AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Milli Məclis buraxıldı, seçkinin vaxtı təyin olundu: bəs müxalifət nə edir?

  11

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclis buraxılıb və yeni parlament seçkilərinin vaxtı təyin olunub. Milli Məclisə seçkilər fevralın 9-da olacaq.

Prezident Milli Məclisin buraxılması məsələsinin Konsitutiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə sorğu göndərmişdi.

Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.

Qərarın nəticəvi hissəsinə görə, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilib.

Qərarda, həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

"Milli Şura"nın tələblərinə gəldikdə isə, AXCP sədri Əli Kərimlinin tələbləri obyektiv reallıqdan çox uzaq olmaqla yanaşı, hüquqi baxımdan əsassız, hətta bisavaddır.

"Seçki tələbləri" adlandıra biləcəyimiz bu 7 şərtlə bağlı Əli Kərimlinin mövqeyi bəllidir: onun sözlərinə görə, hakimiyyət bu şərtləri yerinə yetirməzsə, AXCP və "Milli Şura", yəni AXCP növbədənkənar parlament seçkilərini boykot edəcək.

Həmin ultimativ şərtlər arasında ən əsası məntəqə və dairə seçki məntəqələrinin heyətinin, yəni seçki komissiyalarının yenidən formalaşdırılması, məntəqə üzvlərinin sıralarına AXCP və "Milli Şura"nın üzvlərinin daxil edilməsidir.

Görünür, Əli Kərimli bu şərtləri səsləndirəndə Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin, habelə qanunvericiliyin tələblərini ya oxumayıb, ya da bilərəkdən bixəbər aqressivlik nümayiş etdirir.

Bu isə məntiqsizlik və naşılıqdır.

Məntəqə və dairə seçki komissiyalarının və Mərkəzi Seçki Komissiyasının heyətləri Seçki Məcəlləsinin 24, 30 və 36-cı maddələrinə uyğun olaraq reallaşdırılır.

Hüquq bunu deyir.

Praktikada isə proses çox sadədir. Qanunlara uyğun olaraq, sonuncu parlament seçkilərindən sonra formalaşmış Milli Məclisin heyətində təmsil olunmuş siyasi partiyaların və təşkilatların nümayəndələrinin sayı, habelə bitərəf millət vəkillərinin sayına uyğun olaraq proporsiyalar hesablanır, məhz həmin proporsiyalar əsasında məntəqə və dairə seçki komissiyaları ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının heyətləri formalaşdırılır.

Yəni Milli Məclisdə ən çox təmsilçiyə malik siyasi təşkilat (konkret halda Yeni Azərbaycan Partiyası), ən az təmsilçi sayına malik partiyalar və bitərəflər.

Dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

Üstəlik, son parlament seçkilərinin 2015-ci ildə keçirildiyini, məntəqə və dairə seçki komissiyalarının, həmçinin MSK heyətinin məhz o seçkinin sonuclarına əsaslanan proporsiyalar əsasında tərtib olunduğunu nəzərə alsaq, yeni heyətin formalaşdırılması absurd olmaqla yanaşı, hüquqa ziddir.

Təbii, AXCP sədri və Facebook bloqeri Əli Kərimli tələblər, şərtlər irəli sürməkdə azaddır.

Fəqət, onun "7 tələb"dən ibarət ultimatumundakı seçkilərlə bağlı bəndin reallaşması üçün o, ilk əvvəl AXCP və "Milli Şura"nın növbədənkənar parlament seçkilərinə qatılmalarını təmin etməlidir.

Mexanizm çox sadədir.

Konstitusiyaya, Seçki Məcəlləsinə və qanunlara görə, prosedur belədir: AXCP və "Milli Şura" seçkilərə qatılır, əgər mandat və ya mandatlar qazanarsa, məntəqə və dairə seçki komissiyalarının, MSK heyətlərinin formalaşmasında iştirak edir, təmsil olunma hüququ qazanır.

Əli Kərimlinin digər tələbi AXCP və "Milli Şura"nın namizədlərinin "mütləq qeydə alınması" ilə bağlıdır.

Xatırlatmağa gərək varmı ki, hüquqda "seçkilərdə mütləq qeydəalınma" adlı anlayış, ümumiyyətlə, olmayıb və yoxdur?! Rəsmi qeydiyyata alınmış istənilən (!) siyasi partiyanın nümayəndəsi parlament seçkilərinə qatılmaq istəyirsə, sənədlərini MSK-ya təqdim edir, sözügedən qurum müvafiq prosedura başlayaraq sənədlərə baxır və sənədlər qaydasındadırsa, qanunun bütün tələblərinə riayət olunubsa, həmin şəxsin namizədliyi qeydə alınır.

