İstirahət mədəniyyəti

 

Yaşamaq haqqı:qocalar və cavanlar

 Bu gün cəmiyyətdə sanki, qocalar və cavanlar savaşı gedir. Tövbə-tövbə, heç kim heç kimi döymür, söymür, təhqir etmir, sadəcə olaraq söz polemikası gedir. Nə üçün gənc, enerjili müasir dövrümüzə uyğun intellektə, savada, təhsilə malik gənc insanlar xaricə axın edir? 

 Yaşlanmış, əldən düş-müş müasir texnika və texnologiyalar bir yana, yeni düşüncə tərzinə belə yiyələnə bilməyən, köhnə təfəkkürlü deputat, məmur- pensiyaçılar isə öz vəzifələrindən və kreslolarından əl çəkmək istəmirlər.

Bu barədə bir müddət əvvəl öz timsalımda bəzi cızma-qaralama etmişdim. Və qeyd etmişdim ki, insanın LAYİQLİ İSTİRAHƏTə (ZOSLUJENIY OTDIX) getməsinə və yaxud getməməsinə təsir göstərən bir çox faktorlar var.

Bu mənim subyektiv fikrimdir ki, ümumi əmək stajı 45-50 il olan hər bir ölkə vətəndaşı minimum yox, maksimum pensiya ilə təmin olunmalıdır ki, bu şəxs sözün həqiqi mənasında layiq olduğu (yəni 45-50 il fasiləsiz işlədiyi üçün) istirahətə gedə bilsin.

Dünyanın bir çox inkişaf etmiş ( bizim bəzi məmurlarımız və deputatlar iddia edir ki, biz onları inkişafda çoxdan keçmişik) ölkələrində pensiya sistemi, məhz bu dəyərlər üzərində qurulub. Kim çox işləyibsə, daha yüksək pensiya alır, daha bizdəki kimi, məmur olduğuna görə yox. Bizdə isə pensiyanın hansı dəyərlər və kriteriyalarla hesablandığı heç kimə məlum deyil. 45-50 il istehsalatda çalışan fəhlə və yaxud kəndçi (müasir dildə desək, fermer) Prezidentin son islahatları nəticəsində 200 manat pensiyaya sahib ola bildi. Bugünün tələbatı ilə əsla ayaqlaşmayan bu rəqəm (200 manat) məcbur edir ki, həmin insan işini bacardı, bacarmadı qalıb işləsin.

Eks- pensiya naziri Səlim Müslümovun Azərbaycanda tətbiq etdiyi pensiya sistemi milyonlarla əməkçi insanı dilənçi kökünə saldı. Dövlət məmurları isə maksimum yaşam imkanlarına sahib oldular. Təsəvvür edin ki, sovet dönəmində minimum əmək haqqı alaraq məmur vəzifəsində çalışan və oğurluq, rüşvət yolu ilə yaşamını təmin edən dövlət məmuru, Səlim Müslümovun "dostluq", "qardaşlıq", "həmkarlıq" prinsipləri üzərindən yaratdığı pensiya sistemi ilə təxminən 1200, 1500, hətta 2000 manat pensiyaya sahib olub. Onların arasında hələ də müxtəlif vəzifələr tutub işləyənlər də var. Elə həmin sovet dönəmində zavodda, fabrikdə, pambıq, tütün tarlalarında çalışan   əməkçi insanlar isə ən yaxşı halda 300-400 manat pensiya alırlar ki, onun da tam yarısı günü-gündən artan kommunal xərclərə və dərmanlara ancaq çatır.

Müxtəlif vəzifələrdə oturub dövləti talayaraq milyonlara sahib olanlarda  isə ümumiyyətlə, nəfsinə sazib çıxmaq, doymaq hissi yoxdur. Vəzifələrindən getdiyi halda, ən azından 2000-3000 manat pensiya alacaq və heç bir şeyə ehtiyacları olmayan bu hörmətli zatlarda çatışmayan bilirsiniz nədir? İSTİRAHƏT MƏDƏNİY-YƏTİ!

