AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kamçatka həbsxanasında cəmi 3-4 azərbaycanlı var

  259

Rusiya Federasiyası Millətlərarası Assambleyanın Kamçatka Diyarı üzrə sədri, oradakı azərbaycanlılarının “AZƏRİ” İctimai Cəmiyyətinin rəhbəri Ramazan Hüseynov bu günlərdə Modern.az saytının qonağı oldu.

 

Onunla müsahibəni tədqim edirik.

 

- Ramazan müəllim, Kamçatka vilayətində nə qədər azərbaycanlı yaşayır?

 

- Dəqiq rəqəm demək çətindir. Amma təxminən 3 minə yaxın azərbaycanlı yaşadığını deyə bilərəm.

 

- Rusiyada məskunlaşan azərbaycanlıların böyük əksəriyyəti  ticarətlə məşğul olur. Kamçatkada yaşayan azərbaycanlıların durumu necədir? Başqa sahələrdə hansısa vəzifəni tutan soydaşımız varmı?

 

- Kamçatkada yaşayan azərbaycanlıların əksəriyyəti ailələri ilə orada məskunlaşıb. Ticarətlə məşğul olan azərbaycanlılarla yanaşı, dövlət işində çalışanlar da var.

 

Biznesin istənilən sahəsində azərbaycanlı nümayəndələrə rast gəlmək olar. Ərzaqdan tutmuş geyim sahələrinə qədər azərbaycanlılar üstünlük əldə edə biliblər.

 

- Azərbaycan diasporunun olduğu ölkələrdə ermənilər də az deyil. Azərbaycanlı və ermənilərin bir arada olması çox vaxt müəyyən intriqalara yol açır, millətçilik məsələlərini gündəmə gətirir. Kamçatkada vəziyyət necədir?

 

- Kamçatka Rusiyanın ən sakit diyarıdır. Orada 134 millətin nümayəndələri  yaşayır. Yerli xalqlarla gəlmə xalqlar arasında elə bir problem yaşanmır. Ermənilərin də diasporu var. Amma Azərbaycan diasporu ermənilərdən qat-qat yaxşı çalışır. Ermənilərlə azərbaycanlılar arasında millətlərarası intriqalar yaşanmır. Hər kəs öz işi ilə məşğuldur.

 

- Dünyanın bir çox ölkələrində Azərbaycan diasporu fəaliyyət göstərsə də, çox vaxt onların ölkəmizlə bağlı təbliğatını bəyənmirik. Azərbaycanın tanıtımı, xüsusilə Qarabağ münaqişəsinin qabardılması məsələsində passiv mövqe sərgiləyirlər. Sadəcə, Xocalı soyqırımının ildönümü ərəfəsində bəzi diaspor sədrləri görünməyə başlayırlar. Diaspor sədri olaraq bu fikirlərlə razısınızmı?

 

- Son 2-3 il ərzində Azərbaycanın tanıdılması istiqamətində xeyli işlər görülür. Azərbaycanla bağlı xeyli işlər həyata keçirilir. Məsələn, 2 il bundan öncə may ayında Azərbaycanla bağlı tədbir keçirdik. Mütəmadi olaraq orda Qarabağ məsələsini gündəmə gətiririk və belə bir problemimizin hələ də həll olunmamasını diqqətə çatdırırıq. Bir məqam var ki, Kamçatkada yaşayan insanlara Qarabağla bağlı yanlış informasiyalar çatdırılır. Biz isə bu cür halların qarşısını almağa çalışırıq.

 

- Kamçatkada yaşayan azərbaycanlılar dilimizi unutmurlar ki?

 

- Əslində, Azərbaycan dilinin unudulması məsələsindən söhbət belə gedə bilməz. Azərbaycan diaspor  nümayəndələrinə məktəb açmağa icazə verdilər. Hətta Azərbaycan dilini tədris edən müəllim tapdıq. Təəssüf ki, kifayət qədər uşaq toplaya bilmədik. Sadəcə, azərbaycanlıların bir problemi var ki, özlərini kənarda göstərməkdən çəkinirlər.

 

Öz ədəbiyyatımızı, mədəniyyətimizi bəzən təbliğ etməkdə zəiflik göstəririk, düşünürük bunu belə etsək əcnəbilər bizə necə baxacaq. Amma son illərdə bu sahədə irəliləyiş müşahidə olunur. Milli geyimlərimizi nümayiş etdirə bilirik. 1990-cı illərdə isə belə şey ola bilməzdi. Milli musiqimiz, geyimlərimiz, dahi şair və yazıçılarımız haqqında danışa və nümayiş etdirə bilirik. Düşünürük ki, öz mədəni nümunələrimizlə millətimizi orada təbliğ etmək borcumuzdur. Qarabağ kimi böyük dərdimiz var. Bunu unuda bilmərik. Sizə deyim ki, keçirdiyimiz bütün tədbirlərdə əsas məqsəd Qarabağın, digər işğal altında olan torpaqlarımızın tarixi ərazilərimiz olduğunu, Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırmaqdır. Əldə etdiklərimiz nəticələr onu deməyə əsas verir ki, buna müəyyən qədər nail oluruq.

 

- Milli məsələlərlə bağlı diaspor sədrləri ilə bir araya gələ bilirsinizmi?

 

- Moskva, Maqadan, Vladivastokla əlaqələr qurmuşuq. Görüş barədə təklif irəli sürmüşəm.

 

- Hər halda, keçirdiyiniz tədbirlər az maliyyə vəsaiti hesabına başa gəlmir. Azərbaycan Diaspor Komitəsi hər hansısa formada maliyyə yardımı edə bilirmi?

 

- Bizim yanaşmamız fərqlidir. Hesab edirik ki, diaspor təşkilatları öz hesablarına fəaliyyət göstərməlidirlər. Başqa məsələ ki, elə məqamlar var ki, o zaman dəstəyə ehtiyac olur. Məsələn, milli geyimlər, milli musiqi alətləri, kitablar  və s. kimi məsələlərdə. Yerdə qalan işlərimizi özümüz həll edə bilirik.

Bu il Novruz bayramı keçirmək üçü Rusiya dövlətindən 400 min rubl aldıq. Bundan başqa orada diasporlara prezident və qubernator tərəfindən qrantı ayrılır.

 

Bu il Azərbaycan cəmiyyəti olaraq 200 min rubl qrant udmuşuq. Onun köməyi ilə Müslüm Maqomayevin yubileyini keçirtdik. Dövlət tərəfindən artıq maddi dəstəyin olduğunu deyə bilərəm.

 

- Maraqlıdır, azərbaycanlılar Kamçatkada hansı problemlərlə üzləşirlər?

 

20 il bundan qabaq narkotikaya görə azərbaycanlıların adı çox hallanırdı. Bununla bağlı təbliğatımızı gücləndirdik və yaxşı nəticə əldə etdik. Artıq azərbaycanlıların adını bu işlərdə ya hallanmır, ya da çox az hallarda rast gəlinir. Kamçatkada pasport  problemi ən az azərbaycanlılarda var. Bu cür məsələləri tez yoluna qoyuruq. İş tapmayan insanların problemini qısa zamanda həll edirik.

 

- Kamçatkada həbsxana varmı?

 

- Bəli var.

 

-Kamçatka həbsxanasında azərbaycanlıların sayı nə qədərdi?

 

- Demək olar ki, çox azdır. 1990-cı illərdə çox idi. İndi isə 3-4 nəfər azərbaycanlı Kamçatka həbsxanasında cəza çəkir. 

 

Xəbər Lenti