Qul münasibəti, yaxud sən artıq "ölüsən"...

 

İnsanlar nə üçün öz haqq və hüquqlarını qoruya bilmir?

 Azərbaycan hökuməti, eləcə də bu hökuməti təmsil edən, soyan, talayan və ümumiyyətlə təqaüdə ehtiyacı olmayan, eyni zamanda ən yüksək təqaüd alan məmurlar və deputatlar çetesi sübut etdi ki, ölkəmizdə orta yaş həddi 70-75 civarında olduğu üçün, insanlar təqaüdə yalnız 65 yaşında çıxa bilərlər. Bunu hansı yolla, necə sübut etdikləri isə özlərindən başqa heç kimə məlum deyil. Əslində, burada gizli bir şey yoxdur. Məlumdur ki, heç bir məmur, yaxud deputat isti kreslosundan əl çəkib təqaüdə çıxmaq istəmir (əlavə gəlir mənbələrini itirərlər axı). Baxmayaraq ki, onların təqaüdləri orta statistik Azərbaycan təqaüdçüsünün pensiyasından 10 dəfə çoxdur. Amma ölkəmizdə fəaliyyət göstərən bir çox banklar və digər kredit təşkilatları isə 65 yaş civarını keçən bütün insanları potensial ölü hesab edir və onlara hər hansı bir şəkildə kredit xidmət göstərməkdən imtina edirlər. Burada ciddi bir sual ortaya çıxır. Bu haqqı onlara kim verib? Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən bütün banklar və digər kredit təşkilatlarının sahibləri və himayədarları həmin məmurlar və deputatlardır, demək ki, bu insanların məqsədləri heç də yaşlı insanlara kömək etmək yox, əksinə, onları ümumiyyətlə cəmiyyətdən təcrid edərək, daha ağır vəziyyətə samaqdır.

Bu insanlar, həqiqətən də elə bir duruma salınıblar ki, öz doğal haqqlarını belə, qorumaq imkanında deyillər. Çünki məmur çetesinin təklifi ilə deputatların qəbul etdiyi qanunlar da, yalnız onların özlərini müdafiə edir.

Bu gün dünyada ən çox müzakirə olunan mövzulardan biri də, insan haqlarının qorunmasıdır. Azərbaycanda da insan hüquqlarının qorunması ilə bağlı çox sayda qanunlar qəbul olunub. Ölkəmizdə insan hüquqlarının "müdafiəsi" ilə məşğul olan onlarla Qeyri-Hökumət Təşkilatları (QHT) "fəaliyyət" göstərir. Azərbaycan insan haqlarının müdafiəsi ilə bağlı olan bütün beynəlxalq təşkilatlara üzvdür. Lakin çox təssüflər olsun ki, ölkəmizdə insan haqlarının pozulması adi hala çevrilib. Birini artıq yuxarıda qeyd etdim.

Bu da təəssüfləndirici haldır ki, dünyanın ən demokratik ölkələri saydığımız, bir sıra Qərb dövlətlərində də, insan haqq və hüquqlarına heç də hər zaman sayğı ilə yanaşılmır. Son illər bir çox Avropa dövlətlərində baş verənlər də, buna bir daha sübut etdi. Son prezident seçiləri və ondan sonrakı dönəmdə Amerikada baş verənlər, bu dövlətin heç də demokratik bir ölkə olmadığını ortaya qoydu. Bütün bunları ona görə qeyd etmədim ki, orada da, bu kimi hallar baş verirsə, biz ölkəmizdə baş verənlərə göz yummalıyıq. Əksinə, biz bütün bu neqativlərdən nəticə çıxararaq, daha mükəmməl bir cəmiyyət qurmağa çalışmalıyıq.

İnsan haqq və hüququ dedikdə biz hansı məsələlərə daha çox diqqət edirik və etməliyik?

İnsanın doğal haqqı Allahtəalə (C.C) tərəfindən ona verilən yaşamaq haqqıdır ki, bu haqqı onun əlindən heç kim ala bilməz.

Haşiyə:- Burada insanlığa, ümumiyyətlə bəşəriyyətə qarşı cinayətlər törətmiş şəxslərin edam olunması məsələsi xüsusi müzakirə mövzusudur və dünyanın bir çox dövlətlərində ölüm hökmünün ləğv edilməsinin tərəfdarları günü-gündən artır. Bu da ondan irəli gəlir ki, bəzi ölkələrdə yüngül cinayətə görə insanı edam edir, ona ölüm hökmü çıxarılır. Məsələn, dünyanın ən demokratik ölkəsi kimi tanıdığımız Amerikanın bir çox ştatlarında bu gün də ölüm hökmü qüvvədədir. Çin, Şimali Koreya, İran və bəzi ərəb ölkələrində də ölüm hökmü hələ də ləğv olunmayıb.

Azərbaycanda isə müstəqillik elan edildikdən bir müddət sonra ölüm hökmü ləğv olunub. Bu cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub. Bütün bu qanunlar da  bilavasitə insan haqq və hüquqlarının qorunmasına xidmət etməlidir.

Bununla belə, o da danılmaz faktdır ki, ölkəmizdə qlobal miqayasda olmasa da, insan haqq və hüquqlarının cəmiyyət və məişət səviyyəsində pozulması prosesi hər zaman olub və bu gün də davam edir.

Hüquq-mühafizə orqanları məişət səviyyəsində, dövlət isə cəmiyyət səviyyəsində baş verən insan haqq və hüquqlarının pozulması faktlarına dıranqarası baxır, bir çox hallarda isə buna ümumiyyətlə reaksiya verilmir.

Məsələn, bugünlərdə 20 yaşında gənc bir qız intihar edib. Hüquq-mühafizə orqanları məlumat yayıblar ki, məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Sosial şəbəkələrdə isə intihar edən qızın son yazışmaları yayılıb. Həmin gənc qızın hüquqlarını pozan, onu həyatla vidalaşmağa məcbur edən kim olsa yaxşıdır? Qızın ən yaxın çevrəsi-ailəsi.

Müəyyən mənada onları da başa düşmək olar. Onlar da öz-özlüyündə qızlarını cəmiyyətdəki pisliklərdən qorumaq istəyiblər. Çox yaxşı. Amma insanı bu dərəcədə alçaltmaq, onunla bir əşya kimi davranmaq, təhdid etmək və nəhayət intihar həddinə çatdırmaq haqqını onlara kim verib- Cəmiyyət. Çünki biz məişət zəmində baş verən bu kimi hallara heç də hər zaman həssaslıqla yanaşmırıq. "Özləri bilər"-deyib, kənara çəkilirik. Universitet tələbəsi olan bu qız, artıq müstəqil insandır və özü istədiyi kimi yaşamaq hüququ var. Belə bir insanın ailə dəyərlərin qorumaq adı ilə doğal hüquqlarını əlindən almaq, nadanlıqdan başqa bir şey deyil. İndi o insanlar bu həyatda necə yaşayacaqlar, onların göz yaşların inanmaq olarmı? Çətin sualdır, amma cavabsız deyil. Bu insanlar törətdikləri əmələ görə adekvat cəza almalıdırlar ki, digərlərinə də dərs olsun. "Məişət hadisəsidir", deyərək bu kimi zorakılıq hallarını nəzarətdan kənarda qoymaq olmaz. Bu kimi hallar, məhz məişət zəminində insan haqlarının pozulması kimi qəbul olunmalıdır.

Digər bir məsələyə diqqət edək. Məktəb direktoru qız uşaqlarını məktəbə hicabla gəldiklərinə görə dərsə buraxmır. Məktəb direktorunun belə bir haqqı və hüququ varmı? Nə hüquqi, nə də insani dəyərlər baxımından yoxdur. Sadəcə, məktəb direktoru əlində olan səlahiyyətlərdən sui-istifadə edərək, hegemonluq edir. Bu insan öz əməli ilə körpə uşaqların qəlbini qırdığının belə, fərqində deyil. O sadəcə olaraq, özünü uşaqlardan və valideynlərdən üstün mövqedə olduğunu nümayiş etdirmək istəyir. Əslində, bunun özü də insan hüquqlarının pozulması faktıdır və belə davranışlar cəzasız qalmamalıdır. 

