BƏNDƏNİN YARADAN QARŞISINDA ETİBARI VƏ ETİMADI

 

İnsanı yoxdan var edən Allahdır. Hər bir fərdin dünyaya gəlməsi yalnız Onun iradə və istəyilə olur. Ata və ana bu ilahi istəyin vəsiləsi, vasitəçisindən başqa bir şey deyil. Elmilə dünyaya meydan oxuyan, fəqət, nəinki bir qarışqanı, hətta bir qum dənəsini belə yarada bilməyən insan, heç başındakı saçının bir dənəsinin uzunluğunu da nizamlaya bilmir. "Bir qum dənəsini yarada bilsəydim, dünyaya meydan oxuyardım"    

(A.Eynşteyn)

 Rəbbin əmanətləri

 Hər bir sənət əsəri müəllifinin yadigarı, əmanəti olduğu kimi, hər bir fərd də ruhu və cismilə Onun əmanətidir. Həmin səbəbdən, Rəbbin əmrlərindən biri, insanın özünə və başqasına qəsd etməməsidir. Təsadüfi deyil ki, İslamda intiharın böyük günah olması Rəbb əmanətinə xəyanət kimi ağır günahlardan sayılır. İnsanın malı və sərvəti Allahın əmanətləridir. Çünki ən azı su, torpaq, günəş və hava olmasaydı, nə insan, nə də onun ruzi və sərvəti olardı. Həmin səbəbdən, can və malının Allahın əmanəti olduğunu dərk edib, qulluq əqidəsilə yaşamaq bəyənilən iş, Ona qul və əsgər olmaq, Onun yolunda ölüb-öldürmək çox xeyirli əməl, ülvi və şərəfli vəzifədir. "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub, öldürən və öldürülən möminlərin canını və malını Cənnət müqabilində satın almışdır" (Tövbə, 111). Ayədən göründüyü kimi, bəndənin Cənnətə girməsi üçün tələb olunan şərtlərdən ən əsası onun mömin olmasıdır. Mömin isə əmanətə xəyanət etməz. "Firdovsi Cənnətinə varis olanlar əmanətlərini və əhdlərini qoruyub saxlayan və namazlarına riayət edən möminlərdir" (Muminun, 8). Xəyanətin ziddi olan əmanət, əminlik, qorunması üçün bir kimsənin məsul olduğu vəzifədir. "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa qılmayanın dini yoxdur" Peyğəmbər(ə) kəlamıdır. Əmanətin böyük dəyər kimi peyğəmbərliyin 7 sifətindən biri olması təsadüfi deyil. Onlar bir kimsənin irzinə, malına və canına xəyanət etməkdən uzaqdırlar. Yeri gəlmişkən, həz. Məhəmməd peyğəmbər olmazdan qabaq Məhəmmədul-Əmin ləqəbilə tanınırdı.

İslama görə, Allah yolunda ölüb-öldürənin əmanətə xəyanəti istisna olunmaqla, bütün günahları əfv edilir. Əmanətə xəyanət edən qul, Allah yolunda ölsə belə, qiyamət günü yaxalanar və ondan tələb olunar ki, əmanəti sahibinə qaytarsın. Bəndə bunu edə bilmədiyi üçün Cəhənnəmə atılar. "Tövbə" 111 ayəsinin həm də əmanətin qorunması kontekstindən təfsirlərindən biri belədir : "Bir hökmdar rəiyyətindən olan iki adamın hər birinə böyük və işlək bir təsərrüfatını əmanət verir. Lakin fırtınalı bir müharibə zamanı olduğu üçün təsərrüfatın müflis olacağı qaçılmaz olur. Hökmdar hər iki nəfərə fövqəladə mərhəmət göstərərək, yavəri-əkrəmindən bir fərman göndərir. Fərmanda deyilir: Müharibə vaxtı siz mənim əmanətlərimi işlədə bilməyəcək və müflis olacaqsınız. Əlinizdə olan əmanətimi mənə satın ki, sizin üçün mühafizə edim. Müharibə qurtarandan sonra isə həmin təsərrüfatı sizə qaytarıb, əmanətimi və ondan alınan bütün gəlirləri sizin malınız edəcəyəm.

Bu iltifat və fərmanı dinləyənlərdən biri dedi: "Baş üstə". Digəri isə: "Xeyr. Hökmdar kimdir? Mən mülkümü heç kimə satmaram" - deyir. Müharibə qurtarandan sonra birinci adam hamının qibtə edəcəyi mərtəbəyə çatır. İkinci isə hamının ona yazığı gəldiyi duruma düşüb "müstahaq"a (layiqli cəzaya) sahib olur. Çünki o, xətasının nəticəsi olaraq, həm səadət və mülkini itirdi, həm də cəza alıb, əzab çəkdi.

