Azərbaycanda təhsil və elmin inkişafı dövlət siyasətinin prioritetidir

 

Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ölkədə təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını tələb edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi ilə nail olmuşlar.

Hazırda hansı dövlət öz inkişaf strategiyasını elm və təhsilin əsasları üzərində qurursa, həmin dövlət dünyada özünə layiq mövqe qazanır. Çünki dövlətin gücü, qüdrəti onun təbii sərvətləri ilə deyil, insan kapitalı, elmi-intellektual potensialı ilə müəyyən edilir. Elm, təhsil bu gün artıq milli təhlükəsizliyin əsas amilləridir. Yalnız iqtisadi gücə nail olmaq, dərin bilik və bacarıqlara əsaslanan iqtisadi inkişaf modeli formalaşdırmaq, gənclərdə elmə, təhsilə marağı gücləndirməklə güclü dövlətçilik siyasətinə nail olmaq mümkündür. Bu gün inkişaf etmiş dövlətlər, elm və təhsilin inkişafı ilə yetişən innovativ düşüncəli kadrların, intellekt kapitalının əldə etdiyi uğurlu nailiyyətlərlə tanınır. Respublikamızda reallaşan dövlət siyasətinin əsas istiqamətlərindən biri də, məhz elm və təhsilin inkişafı istiqamətindədir. Azərbaycan təhsili və elminin inkişafı dövlət siyasətinin prioriteti olduğundan, iqtisadi potensialı intellekt kapitalına çevirmək istiqamətində mühüm işlər görülür. Mövzu ilə bağlı bu sahədə çalışan, təcrübəli alimlərimizin fikirlərinin oxucular üçün maraqlı olduğunu nəzərə alaraq, təhsil eksperti, ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru İlham Əhmədov ilə söhbət etmək qərarına gəldim. O, ölkəmizdə elm və təhsilin inkişaf etdirilməsi sahəsində mövcud vəziyyəti belə qiymətləndirdi:

“Azərbaycanda elmin, təhsilin səviyyəsi ilə bağlı müxtəlif fikirlər, o cümlədən bəzən mənfi fikirlər eşidirik. Təbii ki, elm və təhsil sahəsində müəyyən problemlər var və bir söhbətdə bu problemlərin hamısını təhlil etmək mümkün deyil. Bu söhbətdə, əsasən təhsil haqqında danışacam. Elm inkişafı ilə əlaqəli isə, qısa olaraq onu qeyd edim ki, bizdə elmin əsas problemi maliyyənin azlığıdır. İsraildə elmə ayrılan büdcə ÜDM-nin təxminən 4,3 %, Türkiyədə, Rusiyada və bəzi MDB ölkələrində bu rəqəm 1% - ə yaxındır. Bizdə isə elmə ayrılan büdcə ÜDM-nin təxminən 0,15 faizidir. Artıq 25 ildir ki, elm maliyyə çatışmazlığı şəraitində fəaliyyət göstərir.

Universitetlərdə elmin maliyyələşməsi daha pis vəziyyətdədir. Hazırda ölkə universitetləri elmi konfrans təşkil etməyə, xaricə elmi ezamiyyəyə əməkdaş yollamağa, elmi jurnal dərc etməyə çətinlik çəkirlər. Jurnalda məqalənin dərc edilməsinə görə, az maaş alan alimdən ödəniş alınır. Bu gün elmə ciddi investisiyalar qoyulmalıdır ki, 5-10 ildən sonra, o, tədricən real nəticələr versin. Bu haqda oxucular internetdən müqayisəli təhlillərlə tanış ola bilərlər. Belə maliyyələşmə ilə təbii ki, elm məhsuldar qüvvəyə heç vaxt çevrilə bilməz, innovasiyalar yaranmaz, elm iqtisadi artıma təkan verə bilməz. Amma vaxtı ilə elmi potensialımız pis deyildi. Elmə belə münasibət isə beyin axınına səbəb oldu.

