AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Məmurlar ticarət və xidmət obyektlərində xalqı talayır

  82

Ölkə Prezidentinin tapşırıqlarına əməl edilmir

 Ölkə başçısının xalqın həyat səviyyəsini yüksəltmək üçün həyata keçirdiyi islahatlar bəhrəsini verir. Məhz bu islahatların nəticəsində təqaüdlər və minimum əmək haqqı iki dəfəyə qədər artmış, əhalinin sosial müdafiəsinə kifayət qədər vəsait ayrılmışdır. Bu artımlar xalqın ağır durumdan çıxmasına müəyyən qədər yardım etsə də, lakin məmurlara məxsus olan ticarət və xidmət obyektlərində gündəlik təlabat mallarının qiymətinin əsassız yüksəldilməsi insanların rifahının yaxşılaşmasına ciddi əngəl yaradır. Ölkədə mövcud olan gərgin, xoşagəlməz sosial durumun xalqla bərabər, prezidentin də ciddi narazılığına səbəb olması, məhz hakimiyyətin bütün qollarında dərin islahatların aparılmasını zəruri edib. Lakin ciddi tədbirlərə start verilməsinə baxmayaraq, oliqarx - məmurların fəaliyyətində hələ heç bir dəyişiklik hiss olunmur. Dövlətin qayda-qanunlarına, xalqımızın milli adət-ənənələrinə və əxlaqına əksər yerlərdə, xüsusən ictimai iaşə, xidmət və istirahət obyektlərində hörmətsizlik edilir. Son illər Qərbə inteqrasiya məqsədilə Avropa mədəniyyətinin müsbət ideyalarına yiyələnmə pərdəsi altında dünyanın heç bir mədəni ölkəsində rast gəlinməyən "hədsiz qaydalar" Azərbaycanda soyğunçuluq məqsədilə tətbiq olunur.

Ölkənin ticarət, ictimai xidmət obyektlərində, bazarlarında durmadan yüksələn qiymət artımının sürəti sözün tam mənasında xalq üçün ən böyük problemdir! Baş verən bu ədalətsizliyə, haqsızlığa sakit dayanmaq mümkün deyil. Movcud durum əsəblərimizi tarıma çəkir,  lakin sonra fikirləşirsən ki, qiymət oxuyan şəxslərin nə günahı var, günah ölkəni başdan - başa şəxsi qazanc mənbəyinə çevirmiş, mədəsinin tutumu məlum olmayan məmurlarda və ölkədə onlara bu imkanı yaradanlardadır!..

Ölkədə olan bütün obyektlərin, bazar və marketlərin, o cümlədən ictimai xidmət obyektlərinin məmurlara məxsus olduğunu yuxarıda qeyd etmişəm. Bunları qeyd etməkdə məqsədim ölkəmizə gələn xarici qonaqların, turistlərin və xalqımızın məmurlar tərəfindən bütün istiqamətlərdə, o cümlədən xidmət obyektlərində  soyulmasının adi hala çevrildiyini dövlət orqanlarına və ictimaiyyətə çatdırmaqdan ibarətdir! Bu nöqsanların ölkəmizin inkişafına, dövlətin hörmətdən düşməsinə mənfi təsir etdiyini sanki heç kim hiss etmir və movcud durum hakimiyyətin kürsüsündə rahat əyləşib, rüşvət yığmaqla məşğul olan məmurları qətiyyən narahat etmir!..

Əgər, həqiqətən ölkəmizdə turizmi inkişaf etdirib, bu sahədə dünyanın brend ölkələrindən birinə çevrilmək istəyiriksə, o zaman məmurların xidmət sahəsində yaratdıqları özbaşınalığa və soyğunçuluğa son qoyulmalıdır!

Hazırda ölkəmizin hər yerində geniş yayılmış, əhali arasında soyğunçuluq və əxlaqsızlıq şəbəkələri kimi tanınan "ailəvi istirahət mərkəzləri"ndə baş verən mənfi hadisələr dövlətimizin və xalqımızın din, şərəf, ləyaqət, əxlaq normalarına tamamilə ziddir. Bu obyektlərin ölkənin hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinə məxsusluğu çoxdan məlumdur. Xalq  dini, milli-mənəvi, əxlaqi dəyərlərimizə ləkə salan bu cür obyektlərin ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaradılmasını ən dözülməz hal kimi dəyərləndirir. Xalqın hazırda ciddi narazılığını özündə əks etdirən videoların sosial şəbəkələrdə geniş yayılmasının əsas səbəblərindən biri də ölkəmizdə əxlaqsızlıq yuvasından fərqlənməyən ictimai iaşə və xidmət obyektlərinin günbəgün çoxalmasının qarşısının alınmamasıdır, onların çirkin fəaliyyətinə imkan verilməsidir!

Bir sözlə, ölkədə fəaliyyət göstərən bütün sahələrdə, bazarlarda, marketlərdə, ictimai iaşə və xidmət obyektlərində hökm sürən qanunsuzluqların həddini aşması, xüsusən bu sahədə qiymətlərə dövlət tərəfindən nəzarət olunmaması ciddi pozuntuların baş verməsinə və xalqın talanmasına əlverişli mühit yaradır.

Ölkə prezidentinin ciddi xəbərdarlığına və tapşırığına baxmayaraq, ölkənin ticarət və xidmət obyektlərində qiymət artımının qarşısının alınması üçün məsul olan İqtisadiyyat Nazirliyi bu sahədə əsaslı dönüş yaratmaq gücünə malik olmadığını fəaliyyətsizliyilə təsdiqləməsinə rəğmən, nazirlik barədə hələ də ölçü götürən yoxdur. Bu da hakimiyyət strukturlarının fəaliyyətinə diqqət edən ölkə vətəndaşlarında belə bir təsəvvür yaradır ki, ölkədə prezidentdən başqa cəmiyyətdə, iqtisadiyyatda, xidmətdə və digər sahələrdə qayda - qanun yaratmaq  hüququna malik olan başqa dövlət orqanları yoxdur! Amma dövlətin nəzarət orqanlarının sırasına baxanda, onları sayıb qurtarmaq üçün xeyli vaxt itirməli oluruq.

 Şahnaz Salehqızı

Xəbər Lenti