AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Radikal müxalifətin qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək"

  11

Azərbaycanda bələdiyyə və parlament seçkiləri keçiriləcək. Artıq bələdiyyə seçkilərinin vaxtı da dəqiqdir. Yəqin ki, yaxın vaxtlarda parlament seçkilərinin vaxtı müəyyənləşəcək.

Demokratikmusavat.com bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, hər iki seçki radikal müxalifətə özünü təsdiqləmək üçün bir imkan idi: "Amma onlar bu imkandan istifadə etmək əvəzinə seçkilər barədə sərsəm fikirlər səsləndirməkdədirlər. Bu da başadüşüləndir. Çünki müxalifətin sosial bazası yoxdur və elektorata sahib deyil. Seçkilərə qatılıb biabır olmaqdansa, bu cür çirkinliklərə, qarayaxmalara əl atırlar. Onların seçkilərə qatılmaq gücləri yoxdur. Çünki onlar öz siyasi təşkilatlarını partiyadan dərnək səviyyəsinə endiriblər. Xarici ölkələrdə mühacir alverləri ilə məşğul olmaqdadırlar.

Onların bu çirkin fəaliyyətlərini bu yaxınlarda bütün dünya gördü. Belələrinin yanında heç kim qalmaz. Olan-qalan üzvləri də oradan uzaqlaşdılar, istefa verdilər. Onlar 27 il əvvəl məğlub olublar. Xalq hazırkı hakimiyyəti dəstəkləyir. Xalq-iqtidar birliyi bütövdür, sarsılmazdır. Onların qarayaxmaları, anti-milli fəaliyyətləri seçkinin nəticəsinə heç bir təsir göstərməyəcək".

Deputat vurğulayıb ki, Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının, parlament fraksiyasının qərarını hörmətlə qarşılayır və bu qərara öz dəstəyini nümayiş etdirir:

"Çünki biz bununla parlament tarixində yeni ənənənin başlanğıcını qoyuruq. Bununla yanaşı, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Görünür ki, YAP cəmiyyətin nəbzini tutmağı, sosial sifarişləri qəbul etməyi və bu sifarişlərin qanuni şəkildə reallaşdırılmasının yolları üzərində düşünür və belə bir yol məqbul hesab olunur. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir.

YAP növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə, hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi. Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir".

Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun dekabrın 4-də çıxardığı qərara əsasən, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.

Demokratikmusavat.com

Xəbər Lenti