İstehlakçı mədəniyyəti və hüququ

 

Azərbaycanda bazar iqtisadiyyatının "damarı" olan rəqabət mühiti yoxdur

 Azərbaycanda bütün hüquqlar ibtidai mərhələdə olduğu kimi, istehlakçı hüquqları, onunla bərabər istehlakçı mədəniyyəti də primitiv şəkildədir. Əvvəl başlayaq istehlakçı mədəniyyətindən, çünki bu inkişafın müəyyən mərhələsində, müxtəlif tendensiyaların təsiri altında formalaşan münasibət kateqoriyalarına aiddir. Şəhərlərimizin möhtəşəm marketlərində göz oxşayan vitrinlər bizi xəyallar qanadında göylərdə uçurduğu zaman düşünə bilmirik ki, qızılı rəngdə qablaşdırılan, par-par yanan qida məhsulu bir neçə dəqiqəyə bizim həyatımıza son qoya bilər. Çox nadir hallarda alıcı aldığı məhsulun istehsal və son istifadə tarixinə baxır, ucqarlarda, kənd rayonlarında və digər periferiyalarda, ümumiyyətlə belə alıcıya rast gəlmək mümkün deyil. Siz elə düşünməyin ki, azərbaycanlıların başı çatmır, normal düşünmək qabiliyyətinə malik deyillər. Əslində, bu keyfiyyətləri bir-biri ilə ölüm-dirim mübarizəsinə girən, alıcı uğrunda amansız rəqabət aparan firma və şirkətlər aşılayır. Cəmi bir əsr əvvəl heç bir məhsulun üzərində istehsal və son istifadə tarixi olmayıb. İstehsalçı şirkətlər bunu bir üstünlük kimi tətbiq edib, sonra isə bu üstünlüyü reklam edərək onun sayəsində rəqibindən xeyli alıcı qopara bilib. Daha sonra itkilərə məruz qalan firma da, istehsal və son istifadə tarixini məhsulun üzərinə həkk etmək məcburiyyətində qalıb. Sovetlər dönəmindən yan keçən inkişaf etmiş ölkələr beləcə təbii mərhələlərlə bu yolu keçiblər. Bununla da inkişaf üçün zəruri olan istehlakçı hüququ və mədəniyyəti bir ənənə halına düşüb, sonradan isə qanunvericilikdə öz əksini tapmağa başlayıb. Bizdə isə tam tərsinə, qanunvericilikdə istehlakçı hüquqlarının yüksək səviyyədə qorunması nəzərdə tutulub, amma reallıqda bu özünü doğrultmur. Məsələn, tutaq ki, alıcı (istehlakçı) hər hansı bir məhsuldan və ya xidmətdən istifadə zamanı zərər çəkir - zəhərlənir və ya yaralanır. O zaman ilk növbədə istehlakçının zərər çəkdiyini və  zərərin kim tərəfindən vurulduğunu asanlıqla sübut etmək imkanları olmalıdır. Azərbaycanda isə bu, çox nadir hallarda mümkün olur. Biz elə bilirik ki, böyük marketlərdə quraşdırılan xəzinədarlıq mexanizmləri, onun malı tanıyan qurğularla təchiz edilməsi bir prestijdir. Azərbaycanda bunu doğrudan da bir prestij olaraq tətbiq edirlər. Amma bu qurğular inkişaf etmiş ölkələrdə ehtiyac üzündən yaranıb. Məsələn, məhsul alan alıcı onu bir gün sonra keyfiyyətisiz olduğu üçün geri qaytarır, mağaza sahibi isə imtina edir ki, sən bu məhsulu bizim ticarət mərkəzindən deyil, başqa yerdən almısan. Bu ehtiyac üzündən - istehlakçı hüququnun qorunması mexanizminin tam dövriyyəsini yaratmaq məqsədilə hər bir mağaza və ya market üçün xüsusi tanıtım ştrix-kodu - "bar-kod" müəyyən edilir. Azərbaycanda isə yalnız belə hallar başına gələn diqqətli müştəri bunu sonradan - satıcı məhsulun onlara aid olub-olmamasını qurğu vasitəsi ilə yoxladıqdan sonra anlayır. Buradan çıxan nəticə ondan ibarətdir ki, Azərbaycanda istehlakçı hüquqlarının qorunmasını təmin etmək üçün bütün satış və xidmət mərkəzləri bu cür "bar-kod" və tanıma qurğuları ilə təchiz edilməlidir.

