Milli zövqümüzün Azərbaycan
poeziyasında tərənnümü

 

Azərbaycan şeiri xalqımızın ruhudur, nəfəsidir, düşüncəsidir

 Poeziya insan zövqünün inkişafına xidmət edən estetik dəyərdir. Poeziya estetik dəyərlərə xidmət etməsi ilə yanaşı həm də mənəvi qidadır. Mənəvi qidamız olan şeiriyyətı tanrıya müraciət də adlandırmaq olar. Tanrı qatında ilahi varlıqla həmsöhbət olmaq istəyən insan məhz bu dili, bu müraciət formasını seçdi.

Təsadüfi deyil ki, Allah öz hökm və qanunlarını bəşər övladına məhz seiriyyət dili ilə yolladı. Müqəddəs kitabımız olan "Qurani-Kərim"-də olduğu kimi.

İlahi hissə qarışan şeiriyyət Tanrını vəsf etmək üçün bir səbəb oldu. Bəlkə elə bu səbəbdəndir ki, orta əsrlərdə insan ilahi sevgisini şeiriyyət dili ilə ifadə edirdi. Bunun üçün müxtəlif formalar, müxtləf qəliblər, üslublar axtarıb tapırdı. Nəsimidən Füzuliyə ötürü-lən Azərbaycan seiri İlahiyə olan eşqini nəzmlə ifadə etdi. Və bu ənənə müasir dövrümüzə qədər davam edir.

 Səndən sənə ərz eyləyən dilimi kəs,
Sənə sarı uzatdığım əlimi kəs,
Sındır məni, pəsimi kəs, zilimi kəs,
Tək ruhumun bağlarını kəsmə Tanrım.

 Bax, bu idi Tanrıya olan təmənnaslz insan sevgisi. İnsan Tanrısından ruhunu almamasını, sevgisini ondan əsirgəməməsini belə diləyirdi. Allah sevgisi ilə yanaşı insan yer üzünün əşrəfi kimi də özünə böyük dəyər verir.

 Əlsizin əllərində
dönmədinsə əsaya,
Nə Məhəmmədə güvən
nə həzrəti İsaya,
Ürəyi qırılanın könlünü
almadınsa,
"Nə tutduğun o oruc,
nə də ki, namaz keçər",
Tanrının dərgahında
Tanrı səndən vaz keçər.
(Z. Yaqub )

Zəlimxan Yaqub, bax belə görürdü Tanrı ilə insan əlaqəsini. Şair öz yaradıcılığında Tanrıya yetməyin tək yolunun mərhəmətdən keçdiyini ifadə etməyə çalışırdı. Bu Azərbaycan xalqının əsl dəyəridir. Mərhəmətli olmaqla Tanrıya ucalmaq Azərbaycan xalqının ən böyük missiyasıdır. İlahiyə ucalmaq, Tanrıyla bir olmağın ən böyük yolu isə vətən sevgisindən keçir.

 Əzizim vətən yaxşı,
 Geyməyə kətan yaxşı,
 Qürbət cənnət olsa da,
 Ölməyə vətən yaxşı.

Bəli, əsrlərdir xalqımız öz vətənini bax, belə əzizləyir, Vətənə belə dəyər verir. Xalq poeziyasında öz əksini tapan vətən sevgisi əsrlərdir inkişaf edərək aşıq poeziyasından müasir poeziyaya keçdi.

 

Azərbaycan mayası nur qayası nur ki,
Hər daşında alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa qalx ki,
Ana yurdun ürəyinə toxuna bilər

- dedi bu xalqın oğulları. Məmməd Araz vətənin daşı, mamırı olmağı özünə şərəf bildi. Şairlər öz nakam sevgilərini Azərbaycanı ikiyə bölən xan Arazla müqayisə etdilər. Bu Musa Yaqubun dilində belə səsləndi:

 

Araz boyu çox məkanlar görmüşəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz

-deyən şair öz nakam eşqini bax, belə ifadə etdi.

Vətənin azadlığını hər şeydən uca tutan Azərbaycan xalqı Sovet İmperiyası dövründə milli azadlığı üçün var qüvvəsi ilə mübarizə apardı. Xəlil Rza kimi, milli ruhun, azad vətənin eşqi ilə alışıb yanan şairlərimiz azadlığı belə arzu etdi:

Azadlığı istəmirəm,
zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri
 qıram gərək, qıram, qıram,
Azadlığı istəmirəm
 bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi,
günəş kimi, cahan kimi!
Çəkil, çəkil ey qəsbkar,
mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
  mən ümmanlar təşnəsiyəm!

Vətənin hər daşına hər çiçəyinə təzim edən şairlərimiz yurdun faciəsini də qələmə almağı unutmadı. Qarabağın işğalından sonra bu dərd milli poeziyamızın ortaq mövzusuna çevrildi. Zəlimxan Yaqub poeziyasında, zəngin dil koloritində "O günü gözləyirəm" şeirindəki Şuşa yanğısı öz əksini belə tapdı:

Şuşada bir doyunca
könlümdən gəzmək keçir,
o günü gözləyirəm.
Qalxıb Cıdır düzünə
 gülümü dərmək keçir,
o günü gözləyirəm.
Məni Şuşada görə,
düşmən baxa xar ola,
Daşaltının hər daşı
düşmənə məzar ola,
o günü gözləyirəm.
Öz gülüm, öz çiçəyim
öz əlimlə dərilə,
Görə bu xoş günləri,
şəhidlərim dirilə,
o günü gözləyirəm.
Qarabağ deyiləndə
torpaq qalxa ayağa.
Ehtiyacı olmaya
bir səddə, bir dayağa,
o günü gözləyirəm.
Hanı Şuşa torpağı,
gülü kəfənim olsun,
Mənimdir, mənimkidir,
həmişə mənim olsun,
o günü gözləyirəm.

