Kommunal borcların
silməsinə son qoyulmalıdır

 

Vətəndaşa dövlət qayğısı, yoxsa korrupsiyaya rəvac?

 

Azərbaycanda zaman-zaman şişirdilmiş borcların silinməsinin şahidi olmuşuq və buna cəmiyyətdə münasibət birmənalı deyil. Tutaq ki, hökumət günlərin birində qaza, işıqa və ya suya görə borcu olan vətəndaşların borclarını bir qərarla silir.

Bu qərar çoxları tərəfindən rəğbətlə qarşılanır, hətta bəziləri bunu toy-bayram kimi qeyd edir. Çünki üzqarası olan bir ünsürdən canı qurtarır. Həm də sadə vətəndaş borcların silinməsini özü-nün 5-10 manat borcdan qurtulması kimi dəyərləndirir. Lakin bu heç də belə deyil, sadə vətəndaş düşünmür ki, onun 5-10 manatını çətir kimi istifadə edən dövlət məmurları büdcədən külli miqdarda vəsait mənimsəyir.

Bu mənimsəmə mexanizmi barədə bir qədər sonra söhbət açacağıq, indi isə bir qədər borcların silinməsinin cəmiyyətə təsirləri barədə qeydlərimizi bölüşmək istərdik. Əvvəlcə onu qeyd edək ki, adətən real borcu olan abonentlər, umumi abonentlərin maksimum 10 faizini təşkil edir, qalan borclar isə süni şəkildə şişirdilir. Şişirdilmiş borcları da, hələlik qoyaq bir kənara.

Real borcu olan vətəndaşın borcu silinir, yəni hər bir vətəndaşın ödədiyi vergidən formalaşan dövlət büdcəsindən ödənilir. Lakin hər ay borcunu ailə büdcəsi hesabına ödəyən vətəndaşlara bu qərardan heç nə düşmür.

Yəni burada sosial ədalət prinsipi pozulur və məsuliyyətli abonentlərdə belə bir düşüncə formalaşmağa başlayır - "Bəlkə mən də ödəməyim, borcum şişsin, onsuzda sonda hökumət borcumu siləcək". Bu isə cəmiyyətdə mənfi tendensiyaların inkişaf etməsinə, xidmət şirkəti ilə müştərilər arasında etimadın azalmasına səbəb ola bilər.

Ümumiyyətlə, cəmiyyətdə sosial ədalət prinsiplərinin pozulması, daha böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də hökumət cəmiyyətə yönəlik qərarlar verəndə sosial ədalət prinsipinin pozulmayacağına tam əmin olmalıdır. Bu baxımdan əvəzsiz olaraq bir qrup vətəndaşa güzəşt etmək, onların borclarını dövlət hesabına qarşılamaq birbaşa sosial ədalət prinsipini pozur.

Məsələnin digər tərəfi daha acınacaqlıdır. 2009-cu ildə vətəndaşların "Azəriqaza"a olan borcları dövlət büdcəsindən ödənildi. Həmin vaxt dövlət büdcəsindən "Azəriqaz"ın hesabına 327 milyon manat vəsait ödənildi. Həmin ərəfədə "Azəriqaz" kütləvi şəkildə abonentlərinin borclarını süni surətdə şişirdirdi. Vətəndaşı isə sakitləşdirirdilər ki, biz bu borcu sizdən istəməyəcəyik, lakin bu bir prosedur kimi həyata keçirilir.

Hətta, o vaxtlar bir çox vətəndaş hətta mətbuat orqanlarına şikayətlər ünvanlayırdılar ki, "Azəriqaz" onların adına havadan borc yazır. Borcların silinməsinə qədər, bunu heç kim anlamırdı, yəni şirkət abonentlərinin adına "köhnə borc" adı ilə saxta borc yazır, amma, o borcu vətəndaşdan tələb etmir. Borcların silinməsi haqda qərar veriləndə isə hər şey aydın oldu.

Deməli, şirkət rəhbərliyi hökumətin verəcəyi qərardan əvvəlcədən xəbərdar olub və bu qərardan bəhrələnmək üçün abonentlərin adına kütləvi şəkildə saxta borc yazıb. Beləcə, büdcədən ödənilən vəsaitin 60-70 faizini şişirdilmiş borclar təşkil edirdi ki, bu da "Azəriqaz" rəhbərliyi tərəfindən korrupsiya yolu ilə mənimsənildi.

Yəni, kənardan vətəndaşa göstərilən qayğı kimi görünən bu qərar, həm cəmiyyət üçün, həm də dövlət üçün zərərlidir. Çünki bir tərəfdən cəmiyyətdə mənfi tendensiyaların inkişaf etməsinə səbəb olur, digər tərəfdən isə korrupsiyaya imkan yaradır.

0.21544003486633