Ey insan! O hökmdar, əzəl-əbədi Sultan, hökmdarlar hökmdarı, din gününün sahibi olan Rəbbin və Xaliqindir. O təsərrüfat sənin cism və ruhun da daxil olmaqla, yaşadığın həyat, malik olduğun övlad, mal-mülkdür. O yavəri-əkrəm Rəsuli Kərim Məhəmməd Əleyhissalətu vəssələmdir. O fərmani-Əh-kəm Quranı-Kərimdir. O fırtınalı müharibə meydanı isə bu fani, ani, aldadıcı dünyadır ki, dəyişir, dönür, pozulur. Bu zaman insanın ağlına belə fikir gəlir: "Madam ki, hər şey əlimizdən çıxacaq, fani olacaq, əcəba, əbədiyyətə qovuşmağın çarəsi varmı?" Quran buyurur: "Var və çarə əmanəti sahibinə qaytarmaqdır".

 Beş xeyir

 Əmanəti sahibinə qaytarmağın ən azı beş xeyri var: 1) Fani mal bəqaya (əbədiyyətə) çevrilir. Çünki Qayyum və Bəqi olan Allaha verilən və Onun yolunda sərf edilən bu müvəqqəti ömür, bəqiyə çevrilib, bəqi meyvələr verər. Bu zaman ömrün vaxtı toxumlar, çəyirdəklər hökmündə olub torpağa qovuşar, çürüyər. Fəqət onlar Aləmi-bəqada səadət çiçəkləri açıb sünbülləşər, dirilərlər. Və axirətdə də işıqlı və gözəl bir mənzərənin şahidi olarlar. 2) Əmanəti sahibinə qaytarana Cənnət verilir. 3) Xeyrin biri də insandakı əza, hiss və duyğuların qiymətinin artması ilə əlaqədardır. Məs., ağıl bir alətdir. Əgər ağıl Allah naminə yox, nəfs hesabına işlənərsə, bu zaman o, uğursuz, rahatsız bir alətə çevrilər. Və nəticədə həmin dəyər sahibini keçmişin kədəri, gələcəyin dəhşətlərilə mübarizədə tək buraxıb, onu rüsvay edər. Ağlın məhz bu qüsurundan günahkar adam içki, əyləncə və digər haramlara mübtəla olur. Əksinə, əgər ağıl Rəbb naminə işlənsə, bu zaman o, tilsimli açar kimi rəhmət xəzinələrini və hikmət dəfinələrini açıb, sahibini əbədi səadətə hazırlayan Rəbbani mürşid dərəcəsinə qədər ucaldar.

İnsana əmanət verilən göz də elə bir alətdir ki, ruh bu aləmi həmin pəncərə ilə seyr edir. Əgər bu dəyər Allaha satılmayıb, nəfs hesabına çalışarsa, bu zaman o, keçici, cəlbedici və aldadıcı istəkləri seyr edər. Və nəticədə göz nəfsin həvəsinə işləyib, şəhvət və digər haramlara baxmaqdan ləzzət alar. Əksinə, əgər göz, gözü Yaradana satılıb, Onun naminə işlərsə, o zaman həmin dəyər bu böyük kainat kitabının mütaliəçisi, ilahi sənət möcüzələrinin seyrçisi, Yer kürəsi bağçasındakı rəhmət çiçəklərinin mübarək bir arısı dərəcəsinə qalxar. Deməli, insana əmanət olaraq verilən hər bir əza, hiss və duyğunun hansı səmtə yönəldilməsindən asılı olaraq, mömin Cənnəti, kafir isə Cəhənnəmi qazanar. Bunun səbəbi: Möminin imanı ilə Yaradanın əmanətini Onun naminə işlətməsi; kafirin isə əmanətə xəyanət edərək, həmin dəyərdən nəfsi-əmmarə (heyvani nəfs) üçün istifadə etməsidir. 4) Məlumdur ki, insan həm də zəif, tələsən, fağır, bəlaları çox, həyat yükü ağır və ehtiyacı qurtarmayan məxluqdur. Əgər o, sonsuz qüdrət sahibi Allaha təvəkkül etməzsə və etimad edib Ona təslim olmazsa, bu zaman vicdan həmişə onu məngənədə saxlar. Sonsuz məşəqqətlər, kədərlər, nəticəsiz təəssüf və məğlubiyyətlər onu boğar. Bu zaman o, ya canavar, ya dəli, ya qul, ya sərxoş, ya da narkomana çevrilər. 5) Bəndənin bütün əza və mənəvi alətlərinin təyinatına görə- Allah rizası üçün işlədilməsi və həmin dəyərlərin haqqının özlərinə qaytarılması insanın onlara möhtac olduğu gündə- axirətdə lazım olacaqdır.