Bu qədər bəsit. MSK heç bir şəxsi məhz AXCP və ya "Milli Şura"nın təmsilçisi olduğuna görə namizəd qismində qeydə almağa məcbur deyil. MSK-nın heç belə əcaib hüququ və səlahiyyəti də yoxdur.

"Müxalifətin namizədləri qeydə alınmır" ittihamını səsləndirməklə Ə.Kərimli və onun tərəfdarları, əslində, yalan danışırlar. Çünki ötən parlament seçkilərində, 2015-ci ildə müxalifət düşərgəsini təmsil edən onlarla namizəd, o cümlədən Müsavat Partiyasının funksionerləri və üzvləri rəsmi qeydiyyata alınmışdılar.

Daha bir tələb seçki məntəqələrində səslərin sayılması və sayılmadan sonra yekun nəticə protokolllarının bir nüsxəsinin AXCP-"Milli Şura" duetinin nümayəndələrinə təqdim olunması ilə bağlıdır.

26 ildən bəri müxalifətdə olan AXCP və 2013-cü ildə yaradılmış "Milli Şura"nın funksionerlərinin nəzərlərinə çatdırmaq istərdik ki, seçkilər başa çatandan sonra seçki məntəqələrində səslərinin sayılmasında siyasi partiyaların, habelə namizədlərin səlahiyyətli nümayəndələri ilə müşahidələrə  prosesi sonadək izləmək imkanı verilir. Həmçinin, yekun nəticə protokolunun bir surəti də onlara təqdim olunur.

26 ildir Azərbaycanda belədir və əgər Əli Kərimli bunu bilmirsə, yaxud unudubsa, öz problemidir.

Seçkinin nəticələrindən narazılıq və şikayətlə bağlı tələbə gəlincə, parlament seçkilərinin yekun, yəni son nəticəsini MSK bəyan edənədək hər namizədin şikayətinə baxılır və qərar verilir. Yenə də sadə prosedurdur: dairə seçki komissiyası və eyni zamanda MSK-ya şikayət verilir, apelyasiya şuralarında şikayətə baxılır, rəy açıqlanır. Namizəd narazı qalarsa, məhkəməyə müraciət edə bilər.

Hər bir namizədin şikayət vermək və onun şikayətinə baxılması ilə bağlı nəzərdə tutulmuş müddətdə prosedurun görülməsini tələb etmək hüququ qanunvericilikdə təsbit olunub.

Gələk Əli Kərimlinin digər tələbinə, yəni "AXCP və "Milli Şura"nın təmsilçilərinə, habelə müxalifətin digər nümayəndələrinə təşviqat, təbliğat üçün bərabər imkanlar yaradılmalı" məsələsinə. O da tələb olunur ki, İctimai Televiziyada bu şəxslərə təşviqat üçün efir vaxtı ayrılmalıdır.

Yumşaq desək, sözügedən tələb daha bir hüquqi nihilizm və qanunlardan bixəbərlik nümunəsidir.

Belə ki, "Seçki Məcəlləsi"nin 155-ci maddəsinin 2-ci bəndinə nəzər salaq: "Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir".

Yəni AXCP və "Milli Şura" İTV-də təşviqatla təbliğat üçün efir vaxtına yiyələnmək istəyirlərsə, onda mütləq şəkildə ən azı 60 seçki dairəsində namizədlərinin qeydə alınmasına nail olmalıdır. Əks halda nə pulsuz təbliğat olasıdır, nə də İTV efirində vaxt.

Ə.Kərimlinin icrasını tələb etdiyi qanun belə deyir.

Və ən nəhayət, "sərbəst toplaşmaq azadlığı təmin olunsun" şərti, daha doğrusu tələbi. AXCP sədri Əli Kərimlinin bu tələbi aşkar siyasi sifariş icrası, illər əvvəl bütün postsovet məkanı üçün hazırlanmış nimdaş "rəngli inqilab" ssenarisi çərçivəsində davranışdır.

... Azərbaycan islahatların, modernləşmənin, qüdrətlənmənin və inkişafın yeni və daha sürətli mərhələsinin astanasındadır. Parlamentin tərkibi yeniləndikdən sonra ölkə vətəndaşları üçün indikindən qat-qat artıq yüksək rifahın təmin olunacağını ehtimal etmək olar.

Azərbaycanda hakimiyyət maliyyə, bank, məhkəmə və s. sahələrdə köklü islahatların yekun mərhələsinə daxil olduğundan iqtidardakı Yeni Azərbaycan Partiyası çoxluq təşkil etdiyi Milli Məclisə yeni seçkilərlə bağlı təşəbbüs göstərməklə, əslində, islahatların sürətlənməsinə təkan vermiş oldu.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti