Salyan Suvarma Sistemləri İdarəsi "SEVİNC-96" MMC ilə yarım milyon manatlıq müqavilə imzalayıb

 

Salyan Suvarma Sitemləri İdarəsi tenderin qalibini açıqlayıb. 

 FED.az xəbər verir ki, Salyan Suvarma Sitemləri İdarəsi Təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması(1), Elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması(2) tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Hər iki açıq tenderin qalibi "SEVİNC-96" MMC olmuşdur 

Salyan Suvarma Sitemləri İdarəsi qalib şirkətə "SEVİNC-96" MMC-yə 266 min 140 manat(1), 263 min 402 manat(2)  cəmi 529 min 542 manat ödəyəcək.

Qeyd edək ki, 31.07.1996  tarixində dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyevdir. 20 manat nizamnamə kapitalına malik şirkət ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat  dəyərində tender qazanıb. 

 

 

Araşdırmalar zamanı məlum oldu ki, Salyan rayon Maliyyə İdarəsi  2020-ci ilin dekabr ayının 9-da "Sevinc-96" MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb. 

 

Mediada yayılan məlumatlara görə, "Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. 2018-ci ilin yanvar ayının 23-də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin sifarişçisi olduğu V lot üzrə ümumi məbləği 399.862 manat olan tenderin qalibi Qurban Abbasovun təsisçisi olduğu "İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

 

İlkin-N MMC 2019-cu ilin yanvar ayının 16-da Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin VI lot üzrə keçirdiyi 573.848 manatlıq tenderin qalibi elan edilib.

 

Mətbuatda dərc olunan məlumatlarda həmçinin iddia olunur ki,  Qurban Abbasovun sahibi olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan "İlkin N”, "XXI-əsr”, "CSM Nix”, ”Sevinc 96”, "Nigar LTD”, "Halal İnşaat” və "A+B OİL Servis” MMC-lər vergidən yayınır. 

 

Təkcə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin yox, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və Azər İsmayılova bağlı digər idarələr milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC adlı şirkətə verib.

Qeyd edək ki, Salyan Suvarma Sitemləri İdarəsinə Tahir Yusifov rəhbərlik edir. Media da yayılan məlumatlara nəzər salsaq, görərik ki, Salyan rayonunun əksər kəndlərində əkin sahələrinin suvarılması ilə bağlı ciddi problemlər yaşanması ilə bağlı yazılara rast gələrik.

Həmin məqalələrdə bildirilir ki, Salyan Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun şəxsi maraqları əkin sahələrinin susuzluqdan məhv olmasına gətirib çıxarıb.

Media da yayılan məlumatlara görə, hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır. Əkin sahələrinə verilən suyun normadan aşağı olması və bu zaman maddi məsələlərin daha qabarıq şəkildə özünü göstərməsi fermerləri şikayətlər etməyə vadar edir. İdarənin tabeçiliyindən xeyli sayda texnikanın olması da sirr deyil. Lakin Tahir Yusifov nədənsə, su kanallarının lildən təmizlənməsi işini həmin texnikaların hesabına deyil, yaxın qohumunun olan MMC-lərə həvalə edir.

Rayon camaatı dəfələrlə Tahir Yusifovun əməlləri barədə icra hakimiyyətinə şikayətlər etsələr də, sonda hər hansı bir dəyişiklik olmayıb. Əksinə əkin sahələrində su problemi getdikcə dərinləşir.

Mətbuata müraciət edən Salyan sakinləri iddia edirlər ki, rayon Suvarma Sistemləri İdarəsinin müdiri onlara çatacaq suyu balıq saxlanılan süni göllərə verməklə yaxşı qazanc əldə edir.

Demək olar ki, yay aylarında suyun böyük əksəriyyəti balıqçılıqla məşğul olan təsərrüfatlara axıdılır. Tahir Yusifov iri balıqçılıq təsərrüfatlarının sahibləri ilə anlaşaraq onlara verdiyi bol suyun qarşılığında yaxşı pul qazanır. Bunu müqabilində isə vətəndaşların əkin sahələri susuzluqdan məhv olur.

Xatırladaq ki, Salyan rayonunda Tahir Yusifovu “dollar Tahir” ayaması ilə çağırırlar. Uzun illərdən Salyan Suvarma Sistemlərində müdir vəzifəsində çalışan Tahir Yusifov “stajlı korrupsioner məmur” kimi tanınır. Məhz onun müdir işlədiyi dövrlərdə Salyan Suvarma Sistemləri İdarəsi demək olar ki, rayonda bir nömrəli korrupsiya yuvasına çevrilib.

Bir neçə icra başçısını yola salan Tahir Yusifovun bir vaxtlar icra başçısı olmaq belə istəyində də olub. Salyanda yayılan söz söhbətə görə idarə müdiri Bakıdakı yaxın dostlarının vasitəsi ilə hakimiyyətdəki bəzi yüksək vəzifəli şəxslərlə əlaqəyə girib və bu məsələ barədə danışıqlarda aparıb.

Lakin “dollar Tahir”in bu istəyi alınmayıb və onun icra başçısı təyinatının üstündən birdəfəlik xətt çəkilib. Verilən məlumata görə Salyan rayonuna icra başçısı təyin edilən Sevindik Yusifov ilk vaxtlar Tahir Yusifovu vəzifədən çıxartmaq istəyirmiş. Ancaq sonrada Tahir Yusifov başçı ilə anlaşaraq dollar “sandığının” ağzını açıb.

İdarə müdirinin abadlıq işlərində xəsis olmadığını görən Sevindik Yusifov isə Tahir Yusifovu vəzifəsində saxlayıb. Məlumatda görə “dollar Tahirin” Meliorasiya və Su Təsərrüfatı ASC-də böyük hörməti var. Onun məmurlara qarşı pul xərcləmək səxavəti ASC-nin rəhbərliyini çox məmnun edir.

Salyan Suvarma Sistemləri İdarəsinin hesabına “kiçik oliqarxa” çevrilən Tahir Yusifovun sərvətininin isə sayı hesabı yoxdur. Onun paytaxt Bakıda 7-8 evinin, Salyan şəhərində bir neçə obyekti, Lənkəranda və Qubada dəbdəbəli imarəti, rayonda böyük balıqçılıq vətəgələri və xeyli bilmədiyimiz mal-mülkü mövcuddur.

Xatırladaq ki, Tahir Yusifovun ölkə mətbuatında adı müxtəlif qalmaqallarda hallanıb. Belə ki, saytlardan birinin yazdığına görə Tahir Yusifov Salyanda həmçinin “qumarbaz” kimi də tanınır.

Qeyd edək ki, bununla bağlı məlumatlar məlumat Yusifov tərəfindən təkzib olunmayıb.

 

0.16232490539551