 Beş zərər

 Mal və canını Allaha yox, Şeytana satan isə beş xeyirdən məhrum olmaqla yanaşı, həm də beş zərərə düçar olar. Bu zaman: 1) Sevilən mal və övlad, pərəstiş edilən nəfs və istək, məftun olunan gənclik və həyat zay olub gedər. Lakin onlar öz günahlarını insana yükləyib, onun boynuna dolayıb gedərlər. 2) Əmanətə xəyanətin cəzası var. Çünki ən qiymətli dəyərlər ən qiymətsiz şeylərə sərf edildiyi üçün zülm qaçılmaz olacaq. 3) Həmin bəşəri dəyərlərin heyvandan da aşağı səviyyədə istifadəsi ilahi hikmətə iftira və zülm etmək deməkdir. İlahi hikmətə zülm edənə isə, həmin hikmətin Sahibi-Hakimi cəza verər. 4) Aciz və fağır olmasına rəğmən, dəyərlərini Allaha satmayan kafir, ağır həyat yükünü zəif belinə yükləyib daim fəryad edər. 5) Əbədi həyatın əsaslarının və axirət səadətinin ləvazimatını tədarük etmək üçün Rahmənin verdiyi maddi, mənəvi hədiyyələr, Cəhənnəm qapısını açan şeytani dəyərlərə çevriləcəkdir.

 Bir ayənin müxtəlif təfsirləri

 Rəbbin yerdəki xəlifəsi olan insan həm də ən böyük əmanətin daşıyıcısıdır. "Biz əmanət göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalım və çox cahil olan insan isə onu götürdü" (Əhzab 72). Ayədən göründüyü kimi, Quranın möcüzələrindən biri də bəzi dərin və çətin anlaşılan ayələri təşbih və təmsillərlə (misallarla) izah etməsidir: "Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içində) ən çox mübahisə edəndir" (Kəhf 54). Bu baxımdan heç də təsadüfi deyil ki, təfsirçilərdən Zəməxşəri (v.e.1144), Beydavi (v.e.1286), Alusi (v.e.1853), Kurtubi (v.e.1273), Yazir (v.e.1942) və başqaları Əhzab 72 ayəsinin də misal, bənzətmə üsulu ilə nazil olan Allah kəlamı olduğunu qəbul ediblər.

Sözügedən ayənin bənzətmə üsulu ilə mənası belədir: guya əmanət göylərə, Yerə, dağlara təklif edilib. Və onlardan da soruşulub: verdiyim əmanəti mühafizə edə bilərsinizmi? Onlar da: Xeyr! Biz bu ağır və məsuliyyətli işin altına girə bilmərik - deyiblər. İnsan isə həmin əmanətə sahib çıxacağına razılıq verib, onu götürüb. Lakin o, həmin əmanətin mənəvi ağırlığını dərk etmədiyi üçün çox zalım və cahil oldu. Yəni bu ağır əmanəti götürməklə başqa məxluqa yox, özünə zülm etdi və cahilliyi üzündən üzləşəcəyi çətinliyin ağır nəticəsini bilmədi. Ümumiyyətlə, insan gördüyü işlərə görə ikili mahiyyətə malikdir. Fitratı təmiz, kainatın şərəflisi və göz bəbəyi, Rəbbin yerdəki nümayəndəsi (xəlifəsi) olan insan, həm də unutqan, tələsən, zalım, cahil, çox mübahisə edən məxluqdur. Bir sözlə, insan fitratdan verilən dəyərlərlə həmişə məşəqqətdə, əziyyətdə və mübarizədədir: "Biz insanı məşəqqətdə yaratdıq (doğulandan ölənə kimi əziyyətdə olur)" (Bələd 4).

Ayəni Beydavi belə şərh edib: "Ayədən murad bəlkə də ağıl və təklifdir (dini borc, məcburiyyət, dəvət). Əmanətdən göylərin, yerin və dağların imtina etməsi, onların buna ləyaqət və qabiliyyətinin olmaması səbəbindəndir. İnsan isə bu əmanətə sahib çıxacaq dəyərlərə malik olmaq şansını (bacarığını) nəzərə alıb, onu (təklifi) götürüb. Lakin insanın həm də çox zalım (əl, dil və qələmlə zərər verən) və çox cahil (elmsiz, qafil, bixəbər, avam, nadan) olması, onun həmin əmanətə sahib çıxmasına mane olur. Səbəb də, insana fitratdan şəhvət (istək, arzu) və qəzəb hissinin haram və bəyənilməyən səmtə yönəlməsidir". Yəni, insan bu əmanətə ağlı ilə sahib olar. Fəqət, o, əksinə, qəzəb duyğusunun ifratından zalıma, şəhvət duyğusunun ifratından da cahilə çevrilə bilər.»