Təhsildən danışarkən, qeyd edim ki, müasir təhsil çox mürəkkəb və dinamik bir sistemdir. Təhsil dünyanın indiki intensiv inkişaf tempinə uyğun olaraq dinamik inkişaf etməlidir. Hansı ölkədə təhsilin vəziyyəti necədirsə, gələcəkdə həmin ölkənin durumu da elə olacaq. Bu səbəbdən, təhsil bu gün bütün ölkələr üçün prioritet sahədir və bu sahədə aparılan islahatlarda səhv etmək təhsil sistemini, ardınca isə ölkənin bütün digər sahələrini inkişafdan geri qoya bilər. Bu günün təhsili fasiləsiz xarakter alaraq, Hz. Məhəmməd Peyğəmbərin söylədiyi kimi, “beşikdən qəbr evinə qədər davam etməlidir”. Müasir təhsil fasiləsiz olduğu kimi, təhsil islahatları da fasiləsiz olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “...təhsil sahəsi daim islahat tələb edən sahədir.” Bu gün inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə təhsil islahatları həyata keçirilir, bütün ölkələr daha mükəmməl təhsil sistemi qurmaq haqqında düşü-nürlər. Amma keçid dövrünü yaşayan ölkələrdəki təhsil problemləri inkişaf etmiş ölkələrdəki təhsil problemlərindən tam fərqlənir. Bunun bir çox səbəbi var. Əsas səbəb bu ölkələrdəki insan kapitalının zəifliyi və təhsilə qoyulan investisiyaların az olmasıdır. Əslində, ən böyük investisiya imkanı məhz təhsil sistemindədir. Bu sektora qoyulan hər bir dollar on qat geri qayıdır.

Təhsildəki problemlərin bir qismi qlobal xarakter daşıyır. BMT-nin baş katibi Antoniu Quterrişin 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə yaydığı bəyanata toxunmaq istəyirəm. BMT-nin rəsmi YouTube kanalı vasitəsilə yayımlanan bəyanatında baş katib təhsildə qlobal böhran yaşandığını qeyd edir, dünya ölkələrini bu sahədə islahatlar aparmağa çağırır. A. Quterriş təhsildə islahatların vacibliyindən və müasir təhsilin gənclərin texnoloji inqilablar erasına hazırlanması ehtiyacından bəhs edib. Bəyanatda bildirilir: "Bu gün biz təhsil böhranı ilə üz-üzəyik. Çox vaxt məktəblər texnoloji dəyişikliklərdən düzgün istifadə edə bilmək üçün gəncləri zəruri bacarıqlarla təmin edə bilmir. Tələbələr yalnız öyrənməyi yox, həm də necə öyrənməyi öyrənməlidir. Müasir təhsil özündə bilikləri, həyati bacarıqları və tənqidi düşüncəni ehtiva etməlidir. ...əsas mövzu təhsilin transformasiyası, onun daha da inklüzivliyi, əlçatanlığı və müasir dünya tələblərinə uyğunluğudur”.

Göründüyü kimi, dünyanın sürətlə dəyişməsi qlobal olaraq təhsil sistemini çətin vəziyyətə salıb. Dünya təhsil sistemi heç cür bu dinamikliyə uyğunlaşa bilmir. Lakin bizim təhsilimizin problemləri tamam başqa müstəvidədir. Biz hələ qlobal xarakterli təhsil problemləri yaşamırıq, çünki bizim təhsilimiz hələ qlobal standartlar səviyyəsinə çatmayıb. İnkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti, innovasiya cəmiyyəti, biliyə əsaslanan iqtisadiyat qurmuşlar və təhsillərini də bu tələblər səviyyəsinə qaldırmaq istəyirlər. Bizim təhsil sistemimiz isə (universitetlərimiz və məktəblərimiz) bir çox istiqamətlərdə hələ sənaye cəmiyyəti təhsili səviyyəsindədir, bu səbəbdən problemlərimiz də fərqlidir. Bizim təhsilin problemlərini konkret qeyd etsək, bu problemlər, əsasən maliyyələşmə, kadr təminatı və idarəetmə kimi istiqamətlərdə özünü göstərir. Real vəziyyətə nəzər salaq: ötən il orta məktəblərdə 9-cu sinif şagirdlərinin riyaziyyatdan I mərhələ imtahanlarında 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub.

Bu haqda Dövlət İmtahan Mərkəzinin 2019/2020-ci tədris ilində ali məktəblərə qəbul və buraxılış imtahanları üzrə yekun elmi-statistik təhlilində qeyd edilir. Təhlil bu yaxınlarda dərc olunub. Orada qeyd olunur ki, 9-cuların 50%-i həmin imtahanlarda «0» bal toplayıb, yəni imtahan vərəqinə heç nə yazmadan geri qaytarıb.

