Uyğur türklərinə qarşı soyqırım davam edir

 

İslam dünyası bu soyqırıma niyə susur?

İslam və türk dünyasına qarşı haqsızlıqlar dünyanın gözü qarşısında baş verir. BMT və digər beynəlxalq təşkilatlar bu haqsızlıqların qarşısını almaqda çox aciz görünür. Amma bu acizliyin kökündə xristian dünyasının supergüclərinin də təzyiqi aydın görünür. Uyğur türklərinə və müsəlmanlarına qarşı Çin dövlətinin törətdiyi soyqırım uzun illərdir ki, davam edir və bunun qarşısını almaq üçün, hətta BMT heç bir tədbir görmür. Bununla yanaşı, dünyanın iki milyarda yaxın insanını birləşdirən İslam ölkələri, o cümlədən türk dövlətləri uyğur türklərinə qarşı törədilən soyqırımı dayandırmaq üçün tədbir görə bilmirlər. Hadisələrin gedişindən görünür ki, Çin dövləti bu cür qanlı hadisələri davam etdirməkdə israrlıdır.

Uyğur türklərinə qarşı Çin dövlətinin törətdiyi soyqırımın təfərrüatları barədə Bütöv Azərbaycan Ocaqları (BAO) başqanın Türk dünyası ilə əlaqələr üzrə müavini, türkoloq, Dos. Dr. Faiq Ələkbərlinin fikirlərini oxuculara təqdim edirik.

- Faiq müəllim, bildiyimiz kimi uyğurlar Uzaq Şərqdə islamı qəbul etmiş yeganə müsəlmanlardır. Bu gün Çin dövləti tərəfindən uyğur türklərinə qarşı tətbiq edilən insanlığa sığmayan işgəncələrdən də xəbərdarıq. Dünya buna susur. Bəs Türkiyə və Azərbaycan başda olmaqla müsəlman dövlətləri nə üçün səslərini çıxarmırlar?

-Son dövrdə Çin Xalq Resbublikasının işğalı altında olan Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğur türklərinə qarşı Pekin rejiminin atdığı insanlığa zidd addımlar müşahidə olunmaqdadır. Çin dövlətinin uyğurlara qarşı apardığı insanlığa zidd ayrı-seçkilik və marginallaşdırılma siyasətindən yüzminlərlə,hətta milyonlarla uyğurların əzab-əziyyət çəkdiyi artıq heç kəsə sirr deyil. Hələ, 2018-ci ilin avqust ayında BMT-nin insan haqları panelində "etibarlı hesabatlara" istinad edərək bildirilmişdir ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır.

Artıq bu cür insanlığa zidd düşərgələrdə saxlanılan uyğurların sayının 3 milyona çatdığı iddia olunur. Bu isə o deməkdir ki, Pekin rejimi Sincan bölgəsini əslində “Təhsil-islah mərkəzləri” adı altında "böyük gizli əsir düşərgəsinə" çevirmişdir. Çin həbslərin miqyasını inkar etsə də, "dini ekstremist" kimi damğalandırdıqları uyğurların bir qisminin islah məqsədilə “Təhsil-islah mərkəzləri” adı altında xüsusi cəza düşərgələrində saxlanılmasını da gizlətmirlər.

Üstəlik, 2017-ci ilin iyulundan rəsmi Pekin uyğurlardan mobil telefonlarına cihazı izləyən və rəsmilərə hesabat göndərən tətbiqləri yükləməyi tələb ediblər. Digər tərəfdən Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən uyğurlar, uyğur uşaqların dövlət məktəblərinə qəbulunun yasaqlanması, hüquqi sənədlərə bilərəkdən zərər vurulmasına görə cəzanın təyin olunması, dini qaydalara əsasən kəbin kəsməyin qadağan olunması, pasportun verilməsinin məhdudlaşdılması kimi qadağalarla üz-üzə qalıblar. İnsan Haqları İzləmə Təşkilatının (HRW) hesabatında, son 2 ildə Sincan Uygur Muxtar Bölgəsində çox sayda insanın "önləyici təhlükəsizlik tədbirləri" adı altında suçsuz yerə həbs olunduğu və siyasi baxımdan təhlükəli olaraq dəyərləndirilən fərdlərin hər hansı bir məhkəmə qərarı olmadan toplama düşərgələrinə göndərildiyi öz təsdiqini tapır.

Qeyd edək ki, bəzi Avropa ölkələri və ABŞ uyğurların qarşılaşdığı bu vəziyyətlə bağlı Çinə öz etirazlarını bildirib. Ancaq Türk Konseyinə daxil olan ölkələr hələ də bu məsələdə ortaq mövqe nümayiş etdirmirlər. Hətta, son günlərdə yayılan məlumatlara görə Türkiyə Çinin uyğurlara qarşı yürütdüyü haqsız siyasəti pisləmək əvəzinə, bəzi məsələlərdə dəstək verir, üstəlik Türkiyədəki uyğurların Çinə göndəriləcəyi də söylənilir.

Ancaq Türkiyənin bu məsələdə dini və milli kimlik həssaslığını nəzərə alsaq, bunun gerçəyi özündə əks etdirmədiyinə inanırıq.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, hesab edirik ki, son günlərdə uyğurlarla bağlı yayılan fotolar, videolar və digər informasiyalar vəziyyətin daha da kritik həddə olmasından xəbər verdiyi üçün Türk Konseyinin hərəkətə keçməsi bir zərurətə çevrilmişdir.

Türk Konseyinə üzv olan Türk dövlətləri (Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan) Uyğurlarla bağlı məsələlərdə ortaq mövqedən çıxış edərək Çinin bu insanlığa zidd siyasətini qəti şəkildə pisləməlidirlər. Türk Konseyi olaraq uyğurlarla bağlı məsələnin aydınlığa gətirilməsi üçün Türk dövlətlərinin Beynəlxalq komissiyasının yaradılmasına və həmin komissiyanın Sincan bölgəsinə gedərək məsələni yerindəcə tədqiq etməsinə ciddi ehtiyac vardır.

Şahnaz Salehqızı

P.S  Onsuz da Çin məhsullarının xəstəlik mənbəyi olduğu  heç kimə sirr deyil. Bütün müsəlman ölkələri Çinlə ticarət əlaqələrini dayandırmalı, onların  məhsullarının ölkələrə girişinə qadaga qoyulmalı, ən pis halda ölkə vətəndaşları Çin məhsullarını almamaqla baykot etməlidir.

Dövlət səviyyəsində Çin səfirliyinə  nota göndərilməlidir, necə ki, İsrail əsgərləri ərəbləri Fələstində öldürəndə İslam Birliyi BMT-dən təcili iclas keçirməyi tələb etmişdi.   Uyğur soyqırımını dayandırmaq üçün bütün müsəlman ölkələri yubanmadan bir araya gəlməli və qəti mövqe ortaya qoymalıdırlar.

0.22516584396362