Bugün Azərbaycan demokratik prinsiplər üzərində inkişaf edən azad və müstəqil bir müsəlman ölkəsidir. Bu ölkənin vətəndaşları da azad və sərbəst yaşamaq hüququna malikdirlər.

Ancaq ölkəmizin qanunlarında olan boşluqlardan, eyni zamanda qanunlara biganə münasibətdən yararlanan bəzi sahibkar-məmurlar çetesi bir çox hallarda insan hüquqlarını belə, ayaqlar altına atmaqdan çəkinmirlər. Bu yolla daha çox pul, var-dövlət qazanmaq hərisliyinə tutulublar.

Məsələn, ölkəmizdə elə istehsalat sahələri var ki, öz iş prinsipinə görə gecələr fəaliyyət göstərir. Bəyənmədiyimiz, "sovet rejimi", "xalqlar həbsxanası" adlandırdığımız dönəmdə  bir adamın hər gün gecə növbəsində işləməsinə icazə verilmirdi. Baxmayaraq ki, gecə növbəsində işləyənlər 50-80 faiz əlavə əmək haqqı alırdılar. Bununla belə, iş növbəli idi. Bu gün isə bunların heç biri yoxdur. İnsanları eyni əmək haqqına hər gün gecə növbəsində işləməyə məcbur edirlər, etiraz edənlər isə işdən qovulur. Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyində Əməyin Mühafizəsi qurumu fəaliyyət göstərir. Bu qurumun hansı işlər gördüyü isə heç kimə məlum deyil. Məsələn, tikinti sektorunda insanları gün ərzində 14-16 saat işləməyə məcbur edirlər. Bunun müqabilində isə cüzi əmək haqqı alırlar (Azərbaycan Resçpublikasə Əmək Məsəlləsinə görə isə ölkəmizdə 5 günlük, 8 saatlıq iş günü təsbit olunub). Bu yaxınlarda prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, heç kim insanları 8 saatdan artıq işləməyə məcbur edə bilməz.

Bu insanlar hansısa qanundan söz açdıqda, yaxud işləməkdən imtina etdikdə onları heç kim müdafiə etmir və onları işdən qovurlar. Bu sahədə də insan hüquqlarının qorunmasına heç kim nəzarət etmir.

Daha bir fakt isə sahibkar özbaşınalığından törəyən insan haqqlarının pozulması ilə bağlıdır. Sahibkar işçidən tələb edir ki, işə saqqalsız gəlsin, yaxud "paltarının rəngi xoşuma gəlmir, get onu dəyiş" və s. Qadın işçilərə qarşı irəli sürülən tələblər isə heç bir əndazəyə sığmır. Birincisi, sahibkar işçinin saqqalsız işə gəlməsini istəyirsə, işə qəbul zaman buna işçinin diqqətinə çatdırmalıdır. İkincisi, əgər işçilərin eyni geyim formasında olmaların istəyirsə, onları uniforma ilə təmin etməlidir. Bundan kənar bütün tələblər qanunsuzdur və insan haqlarının pozulması kimi qəbul olunmalıdır. Məsələn, sahibkar kompüter mühədisi işləyən işçisindən tələb edir ki, onun şəxsi maşınını yusun. Bu nə dərəcədə qanuna uyğundur, hansı qanunda belə bir maddə var.

Bütün bunlara səbəb ölkəmizdə qanunların işləməməsidir. Azərbaycan dövlətinin çox gözəl qanunları var, amma eyni zamanda həmin qanunlara, ümumiyyətlə məhəl qoymayan məmurlar ordusu var. İnsan haqq və hüquqlarının pozulmasının da bir həddi olmalıdır. Bu hədd keçildikdə insan idarəolunmaz hala gəlir və bu da faciələrə səbəb olur...

 Yusif Seyid

0.1573600769043