AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kiprli nazir: “Qarabağ bizim də problemdir” - MÜSAHİBƏ

  190

Ötən həftə Şimali Kipr Türk Cümhuriyətinin milli təhsil və mədəniyyət naziri Dr.Özdemir Berova Bakıda səfərdə olub. Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk kiprli nazirlə Azərbaycanı necə görməsi, iki ölkənin turizm potensialı və başqa mövzular ətrafında söhbət edib.

Modern.az həmin müsahibəni təqdim edir:


- Cənab nazir, Azərbaycan Kiprdən necə görünür?

- Əvvəla, mənə çox xoşdur ki, qardaş Azərbaycandayam. Azərbaycanda olmaqdan qürur və fərəh hissi keçirirəm. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bakıda yaradılan infrastruktur vəziyyətdən xəbər verir. Bu gün Azərbaycanın türk dünyasında xüsusi önəmi var. Bundan fəxr etməyə bilmərik. Azərbaycan nə qədər çox inkişaf edərsə, eynilə Türkiyə, Kıbrıs da inkişaf edər. Biz bir millətin övladlarıyıq.


- Kiprdə təhsilin səviyyəsi hansı həddədir?


- Bilirsiniz ki, bu gün Kiprdə təhsilin səviyyəsi yüksəkdir. Yüksək şərtlərə cavab verən təhsil sistemimizi formalaşdırmışıq. Minlərlə azərbaycanlı gənc Kıbrıs universitetlərində təhsil alır. Təhsil alan azərbaycanlı tələbələr yaradılan şəraitdən bəhrələnirlər. Qeyd edim ki, onlar vətənlərinə qayıdıb müxtəlif sahələrdə çalışaraq, öz təcrübələrini bölüşəcəklər. Onların uğurları və xoş sədalarını eşitmək bizi də sevindirir.


- Bilirik ki, Kiprdə turizm inkişaf edir. Hal-hazırda vəziyyət necədir?


- Kıbrısda turizm sahəsinə xüsusi önəm verilir. Ölkəmizin əsas gəlir mənbəyi turizmdən formalaşır. İldə on minlərlə turist qəbul edirik. Kıbrısın əlverişli coğrafi mövqeyi və turizm üçün yaradılan şərait turistləri cəlb edir.


- Azərbaycan turizmini izləyirsinizmi?


- Bəli. Son illər Azərbaycanda turizmdə güclü inkişaf müşahidə olunur. Ölkəyə turistlərin axını sürətlənib. Bir məsələni qeyd edim ki, Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər. Bu isə yeni iş yerləri və əlavə gəlir mənbəyi deməkdir. Azərbaycanda yeni hotellərin istifadəyə verilməsi və yaradılan infrastrukur turizmin inkişafına müsbət implus verəcək.


- Özdəmir bəy, Qarabağ problemi haqqında sual vermək istərdim. Kiprlilər Qarabağ problemi haqqında nə qədər geniş bilgiyə sahibdirlər?


- Qarabağ Kiprin da problemidir. Təəssüf ki, ikili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir. Qarabağda yaşanan hadisələrlə Kıbrısda yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur. Hər ikisində də insanlar qətliamlara məruz qalıblar. Bu, bizim acımızı birləşdirən ortaq faktdır. Beynəlxalq təşkilatların Qarabağ məsələsində hərəkətə keçməsi lazımdır. Çünki dünya birliyi qəbul edir ki, Qarabağ qeyri-qanuni olaraq işğal altındadır. Biz praktiki addımları görmürük. Bunu təəssüflə qeyd etməliyəm. İnanıram ki, tezliklə azərbaycanlı qardaşlarım öz vətənlərinə geri dönəcəklər.

Xəbər Lenti