Cəlilabadda iki qonşunun 10 ildir həll olunmayan torpaq problemi-ŞİKAYƏT...VİDEO

 


Cəlilabad rayon Gülməmmədli kənd sakini İbişov Məhəmməd Ayaz oğlu redaksiyamıza şikayət edərək bildirib ki, ona məxsus olan torpaq sahəsi qonşusu Vəlican Paşayev və onun qohumları tərəfindən zəbt edilib. Buna görə də illərdir ki, M.İbişov dövlət tərəfindən ona verilən torpaq sahəsində əkin işləri apara bilmir.

Məsələni araşdırmaq üçün əməkdaşımız Gülməmmədli kəndinə yollanıb. M.İbişov söhbət zamanı deyib ki, V.Paşayevlə olan torpaq davasına son qoyulmasına görə Cəlilabadın keçmiş icra başçıları Əziz Əzizov və Namiq Zeynalov tapşırıq versə də, problem yenidən qalxıb. M.İbişov deyib ki, V.Paşayevin oğlanları və qardaşı uşaqları onun evinə hücum edərək həyat yoldaşı Zivər xanımı döyüblər və evinin qapı-pəncərələrini sındırıblar:
“Beş övladım var, onlardan ikisi birinci qrup əlildi. V.Paşayevgilin səyi nəticəsində isə aprelin 1-də oğlanlarım Elməddin və Saməddin Cəlilabad rayon Məhkəməsi tərəfindən həbs edilərək Kürdəxanı təcridxanasına göndərilib. V.Paşayev sənədlə dövlət tərəfindən mənə verilən torpaq sahəmin 1 hektarını zəbt edib. Bizim davamız illərdir ki, davam edir. Bununla bağlı hələ Cəlilabadın keçmiş icra başçısı Ə.Əzizov məcbur olub əraziyə gəldi və sədd çəkdirib torpağı ayırdı. Lakin sonradan V.Paşayev yenə mənim torpağıma girib yol saldı”.
M.İbişov deyib ki, 19.07.2020-ci il tarixində V.Paşayevin adamları onun evinə hücum ediblər:
“V.Paşayevgilin mal-heyvanı torpaq sahəmə girmişdi. Mən də heyvanları gətirib qapıma saldım. Daha sonra işim olduğu üçün evdən çıxdım. Bundan sonra mənim evimə V.Paşayevin oğlanları Cavid və Qədir, ardınca qardaşı və uşaqları Paşa, Valeh, Fəxrəddin, Əlican və Eyvaz Paşayevlər evimə hücum edib həyat yoldaşım Zivər xanımı döyərək ona bədən xəsarətləri yetiriblər. Bununla bağlı biz Cəlilabad Polis İdarəsinə şikayət etdik. Şikayətimiz araşdırılmasına bir müddət sonra fasilə verildi”.
M.İbişov bildirib ki, V.Paşayevin oğlu Cavid Vətən müharibəsində şəhid olandan sonra onlar yenidən şikayətçi olublar:
“Cavid Vətən müharibəsində şəhid oldu. Bir müddət sonra isə V.Paşayevin şikayəti əsasında davamızın cinayət işi yenidən qaldırılaraq bizə əlavə maddələr qoyuldu. Aprelin 1-də məhkəməmiz oldu və oğlanlarım Elmədin və Saməddin həbs edilərək Kürdəxanı həbsxanasına göndərildi. Aprelin 15-də isə növbəti məhkəmə prosesimiz olacaq”.
M.İbişovun oğlu, hərbi əlil Daşqın İbişov müraciət zamanı onlara qarşı edilən haqsızlığa görə ölkə başçısından kömək istəyib. O, bildirib ki, müstəntiq Elməddin Məmiyev onlara qanunsuz olaraq əlavə cinayət işi açıb və maddələr əlavə edib:
“Mən ölkə başçısı cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Baş prokuror Kamran Əliyevdən və daxili işlər naziri cənab Vilayət Eyvazovdan kömək istəyirəm. Bizə qarşı edilən bu haqsızlığa görə tədbir görsünlər. Müstəntiq Elməddin Məmiyev qanunsuz olaraq bir ailənin beş üzvünə cinayət işi açıb. Atamı Cəlilabad məhkəməsinin qərarı ilə beş sutka həbs ediblər”.
Əməkdaşımız qarşı tərəfin fikrini öyrənmək üçün şəhid atası Vəlican Paşayevlə də əlaqə saxlayıb. Şəhid atası əməkdaşımızla söhbəti zamanı bildirib ki, o, bu gün məsəlinin sülh yoluyla həllinə hazırdı:
“O torpaq sahəsində yol təyin olunub. O yer heç mənə lazım deyil, orda bizim səddimiz var. Bizim torpaq sahəsinin ortasından yol gedir və İbişov Məhəmməd həmin yolu kəsir. Mən onun 1 hektar yerini zəbt etməmişəm. Mən özüm şəhid atasıyam. M.İbişov çox haqsız adamdı. Canım üçün 2017-ci ildə məhkəməmiz oldu və mən tanınmış Seyidimizin sözüylə məhkəmədən ərizəmi geri götürdüm. O şəhid oğlumun ruhuna and olsun ki, üstündən bir həftə kemişdi ki, yenə dava-dalaş başladı. Biz onun evinə hücum etməmişik, davamız küçəmizdə olub. Bunlar çox qəliz adamdı. Onun oğlanları məni təhqir etdiyi üçün məhkəmə tərəfindən həbs edildi. Qapıma gəlib xahiş etsəydi, barışardım. Barışmağım üçün qardaşımdan da xahiş etmişdilər”.

Mənbə:Xəbərfakt.az

PS. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

0.14872908592224