Müsəlman aləmində İslamın dəlili adlanan Qəzzali (v.e.1111) bu əmanəti "mərifət (elm) və təhdid" kimi şərh edib. Ayədə zikr olunan əmanəti mərhələlərə bölən və onu özünəməxsus tərzdə şərh edən Bursəvi (v.e.1725) yazıb: "Sözügedən əmanət üç mərhələdən ibarətdir: 1) Dinin mükəlləf bildiyi şeylər (namaz, oruc, yaxşı işlərə dəvət, pislikdən çəkinmək və s.). Əmanət necə gözlənilirsə, həmin ibadətlər də elə qorunmalıdır; 2) Məhəbbət, eşq və Allah segisi. İnsan məhz bu dəyərlərin özəlliklərilə mələklərdən üstün olur; 3) Bu, heç bir vasitə olmadan alınan, kəsb olunan ilahi feyzdir. Üç mərtəbədən birincisi avam (xalq, kütlə, dini bilgisi olmayan); ikincisi havas (dini bilgiləri olan); üçüncüsü əhassi havas (Allaha ən yaxın olanlar) üçündür".

"(Ya Peyğəmbər) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allah qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin. Biz bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə düşünələr" (Həşr 21). Bəzi müfəssirlər bu ayəyə istinadən ehtimal edirlər ki, Əhzəb 72-də sözügedən əmanət Qurandır. Göründüyü kimi, istər klassik, istərsə də sonrakı təfsirçilərin heç biri Quranda adı çəkilən əmanətin nə olduğu barədə birmənalı fikirdə olmayıblar. Lakin bu heç də o demək deyil ki, həmin fikirlər mahiyyət xarakterlidir. Buradakı fikir müxtəlifliyi əmanətin növləri (əmanətin konkret nə olması) barədədir. Ayənin hikməti əmanətin konkret nə olmasından daha çox, əmanəti kimin götürməsidir. Və götürənin onu necə mühafizə etməsi məsələsidir. Bu, kiçik aləm olan insanın özüdür. Çünki Rəbbin şah əsəri olan insan Allahın əmanəti yox, özü-özünün sahibi olsaydı, intihar böyük günah sayılmazdır.

 İlahi xəlitənin iki üzü

 İnsan bir ilahi sirli xəlitənin iki üzüdür. Biri Allah naminə çalışması ilə mələklərdən belə üstün varlıq, Allahın yerdəki xəlifəsi, canişini, Onun şah əsəri və müqəddəs məbədi. Bütün səmavi kitablar, Qüds, Mədinə, Məkkə, Kəbə məhz bu insan üçün yaradılıb və ona xidmət edir. Digəri isə heyvani nəfsə uyaraq, heyvandan da aşağı rəzil varlıq. Belə mənfur ikiayaqlı məxluqlar Allah əmanətlərinə xəyanət edib, Şeytanla iş birliyi yaradırlar. Onlar Xaliqə xəyanət və xalqa ihanət (alçaltma, təhqir, etinasızlıq) edərək, zəlzələ, vəlvələ, daşqın və yanğından; köçkün, qaçqın, yetim və əlilin məvacibindən; təhsil və tibbdən; və daha nələrdən...nələrdən iblissayağı yararlanan xainlər, böyük günah işlədənlərdir. Göründüyü kimi, Rəbbin əmanət olaraq verdiyi dəyərlərin kimə satılmasından asılı olaraq, bəndə ya ölməyən əzab və rüsvayçılıq məkanı Cəhənnəmin, ya da əbədi səadət və əbədi mükafatın- Cənnətin sakini olur. Bəziləri insanın hər iki əlinin haramlara daha çox uzanmasını nəzərə alaraq düşünür ki, bəndənin Cənnət müqabilində can və malını Allaha satması çox çətin məsələdir. Lakin bu, qətiyyən və əsla belə deyil. Çünki: əvvəla, halal dairəsi çox genişdir və o ləzzətlərə kafidir. Həmin səbəbdən, harama girməyə heç lüzum da yoxdur. İkincisi, Allahın fərz, vacib buyurduğu şeylər həm icrası çətin olmayan, həm də sayı az olan şeylərdir. O ki qaldı kiçik günah və qüsurlara, əlbəttə, bəndə nöqsanlardan da xali deyil. Günah etməyən insan olsaydı, nə tövbə əmri olardı, nə də onun qapısı açıq saxlanılardı. Elə isə, ya Rəbb! Günahlarımızı əfv et. Bizi qulun hesab et. Əmanətlərini almaq zamanına qədər, Quran da daxil olmaqla, bizi əmanətlərində əmin et. AMİN

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.19921398162842