Bazarda ətin təzadlı qiyməti

 

Fermerlərə Bakı və digər şəhərlərdə məhsulunu satmağa şərait yaradılmalıdır

 Ötən ilin statistik göstəricilərinə görə, son on ildə ilk dəfə Azərbaycana ət idxalı azalıb. Son bir il ərzində ət idxalının azalmasını hökumət nümayəndələri irəliləyiş - daha doğrusu, yerli tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində qazanılan uğur kimi cəmiyyətə sırımaq istəyir. Bu göstərici 2019-cu ilə aid olsaydı, yuxarıdakı iddia ilə razılaşmaq olardı, lakin 2020-ci il bütün dünyanı sarmış koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin rejimləri müşaiyət edildiyindən, nə toy, nə də yas mərasimləri əvvəlki formatda keçrilə bilmədi. Nə də kafe və restoranlar işləmədi, bu səbəbdən də ölkədə ətə tələbat kəskin azaldı. Ətə olan tələbatın yuxarıdakı səbəblər üzündən azalması ilə bərabər, əhalinin gəlirləri də kəskin şəkildə azaldı ki, bu da alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu. Deməli, ətə tələbatın azalmasını şərtləndirən amillər sırasına yalnız toyların qadağan edilməsi, yas mərasimlərinin məhdud şəkildə keçirilməsi, kafe və restoranların bağlanması deyil, həm də əhalinin alıcılıq qabiliyyətinin azalması ciddi təsir edib. Ona görə də ötən il ölkəyə ət idxalının 5-10 faiz azalmasına sevinmək yersizdir. Çünki bu, ölkə iqtisadiyyatının kiçilməsi, iqtisadi artımın azalma ilə əvəzlənməsi fonunda baş verir.

Bu məsələnin bir tərəfi, ölkə bazarlarında ətə olan tələbatın kəskin azalması fonunda, böyük şəhərlərdə, o cümlədən də respublika əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı Abşeron iqtisadi rayonunda ətin qiyməti ucuzlaşmadı. Bazar iqtisadiyyatı modelinin çalışdığı ölkədə hər hansı bir əmtəəyə tələbat azalanda onun qiyməti mütləq ucuzlaşmalıdır, bu bazar iqtisadiyyatının ana prinsiplərindən biridir. Lakin bazar iqtisadiyyatı ölkəsi olan Azərbaycanda ətə tələbat yarıbayarı azalsa da, ətin qiyməti ölkənin nəinki paytaxtında əyalətlərdə də heç ucuzlaşmadı. Hazırda Bərdə, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər ət istehsal edən inzibati rayonların bazarlarında ətin qiyməti orta hesabla 7-8 manatdır. Bakı şəhəri və ətraf qəsəbələrdə isə 11-15 manat arasında dəyişir, hətta bir çox elit mağazalarda 25 manata ət satılır. Heyvandarlıqla məşğul olan rayonlardakı qəssabxanalarda mal əti 6-8, qoyun əti 8-9, quzu əti isə 10 manata, diri heyvan bazarlarında isə ətin qiyməti bu göstəricilərə müvafiq olaraq 1,5-2 manat aşqağı qiymətə təklif edilir. Yəni 100 kq ət verən dana Beyləqan bazarında kəsilib satılırsa, maksimum 800 manat, Bakıda isə 1200 manat vəsait çıxarır. Fərq minimum 400 manat təşkil edir. Bu fərq çox böyük məbləğ sayıla bilər, bir sahibkar 10 dana alıb Bakıya gətirsə, minimum 3 min manat təmiz gəlir əldə edə bilər. Bəs nədən fermer öz malını Sabirabadda ucuz satmaq əvəzinə, gətirib Bakıda baha sata bilmir? Bəli, bizim bazarlarda ətin qiymətidə müşahidə edilən təzadı yaradan səbəbi araşdırmaq üçün məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. Belə ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin bütün ət və digər bazarları inhisar altındadır. Fermer malını Bakı şəhərinə satmaq məqsədi ilə gətirməyə cəsarət belə etmir, çünki nəinki ət, hansı kənd təsərrüfatı malını fermer bazara çıxarmağa çalışsa, o, gətirdiyi malı satmağa yer tapa bilməyəcək, fermerlər bunu dəqiq bilir. Bakıda ətə tələbat azalanda rayondakı mal bazarlarından sindiqat razılaşması əsasında tədarükçülər daha az heyvan alırlar ki, bu da diri ət bazarında (mal bazarı) qiymətlərin ucuzlaşmasına səbəb olur. Nəticədə ət bazarını inhisara alan tədarükçü sahibkarlar pandemiyaya rəğmən daha çox qazanır və Bakıda ətin qiymətini sabit saxlamağa çalışırlar. Başqa sözlə desək, Abşeron iqtisadi rayonunun ət təminatçıları sayılan bir qrup sahibkar bu bazara başqalarının girməsinə imkan vermir və ət təklifini də elə nizamlayırlar ki, qiymət sabit (baha) səviyyədə qalır.

Sözügedən tendensiya bir tərəfdən fermerlərin zərərlə işləməsinə və heyvandarlıqdan əl çəkib başqa sahələrə baş vurmalarına, digər tərəfdən isə pandemiya səbəbi ilə gəlirləri azalan şəhər əhalisinin qida rasionundan ətin çıxdaş edilməsinə gətirib çıxarır.

Bu tendensiyanın qarşısının alınması üçün hökumət fermerlərə real şərait yaratmalıdır ki, rayonlardan gətirib malını bazarlarda sata bilsin. Belə olsa heyvandarlıq rayonları ilə Bakı şəhəri bazarları arasında qiymət fərqi azalar ki, bundan da qazanan fermerlər və şəhər əhalisi olar. Röyal Əsədli

0.33674216270447