Vətən türk xalqı üçün ana deməkdir. Ana vətən kəliməsində vətən və ana sintezi, bu iki məvhum arasındakı doğmalıq təsadüfi deyil. Ana və vətən bizlər üçün eyni doğmalıqdadır. Vətəni sevməyi anamızı sevməkdən öyrənirik.

 

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu,
Südüdür kim dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən

 - ana və vətən sevgisindən doğan birgəlik Abdulla Şaiq dilində bax, belə açıqlanır. Gərəkdiyi zaman bizi sinəsi üstündə ana tək bəsləyən vətən üçün ölməyi də bacarmalıyıq. Çingiz Mustafayev, Mübariz ibrahimov, Fərid Əhmədov, Samir İmanov kimi...

Ana mövzusu Azərbaycan poeziyasında bir ayrı rəngə, bir ayrı çalara məxsusdur. Ana haqqında çox şeirlər yazılıb, çox sözlər söylənilib. Və bu şeirlər içində Bəxtiyar Vahabzadənin "Ana" şeri xüsusi yer tutur. Həzin, kövrək, etiraf və həsrət dolu bu şerdə böyük şairin itirdiyi anasına bəsləmiş olduğu ayrılıq acısı böyük ustalıqla şeirdə öz əksini tapıb. 

 Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan
Elə bil dünyada heç yox imişsən.

 Günəş qürub etdi, otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi,
İndi düşünürəm səndən nə qaldı,
könlümdə xatirən qara xal kimi.

 Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni,
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.

 Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarnı
Mən sənə qaytarım cənazəndəmi?

 "Yuxun şirin olsun"-deyərdin mənə,
"Yuxun şirin olsun"-deyimmi sənə?
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,

 Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.

 Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə...

 Azərbaycan poeziyasında ana, sevgi, şəfqət, xeyirxahlıq, qayğıkeşlik simvoludursa, ata güc, iradə, böyüklük simvoludur. Bu mənada ata sevgisi, ata əzmi poeziyamızın güc, qüdrət rəmzinə çevrildi. Bunun ən bariz nümunəsinə Əli Kərimlinin şeirində rast gəlirik.

O sərt idi səhər dərsə
                  tələsəndə mən
Bildirməzdi yolda
                  durub boylandığını
Bircə dəfə söz açmazdı
                 qəlbindəkindən
Söyləməzdi övlad
                üçün çox yandığını
Gizli-gizli məni süzüb
                  gülərdi hərdən
Durub-durub güc gələrdi
                   əyri qəlyana
Övladına bircə dəfə
                   can söyləməkdən
Övlad üçün can
                 verməyi asandı ona

Zəhmətsevər, ağır, enli,
                       cod əli vardı
Tale kimi endirərdi
                       çiynimə hərdən
Sərt üzünə bircə
                   anlıq səhər doğardı
Bilməzdim ki, hansı
                    nurlu düşüncələrdən
Sevgisi də soyuq idi təzə əkini
Hər bəladan hifz eləyən
                           qalın qar kimi
Moskvada oxuyurdum
                     tərk etdi məni
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə
                      Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb
                  öz ölümündən
Ah o niyə belə etdi, bu nə qübardı
Nə zamansa bu nişanda
                      bir atam vardı.

 

Azərbaycan poeziyası hər zaman öz milli mənəvi dəyərləri ilə seçilib fərqlənib. Bunun isbatı elə Azərbaycan poeziyasının özüdür.

Azərbaycan poeziyası ona məxsus bütün milli-mənəvi dəyərlərini sözə, səsə çevirməyi bacarıb. Belə demək mümkünsə -"Buludun, kamanın, məzar daşının, dar ağacının, günəşin, çıçəyin, mamırın, yosunun, balığın, şəhid qanına boyanmış torpağın, bayatının, dağın... içindən keçib üstünə qayıdan bu səs" vətən övladının səsidir. Azad ruhlu Azərbaycan övladı bu səsin, sözün sehrinə qarışar, yox olar, söz olub, kəlmə, kəlmə seirə axar, poeziyaya dönüşüb şeirdə var olar.

 İnsan olar dahi insan yanında,
Dahi adiləşər nadan yanında.

 Yadına o da düşər ki, nə vaxtsa həmin o səsdən tutub dikəlmisən, bir misralıq pıçıltı ilə sınmaqdan, ovulmaqdan qurtarmısan. Bax, budur Azərbaycan poeziyası. Azərbaycan şeiri xalqımızın ruhudur, nəfəsidir, düşüncəsidir.

Zəngin koloriti, axıcı dili, kamil fəlsəfəsi və nəhayət zəngin milli -mənəvi dəyərləri ilə seir sənətinin fövqündə dayanır Azərbaycan poeziyası.

Bu gün milli dəyərlərimizin şeir sənətində araşdırılması Azərbaycanşünaslıq elminin ən vacib məsələlərindəndir. Çünki zəngin poeziyamız yalnız xalqımızın mənəvi qidası deyil, eyni zamanda minilliklər boyu formalaşdırmış olduğumuz zəngin irsimizin bariz nümunəsidir.

Baxın, bütün bu deyilənləri nəzərə alaraq şeirimizə, poeziyamıza sahib çıxmaq vacib məsələlərdəndir.

Yeri gəldikcə Xəlil Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim, Vaqif Səmədoglu  və onların simasında digər dəyərli şairlərimizin isri araşdırılmalı və xarici dillərə tərcümə edilərək dünyaya tanıdılmalıdır.

0.26334095001221