Bakının uçan yollarına xərclənən milyonlar

 

Qısamüddətli yağış şəhərin yollarını dağ çaylarına çevirdi

 Hər il qışa hazırlıq mövsümü gələndə Bakı şəhər İcra Hakimiyyəti və şəhərin qış hazırlığına məsul olan qurumlar qışa yüksək səviyyədə hazırlıq aparıldığı barədə açıqlama verirlər. Xalq və ölkənin qışa hazırlanması məqsədilə pul ayıran dövlət də, bu açıqlamalara etibar edib vətəndaşların qışı rahat keçirəcəyinə əmin-arxayın olur. Amma qısamüddətli leysan yağışı Bakı şəhərini elə vəziyyətə salır ki, şəhər nəqliyyatı bolsulu dağ çaylarını xatırladan küçələrdə üzmək məcburiyyətində qalır, əhali isə dizinə qədər su olan bu küçələrlə bir təhər evlərinə çatmağa can atırlar. Keçid və körpülərin altında yağış suyundan yaranan "göllər"də batıb qalan avtomobil sahiblərinin acı aqibəti isə heç kimi maraqlandırmır. Bu da hər kəsdə haqlı narazılıq yaradır.

Bakı şəhərinin qışa hazırlığı daim diqqət tələb etsə də, bu məsələ şəhər rəhbərliyinin diqqətindən yayınır və uzun illərdir ki, bu kimi hallar təkrar olunur. Bununla belə, küçələrdə yağış suyunun yaratdığı böyük sel axınlarının qarşısını ala biləcək yeraltı su kanallarının suçəkmə qabiliyyətini artırmaq üçün heç bir tədbir görülmür.

Bakı şəhərinə Bibiheybət məscidi istiqamətdən daxil olan magistral yolun yağış suyunun təsirilə çökməsi, hətta görülən işlərin belə keyfiyyətsizliyini sübut edən çoxsaylı faktlardan yalnız biridir. Analoqsuz iqtisadi inkişafa nail olan ölkəmizin qüdrətinə ləkə salan bu kimi hallardan deyəsən, Bakı şəhər İcra Hakimiyyəti əsla narahat deyil. Narahat olsaydı, bir müddət əvvəl baş verən torpaq sürüşməsi nəticəsində uzun müddətdir bağlı olan Badamdar yolunu təmir edib, işlək hala salardı. Bu baş vermədiyindən, bu günlərdə şəhərin giriş və çıxış magistral yolunun uçması nəticəsində Bakı şəhərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Bu kimi hallar, hər şeydən əvvəl, həyatımızın digər sahələrdə olduğu kimi, şəhərin yol tikintisi sahəsində çalışan təşkilatlarında da korrupsiyanın geniş vüsət alması ilə bağlıdır. Məlumdur ki, ölkə Prezidenti yol tikintisinə çox böyük diqqət ayırır. Xüsusən də paytaxt Bakının yollarının rahat olmasına çalışır və bu məqsədlə külli miqdarda pul ayırır. Amma həmin pulun bir hissəsinin mənimsənilməsi nəticəsində yeni çəkilən yollar  tezliklə dağılır və yararsız hala düşür.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovun rəhbərlik etdiyi təşkilata ölkədə yol tikintisi problemlərinin həlli üçün hər il bir neçə yüz milyon manat vəsait ayrılır. Bu qədər pul ayrılmasına baxmayaraq, tikilən yollar o qədər keyfiyyətsiz olur ki, çox tez bir zamanda dağılır və yollara yamaq vurulur. Yəqin, ölkənin müxtəlif istiqamətlərinə uzanan yollardakı çoxsaylı yamaqların  hər kəsi təəccübləndirir. Burada, əslində təəccüblənməli bir şey yoxdur. Bu, Saleh Məmmədovun gördüyü işin keyfiyyət göstəricisidir.

Bakı şəhərində yol tikintisində də eyni nöqsanlara yol verilir və buna görə də yeni çəkilən yollar tezliklə sıradan çıxır və təmirə ehtiyac yaranır. Bu nöqsanların yeganə səbəbi isə yol tikintisinə ayrılan pulun texniki təyinatı üzrə xərclənməməsi və korrupsiyaya yem olmasıdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi: "...korrupsiya ölkəmizin inkişafına ciddi maneə olan bəlaya çevrilib. Bu bəlanın qarşısını almadan heç bir inkişafdan söhbət gedə bilməz".

Korrupsiyanın qarşısını almaq üçün təkcə Prezidentin mübarizəsi kifayət etmir, bu işə məsul olan hər bir məmur ona tapşırılan işi vicdanla yerinə yetirməlidir. İşin gedişinə nəzarət edən və təhvil götürən məsul şəxslər isə, məsuliyyət hiss etməlidirlər. İctimaiyyət də bu məsələlərdə fəal olmalı, işbazların əyri əməllərə əl atmasının qarşısını almaq üçün vətəndaş mövqeyi göstərməlidir.

 Röyal

0.52626991271973