım evinin loqosu ilə yayınlanıb. Necə oldu ki, "Nərmin" yayım evini secdiniz?

- Kitabın üzərində işlədiyim müddətdə təbii olaraq nəşriyyatlarla da maraqlanırdım. Günlərin birində Əl Oyunları sarayında keçirilən kitab sərgisinə getdim və bütün nəşriyyatlarla danışdım. "Nərmin" yayım evi-nin rəhbəri Məlahət Həsənli ilə orada rastlaşdım. Digər nəşriyyat rəhbərlərindən fərqli olaraq Məlahət xanımın mövzunu biləndə bu işə təkcə yayım evi rəhbəri kimi deyil, qayğı ilə yanaşdığını gördüm və elə onlarla işləmək qərarına gəldim. "Nərmin" yayım evi, Bakı Kitab Klubu ilə birgə gördüyünüz kitabı ərsəyə gətirdi. Məncə, pis alınmayıb. Amma onu da deyim ki, üz qabığı öz ideyamdır.

-Bu yaxınlarda kitabınızı bir təşkilatın kitabxanasına hədiyyə etdiniz. Çox keçmədi, həmin təşkilatın üzvü, hətta idarə heyyətinin üzvü oldunuz. Həmin təşkilat da repressiyya araşdırma təşkilatıdırmı?

-Dediyiniz təşkilat Bütöv Azərbaycan Mühafizakarları (BAM) təşlilatıdır. BAM ölkəmizdə ən əzmkar təşkilatdir. Mən ordayamsa, həm də repressiyanı araşdıran təşkilatdır demək olar. Amma başlıca məqsəd daha genişdir. Adından da göründüyü kimi, milli mənəvi dəyərlərimizə söykənən, eyni zamanda faydalı yeniliklərə açıq olan, qısaca desək, hər istiqamətdə maarifləndirici qrumdur. Dediyim kimi, hədəflərimiz daha genişdir.

"Bir kəndin repressiyası"nı təkcə BAM-ın kitabxana fonduna yox, inşallah yaxın günlərdə nəzərdə tutulmuş ikinci nəşri Milli Kitabxanaya, Prezident kitabxanasına və Elmlər Akademiyasının kitabxanasına verəcəm. Bir xəbəri də xüsusən bölüşüm ki, bir neçə gün öncə Bakı Kitab Klubundan zəng vurdular ki, kitabımı Almaniya kitabxanalarından biri istəyir. Kitabı istəyənlər Almaniyanın Halle şəhərində yerləşən Martin Luter Universitetinin kitabxanasıdır və sağ olsun Bakı Kitab Klubundakı dostlar göndəriblər.

-Sərxan bəy, siz araşdırmalarınızı bir başa mənbədə, DTX-nın arxivində etmiş tədqiqatçısınız. Bu suala sizdə sözsüz ki, cavab var. Repressiyaların əsas səbəbi nə idi?

-Yaxşı sualdır. Əslində, səbəbə aid bir çox cavablar var. Stalinin vəzifə mövqeyini bərkitmək istəyindən tutmuş, neçə-neçə cavab sadalamaq olar. Mən əvvəllər düşünürdüm ki, repressiyalar birbaşa türkçülüyə qarşı yönəldilib.

Amma bir qədər araşdırdıqda bəlli olur ki, təkcə türkçülüyə qarşı deyil, daha geniş, daha təhlükəli olub. Məsələn, Rusiyanın özündə belə, daha çox insan repressiyaya məruz qalıb. Əsas səbəb isə əsl ziyalıların məhv edilməsi idi. Sovetlərə düşünən beyin lazım deyildi. Onlar yeni sovet xalqı yetişdirmək istəyirdilər, hətta bir az nail də olmuşdular. Amma çox şükür, hər şeyə rəğmən bu gün müstəqil dövlətimiz var.

-İndiyə qədər repressiya ancaq məşhurların simasında araşdırılıb. Ancaq sizin kitabın özəlliyi odur ki, repressiya qaranlıqlarına sıravi insanların simasında işıq tutulub. Kitabda ən diqqət çəkən məqam isə "Əzrail Firqəsi" təşkilatıdır. "Əzrail Firqəsi" barədə danışmağınızı istərdik...

-Bəli, elə mənim özüm üçün də çox maraqlı oldu. Son illərə qədər elə bilirdik ki, sovetlərə qarşı yeganə üsyan 1920-ci il May ayının sonunda baş tutan Gəncə Üsyanıdır. Əslində isə sovetlərə qarşı təxminən 30 üsyan olub. Bu üsyanları gizli antisovet təşkilatları gerçəkləşdirirdi. Hansı ki, bu təşkilatlar gizli Müsavatın və ya İttihadın əyalətlərdə silahlı qrupları idi. Onlardan bir neçəsi də Qax rayonunda fəaliyyət göstərib. Həqiqiət Ordusu, "Əzrail Firqəsi" və s. "Əzrail Firqəsi"nin adını cəmi bir dəfə eşitmişdim. DTX arxivində repressiya qurbanları kəndçilərimin siyahısı üzrə araşdırmaya başlayanda DTX-nın arxiv işçiləri iki qalın qovluq gətirdilər ki, dediyin adların çoxu bu cinayət işində var. "Əzrail Firqəsi"nin cinayət işi qovluğu idi. Doğma babalarımın da üzv olduğu bu təşkilat, elə bizim kənddən, Çaylıdan idarə olunub, üzvlük vəsiqələri də orda paylanıb. Arxiv sənədlərində təşkilat M.Ə.Rəsulzadə ilə əlaqələndirilib. Amma çox keçmir ki, 1931-ci ildə firqə aşkar olunub və kütləvi həbslər başlayır. Bu barədə kitabda daha ətraflı bəhs etmişəm.

-Bildiyimiz qədər, hədəfinizdə yeni kitablar da var. Növbəti kitabınızın mövzusu nədir, repressiya, Cumhuriyyət, yoxsa başqa bir mövzu?

-Bu il Cumhuriyyətimizin 100 illiyidir. Ümidvaram ki, 2018-ci ildə bu mövzuda bir çox araşdırma kitabları yazılacaq. Bu il həm də Qafqaz İslam Ordusunun Bakını, Azərbaycanı işğaldan azad etməsindən 100 il ötür. Mən də repressiya mövzusunda nəzərdə tutduğum kitabın nəşrini gələn ilə saxlayıb, inşallah sentyabrın 15-nə kimi, Qafqaz İslam Ordusu barədə kitab yazmaq istəyirəm.

 Fərəh Orucova

0.24592590332031