Bununla yanaşı, alıcının çəkdiyi zərəri asanlıqla müəyyənləşdirərək ona hüquqi status ala bilməsi üçün hüquqi baza yaradılmalıdır. İlk növbədə qanunvericilikdə müvafiq dəyişikliklər olmalıdır. İkincisi, ölkədə mal və xidmətlərin keyfiyyətini qısa zamanda ölçə bilən müstəqil laboratoriyalar olmalıdır ki, alıcı keyfiyyətindən şübhələndiyi əmtəə (satılan mal) və xidmətin keyfiyyətini müəyyənləşdirən arayışı əldə edə bilsin. Yəni məhsulun keyfiyyətini hüquqi baxımdan təsdiqləmək üçün laboratoriyaların olması vacibdir. İstehlakçının bu cür hüquqi baza və texniki vasitələrlə təchiz edilməsi həm də qida təhlükəsizliyinin təmin edilməsi üsullarından biridir. Bu üsulla həyata keçirilən qida təhlükəsizliyi modeli dünyada ən səmərəli metod sayılır. Çünki bu modeldə bütün cəmiyyət, bütün alıcılar və istifadəçilər təhlükəsizliyə nəzarət etmək imkanına malik olur.

İstehlakçı mədəniyyətinə aid olan bir məqamı da vurğulamaq yerinə düşər ki, Avropada istehlakçı öz ana dilində üzərində məlumat tapmadığı məhsulu, sadəcə, almır. Çox maqalıdır ki, bu ənənə də göydən düşməyib. Məlum məsələdir ki, əksər hallarda yerli məhsulların keyfiyyəti ixrac məhsullarından geri qalır. Yerli sahibkarlar xarici məhsullara qarşı "qara piar" kampaniyaları qurmaq üçün başqa əsas tapmayanda, məhz bu məqamı yerli istehlakçıların diqqət mərkəzinə çəkibrlər: "Brend şirkətlər sizi sayıb, sizin üçün məhsulun üzərində başa düşdüyünüz dildə məlumat yerləşdirməyibsə, nə üçün siz onu sayıb almalı, ona mənfəət qazandırmalısınız?" Təxminən bu məzmunda müxtəlif ölkələrdə "qara piar" kampanyaları vüsət aldıqdan sonra bəlli oldu ki, keyfiyyətli xarici məhsul rəqabətdə nisbətən keyfiyyətsiz yerli mala məğlub olur. Bundan sonra brend şirkətlər bunu nəzərə alaraq, məhsulun təyinatından asılı olaraq onun üzərində müxtəlif dillərdə məlumatlar yerləşdirməyə başladılar.

Azərbaycan cəmiyyəti, sahibkarı və istehlakçısı bu mərhələlərin heç birini keçmədiyindən, hələ də primitiv düşüncə tərzinə malikdir. Ona görə də bu gün "bulanıq suda balıq tutan"ların sayı kifayət qədərdir. Ölkədə nə istehlakçı hüququ qoruna bilir, nə də qida təhlükəsizliyi təmin edilir. Bütün bunların isə günahını sadə vətəndaşda -istehlakçıda görürlər - "vətəndaşlarımız passivlik edirlər!". Yuxarıda qeyd etdiyim bütün faktlardan göründüyü kimi, vətəndaş - alıcı aktivliyini bütün hallarda məhz sahibkar, istehsalçı rəqibi üzərində üstünlük qazanmaq məqsədilə stimullaşdırıb. Bizdə isə bazar iqtisadiyyatının "damarı" olan rəqabət yoxdur, əvəzində isə bu modelin "qəbrini qazan" inhisarçılar çox güclüdürlər.

 Akif Nəsirli

0.17360997200012