Cabbarov Fazil Məmmədovun "ənənəsinə" son qoydu

 

Mikayıl Cababrovun Vergilər Nazirliyinin rəhbərliyinə təyinat almasından sonra iş müddətindən artıq işləməyə son qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, Fazil Məmmədovun vaxtında yaradılmış “ənənənə”ni artıq Mikayıl Cabbarov dəyişib. Axşam saatlarında nazirliyin yaxınlığından keçənlər də şahid idi ki, hətta gecə saat 10-11-ə qədər binada işıqlar yanırdı. İndi isə vəziyyət tam şəkildə dəyişib. İşçilərin iş saatı saat 09:00-dan 18:00-dək davam edir. Kimsə onları qeyri-iş saatlarında işləməyə məcbur etmir.

Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bildirilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

 

0.18705487251282