AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” adlı layihəsini bu dəfə Pirallahıda reallaşdırdı

  16

Beynəlxalq Muğam Mərkəzi "Muğam dünyasına səyahət" adlı layihəsini bu dəfə  Pirallahıda reallaşdırdı.

Demokratikmusavat.com xəbər verir ki, dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzi və  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Pirallahıda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Muğam dünyasına səyahət" layihəsinin  növbəti konsert proqramı keçirildi.

Konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları, gənc xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Məhəbbət Səfərovun "Bayatı Şiraz", "Mahur", "Şur" muğamlarından şöbələr və xalq mahnıları ilə çıxışları sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii hissə müdiri Esmira Aslanova çıxış edərək konsertin təşkilatçılarına təşəkkürünü bildirdi. Paytaxtdan uzaq ərazidə yerləşən Pirallahıda təşkil edilən konserti qəsəbə sakinləri üçün böyük bir hədiyyə kimi dəyərləndirdi. Tamaşaçılar sırasında məktəblilərin, gənc nəslin də olduğunu vurğulayaraq muğam sənətimizin gənc nəslə təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etdi.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkilidir.

Layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maşatağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində, Qobustan A.R.Qobustanlı adına Mədəniyyət evində, Binəqədi Mərkəzi Mədəniyyət evində, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarımız böyük sevgi və rəğbətlə qarşılanıb.

Demokratikmusavat.com

Xəbər Lenti