AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Hikmət Hacızadə: “Ərdoğan bu oyundan qalib çıxdı” – Müsahibə

  12

"İrandakı xaos xarici sanksiyalarla bağlıdır. Bu sanksiyalar isə hələ də qüvvədə qalır. Bu da o deməkdir ki, iqtisadi vəziyyət pisləşməkdə davam edəcək".

Politoloq Hikmət Hacızadə belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Əvvəlcə NATO-nun Baltikyanı dövlətlər və Polşada müdafiə planı həyata keçirməsinə etiraz edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun London sammitindən sonra qərarını dəyişdi. Nə baş verdi ki, o, belə bir dəyişikliyə getdi?

- Çünki Ərdoğan ABŞ-dan istədiyi dəstəyi ala bildi. Yəqin ki, Trampla Ərdoğan arasında hansısa sövdləşmə olub. Amerika prezidenti ona qarantiya verə bilər ki, NATO dövlətləri Türkiyəyə təzyiq etməyəcək, Suriyada öz planını həyata keçirə bilər, onlar da mane olmayacaq. Ola bilsin ki, bu vədləri verdikdən sonra Ərdoğan belə bir dəyişikliyə getdi.

- Maraqlı bir məqam da budur ki, ABŞ və Türkiyə arasında dövlət səviyyəsində soyuq münasibətlər olduğu halda, Tramp və Ərdoğanın isti əlaqələri diqqət çəkir. İndi xarici medianın diqqət ayırdığı əsas məsələlərdən biri də budur.

- Bu, Amerikanın siyasi sisteminin xüsusiyyətidir. Konqres bir qərar verir, prezident tamam başqa bir düşüncədə olur, demək olar qəliz məsələdir. Onsuz da axırda hansısa yekun qərarı verəcəklər. Məsələn, Konqresin Türkiyəyə münasibəti soyuqdur. Bir müddət əvvəl Konqresin Nümayəndələr Palatasında anti-türk genosid məsələsi qaldırıldı, buna dair bir qətnamə qəbul olundu. Həmçinin digər məsələlər müzakirə olunur. Konqres bunu seçicilərdən asılı olduğu üçün edir. Hər iki ildən bir Konqresə seçkilər keçirilir. Bu müddət ərzində də, vəziyyətə uyğun olaraq, seçicilərin Konqresdə çoxluqda olan partiyaya münasibəti dəyişə bilər. Buna görə də, Konqres prezidentdən daha fərqli qərarlar qəbul edə bilir. Bu qərarlar da bəzən daha populist ola bilir.

Amerikada prezident isə dörd ilə seçilir, bu müddət ərzində də Konqresdən daha fərqli siyasət yürütmək imkanı ola, Konqresin populist qərarlarını əngəlləyə bilər. Yəni, bu, ABŞ Konstitusiyası və siyasi sisteminin təzahürüdür. Amma Amerikadan fərqli olaraq, məsələn, Böyük Britaniyada parlament və baş nazir eyni başdır. Amma Amerikada Konqres və prezident tam ayrı sistemdir, buna görə də, çox vaxt bir-birinə zidd olan addımlar atır.

- Görünən budur ki, Türkiyə-ABŞ münasibətlərində bir yumşalma trendi yaranıb, ortada konkret anlaşmalar var. Sizcə, bu anlaşmalarda Türkiyənin maraqları nəzərə alındımı?

- Əlbəttə, nəzərə alınıb. Ərdoğan Trampdan istədiyini aldı. Ərdoğanın əsas hədəfi Suriyadır. O, bölgədə - Türkiyə yaxınlığında müstəqil kürd dövlətinin qurulmamasını istəyir. Hər halda, Tramp Ərdoğanın bu planına dəstək verdi. Burada geri çəkilən ABŞ-dır, Türkiyə yox.

- Bəs burada Rusiya Türkiyəyə əngəlləyici faktor ola bilərmi?

- Hələ ki, bunun əlamətləri görünmür. Rusiya belə bir xəyala düşüb ki, Türkiyəni Qərbdən qoparacaq, Qərbi əvəzləyəcək, ona silah satacaq və s. Əslində isə Rusiya da Türkiyənin kürd məsələsi və Suriya planlarını qəbul etdi. Hələ ki, vəziyyət Türkiyənin xeyrinədir. Türkiyə bu raundda hər tərəfdən uduşlu çıxdı.

- Amma bir məsələ də var ki, Ərdoğan NATO-nun Polşa və Baltikyanı bölgə ilə bağlı planı ilə razılaşdı. Bu plan isə Rusiyanın sözügedən regiona ehtimal olunan hərbi müdaxilələrinə hazırlıq xarakteri daşıyır. Türkiyənin belə bir planda iştirakı Rusiya ilə gərginliyə yol aça bilərmi?

- Yəqin tərəflər arasında alver gedir, "Siz mənə Suriyada, mən də sizə Baltikyanı dövlətlərdə kömək edim" kimi xırda alverlər gedir. Bunun təfərrüatını bilmirəm, amma həmişə belə alverlər olur. Əvvəlcə Türkiyə bu plana etiraz edirdi, çünki Qərb, xüsusən də Avropa dövlətləri Ankaraya qarşı idi. İndi isə görünən budur ki, onlar bir qədər geri çəkiləndən sonra Türkiyə özünü qabağa verə bilib. Hazırda siyasi güclər arasında "şahmat oyunu" oynanılır.

- Bölgə ətrafında yeni gəlişmənin yaşandığı vaxt ABŞ Yaxın Şərqə 14 min canlı hərbi qüvvə göndərmək barədə qərar verdi, bu da, İrandan gələn mümkün təhlükələrə qarşı hazırlıq deməkdir. Bu addım bölgədə hansı proseslərə yol aça bilər?

- Bu bölgə qlobal neft bazarı və dünya iqtisadiyyatları üçün çox vacib nöqtədir, buna görə də bütün güclər bura nəzarət etmək istəyir. İndi bölgədə həssas bir vəziyyət yaranıb, İraq və Livanda qarışıq situasiya hökm sürür, İran daxilində gərginlik hiss olunur. Həmin ölkələrdə ara qarışsa, dünya iqtisadiyyatı bundan böyük zərbə ala bilər. Buna görə də, bölgəyə ordu göndərib orada stabilliyə nəzarət etmək istəyirlər. Həm İraq, həm İran, həm də regionun digər dövlətlərində stabillik birdən pozula bilər, nəticədə dünyanın neft bazarının otuz faizi çökə bilər ki, bu da dünya iqtisadiyyatları üçün böyük zərbə deməkdir. ABŞ da bunun qarşısını almaq üçün bölgəyə qoşun göndərir.

- Məsələn, İranda vəziyyətin bu həddə qarışması ehtimalı varmı?

- Mümkündür. İrandakı xaos xarici sanksiyalarla bağlıdır. Bu sanksiyalar isə hələ də qüvvədə qalır. Bu da o deməkdir ki, iqtisadi vəziyyət pisləşməkdə davam edəcək. Bunun əziyyətini də xalq çəkəcək, bu səbəbdən də öz narazılığını bildirəcək.

- Bu gərginlik daha çox xarici, yoxsa daxili faktorlara bağlı ola bilər?

- Hər iki faktor rol oynaya bilər. Əlbəttə, İranı xaricdən də sıxırlar, öz neftini dünya bazarına çıxarmağa qoymurlar. Üstəgəl, daxildəki narazılıqların da miqyası böyükdür. Yəni, İran hər iki tərəfdən təzyiq altındadır.

Demokratikmusavat.com

Xəbər Lenti