Həmsöhbətimizin bu barədə fikri belədir: "9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 1-ci sinifdən etibarən bacarıq və vərdişlərin inkişaf etdirilməsi üzərində qurulan kurrikuluma əsasən, təhsil almalarına baxmayaraq, bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiklərini görürük.  DİM-in təhlilində bildirilir ki, tədris dili fənnindən fərqli olaraq, riyaziyyat fənni üzrə imtahanın birinci mərhələsində təqdim olunan bütün tapşırıqlar açıq tipli olduqları üçün bu hal riyaziyyat fənni üzrə imtahanda özünü daha qabarıq şəkildə göstərir".

Daha sonra qeyd olunur ki, ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazımi səviyyədə deyil.

Bu ilin qəbul imtahanlarının nəticələri təhsildə olan mövcud problemləri ortaya qoydu. Kurrikulum islahatının nəticələri qaneedici deyil. Bu istiqamətdə işlər ciddi monitorinq edilməlidir. Dərsliklər, məktəb proqramları, müəllimlərin fasiləsiz hazırlığı sistemi kimi məsələlərə çox ciddi yanaşmaq lazımdır.

Təəssüf ki, son 15-20 ildə orta ümumtəhsil və ali məktəb müəllimlərinin ixtisasartırma və təkmilləşdirilməsi sistemi dağıdıldı, əvəzində az səmərəli olan indiki model yaradıldı. Bəzi hallarda təhsilə az aidiyyatı olan qurumlar müəllimlərin təkmilləşdirilməsi ilə məşğul oldular. Artıq 20 ildir ki, inkişaf etmiş və inkişafda olan ölkələrdə müəllimlərin (eləcə də digər peşə sahiblərinin) ixtisasartırma və təkmilləşdirilməsi sistemi onlayn formatda, distant təhsil texnologiyaları ilə reallaşır. Sanki, hansısa sehrli əl bizim təhsil sistemimizin bu mütərəqqi təhsil texnologiyalarından istifadəsinə mane olur. Ali məktəb müəllimlərinin isə ixtisasartırma və təkmilləşdirilməsi sistemi artıq yoxdur. İnformasiyanın, texnologiyalarının indiki sürətli inkişafı dövründə, müəllimlərin ixtisasartırılması fasiləsiz, kütləvi və əlyetərli olmalıdır, bu isə yalnız İnternet üzərindən, distant təhsil texnologiyaları ilə mümkündür. Beynəlxalq təcrübə bunu çoxdan sübut edib. Söylədiklərim təhsildə olan problemlərin yalnız cüzi hissəsidir.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın elm və təhsilinin qlobal elm-təhsil məkanına inteqrasiyası üçün bir sıra Fərmanlar imzalayıb. Hələ 2003-cü ildə cənab prezident Cenevrədə “İnformasiya cəmiyyəti quruculuğu üzrə ümumdünya sammiti”ndə qeyd etmişdi ki, “uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdırlar. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olunmasına və tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”. Cənab prezident İlham Əliyevin bu çıxışından sonra insan kapitalının inkişafı məsələləri ölkəmizin gündəminə daxil oldu.

Bu gün Azərbaycan Respublikası qarşısında duran strateji vəzifə sosial-iqtisadi həyatın modernləşdirilməsi, beynəlxalq təcrübə və elmi innovasiyaların sosial-iqtisadi həyata uğurlu tətbiqidir. Bu məsələnin həlli, məhz insan kapitalının inkişafı, onların müasir bilik və bacarıqlara yiyələnməsini tələb edir. Bu səbəbdən, son 15 ildə ölkəmizin əsas hədəfi insan kapitalının inkişafıdır. Çünki müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi insan kapitalının səviyyəsi ilə müəyyən edilir. Təsadüfi deyil ki, BMT-nin “Minilliyin inkişaf məqsədləri” proqramında davamlı inkişafın təmin edilməsi üçün müəyyən edilmiş prioritet məqsədlərin əksəriyyəti insan kapitalının inkişafı ilə bağlıdır.

Ölkə gənclərinin həyatında elm və təhsilin əhəmiyyətindən danışan cənab Prezident İlham Əliyev deyib: "Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.”

Şahnaz Salehqızı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunub

0.24919605255127