"Prava" bazarı

 

Dərsə gedən bir uşaq-cibində min manatın olsun

 Azərbaycan yol qəzalarının statistikasına görə digər region ölkələri arasında liderlik edir. Yollarımızda hər gün baş verən bədbəxt hadisələrin - yol qəzalarının gün - gündən artmasının özəl səbəbləri var. Yollarda polis nəzarəti kifayət qədər intensivdir. Qonşu ölkələrin yollarında analoji nəzarəti həyata keçirən vəzifəli şəxslərə - yol polislərinə çox nadir hallarda rast gəlinsə də, bizdə onların azlığından danışmaq mümkün deyil. Yəni yollarda polis nəzarəti, bizdə qonşularımıza nisbətən daha çoxdur. Qonşu ölkələrin heç birində bizdəki kimi altı kamera ilə təchiz edilmiş "Ay-patrul" (İ-potrul) xidməti polis maşınları da yoxdur. Belə maşınlar, yalnız dünyanın doqquz ölkəsində xidmət həyata keçirir ki, onlardan biri də bizik. Elə isə düşünməyə dəyər, nə üçün bizdə yol qəzalarının sayı artır və bu hansı amillərdən qaynaqlanır?!

Ötən həftə bir tanışım məndən soruşdu ki, Bakıda normal bir sürücülük məktəbi tanıyırsanmı? Düzü, sürücülüyə marağım olmadığı üçün heç vaxt sürücülük məktəbləri ilə də maraqlanmamışam. Yalnız bir neçə il əvvəl bir nəfər mənə təklif etmişdi ki, sürücülük məktəbi açıram, sən də gəl, məktəbin mühasibat işlərini həyata keçir. Mən təklifi qəbul etmədiyim üçün işin gerisi ilə maraqlanmadım. Amma hamı kimi mən də bilirəm ki, sürücülük vəsiqəsi ("prava") qara bazarda min manata satılır. Bir neçə il əvvəl korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndiriləndə qiymətlər bir az ucuzlaşmışdı, 2015-ci ilin devalvasiyasından sonra qiymət yenidən qalxdı. Nə isə, tanışımın xahişi ilə həmin adama telefon açıb dedim ki, sən o vaxt məktəb açmaq istəyirdin, bir nəfər var, sürücü olmaq istəyir. Həmsöhbətim telefonun o başından mənə səsləndi ki, getsin öyrənsin, "prava" vermək asandı, əli cibində olsun. Mən izah elədim ki, bizə sürücülük öyrədən məktəb lazımdı, haranı məsləhət bilirsən? Dostum bildirdi ki, indi elə bir məktəb yoxdu: "Məktəblərin 90 faizinin heç sinif otaqları, təlim bazaları belə, yoxdu. Bazası olanlar belə, sürücülük öyrətmir. Elə biri sizin binanın yanındakı sürücülük məktəbidir. Həm sinif otaqları var, həm də bazası, sən heç orda təlim keçən müdavim görürsən?".

Doğrudan da sovetlərdən qalan sürücülük məktəblərindən biri də 20-si sahədə - "Jurnalistlər Evi"nin yanında yerləşir. Son iki ildə həmin məktəbin təlim meydançasında cəmi bir dəfə iki yük maşını görmüşəm. O maşınlar da bilmədim, təlim maşını idi, yoxsa təsadüfən oralara gəlib çıxmışdılar. Bu söhbətdən sonra müxtəlif vasitələrlə Bakıdakı sürücülük məktəbləri ilə əlaqə saxladıq. Məktəblərdən yalnız biri bizə bildirdi ki, onlar həqiqətən sürücülük öyrədirlər. Bəzi məqamlarda ona da şübhə yarandı, amma hər halda normal dərs keçildiyini dedilər. Regionlardakı sürücülük məktəblərinə gəldikdə isə onların artıq bütün bazası satılıb, yalnız binaları qalıb ki, onlar da "prava" satmaqla məşğuldurlar, bunu özləri də etiraf edir.

İndi özünüz düşünün, son 25 ildə ilk dəfə maşına oturub yola çıxan sürücülərdən 99 faizi peşəkar sürücülük təlimi keçməyib. Ən yaxşı halda bir neçə gün və ya bir ay hansısa sürücünün yanında təlim keçir və özünü sürücü sayır. Min manat verib sürücülük vəsiqəsi alır, vəssalam! Azərbaycan yollarında avtomobil idarə edən gənc nəslə aid olan sürücülər ordusu, məhz bu şəkildə formalaşıb. Onlar yollarda qəza törədə-törədə püxtələşib sürücü olurlar. Necə deyərlər, hər dərədə bir at öldürməsən, baytar ola bilməzsən. Həqiqətən respublikamızda sürücü korpusunun formalaşmasında, məhz bu prinsip, bu fəlsəfə işləyir. Ona görə də, hər sürücüyə bir polis ayırsaq, hər maşına bir ay-patrul cəlb eləsək belə, yollardakı qəzaları, insanlarımızın «soyqırımını» durdura bilməyəcəyik.

Bu «soyqırımın» durdurulması üçün ilk növbədə mükəmməl sürücülük məktəbləri yaratmalıyıq, hansı ki, o məktəblərdə peşəkar sürücülər yetişdirilməlidir. Sürücülük vəsiqəsini də elə həmin müdavimlərin təhsil və təlimini müvəffəqiyyətlə başa vuranlarına verməliyik.

Hazırda bu sahədə həm qanunvericilik bazasında ciddi boşluqlar var, həm də belə bir məktəb, demək olar ki, yoxdur. Qanuna görə hətta, vətəndaş özü müstəqil olaraq sürücülük peşəsini öyrənə, gəlib imtahan verib sürücülük vəsiqəsi ala bilər. Necə olur ki, vəsiqə alan sürücülərin 80-90 faizi bu yolla - özü öyrənməklə "sürücülük peşəsinə" yiyələnir. Bu onun göstəricisidir ki, həmin sürücülərin heç biri peşəkar deyil, sadəcə həvəskar kimi maşını idarə etməyi bacarır. Lakin hər an yarana bilən fors-major şəraitində vəziyyətdən çıxmaq, yol nişanlarını oxuyub başa düşmək, yol polisinin işarələrini anlamaq və s. kimi keyfiyyətlər belə həvəskarlarda bəlkə də heç vaxt olmayacaq. Ona görə də Azərbaycanda fəaliyyət göstərən sürücülük məktəblərinin hamısı bağlanmalı və yenidən günün tələblərinə uyğun şəkildə folrmalaşdırılmalıdır.

 Akif Nəsirli

0.17372894287109