Hələ sovet dönəmində ölkəmizə səfər edən "şortikli", boyunlarından fotoaparat asılan yaşlı, qoca əcnəbiləri görəndə təəccüblənirdik ki, əcəba, nədən xaricdən ölkəmizə turist səfərinə ancaq qocalar gəlir?

İndi bizə məlum olur ki, həmin inkişaf etmiş ölkələrdə pensiyaçılara verilən təminat o səviyyədədir ki, onlar bu təminatla LAYİQLİ İSTİRAHƏT edə bilirlər. Dünya turuna çıxırlar, görmədikləri ölkələri gəzməyə gedirlər və s. Bizim pensiyaçılarımızın isə 80 faizi bu imkandan məhrumdur. Qalan 20 faizi isə vəzifə xəstəliyinə tutulduğundan İSTİRA-HƏT MƏDƏNİYYƏTİ deyilən bir anlayışdan öz-özünü məhrum edib.

Həmin bu məmurlar çetesi, son zamanlar dövlətimizin başçısı, Prezident İlham Əliyevin bu disbalansın formaya salınması istiqamətində həyata keçirdiyi islahatlara qarşı belə, dirəniş göstərirlər. Və sübut eləməyə çalışırlar ki, vəzifədə olmağın yaşa heç biri dəxli yoxdur. Məsələn, bir deyir ki, mən gündə 3 km qaça bilirəm, nə üçün istefa verməliyəm? Bir başqası deyir ki, yaşın nə fərqi var (burada mərhum İlhamə Quliyevanın bir mahnısı yadıma düşdü), özümdə güc hiss edirəm, təcrübəm də çoxdu, işləmək istəyirəm.

Onda sual olunur. Əgər sən 70-75 yaşında işləmək istəyirsənsə, 25-30 yaşında gənclər hansı işlərlə məşğul olmalıdırlar?

Maraqlıdır ki, 70-80 yaşında işləmək istəyənlər birmənalı olaraq vəzifə sahibləri və deputatlardır.

Görün, istehsalatda çalışan fəhlələrə normal pensiya verildiyi halda, işləmək istəyən bir nəfər tapa bilərsinizmi? Yoxdur belə insanlar. 60-65 və daha yuxarı yaşda işləyən fəhlələrin əksəriyyəti, dilənməyi bacarmayan, öz abırlarını qorumaq naminə çalışan namuslu insanlardır. Onlar məmurlardan-vəzifə hərislərindən fərqli olaraq, dövlətin verdiyi cüzi pensiya və maaşla, sadəcə olaraq ölməməyə çalışırlar.

Burada bir məsələyə toxunmağı da vacib bilirəm. Məmur nə qədər ki vəzifədədir, hansısa dövlət işlərini yerinə yetirir, demək ki, xərcləri də çoxdur. Dövlət də, məhz bu səbəbdən ona yüksək maaş, ev, maşın verir. Yaxşı, məmur vəzifəsindən pensiyaya çıxdı və hər cür təminatı da var. Oldu adi ölkə vətəndaşı. Fəhlə vətəndaşla, məmur vətəndaş arasındakı sədd də götürüldü. İndi onların yaşamı üçün lazım olan vəsait də eyni olur. Belədirsə, onda nə üçün eks məmur vətəndaşın pensiyası, fəhlə vətəndaşın pensiyasından 10 dəfə artıq olmalıdır? Burada bir məntiq varmı, əcəba? Heç bir məntiq yoxdur!

Məsələn, məmur Natiqlə, fəhlə Həsənağa eyni məhəllədə yaşayır. Biri vəzifədə olduğu müddətdə oğurluq, rüşvət yolu ilə əldə etdiyi villada, digəri atasından qalma 3 otaqlı mənzildə. Eyni maqazadan, eyni bazardan bazarlıq edirlər.  Kommunal xərclərdə də heç bir fərq yoxdur. Belə olduğu təqdirdə biz hansı sosial ədalətdən danışırıq?

Bəlkə dövlət məmurunun oğurluq və rüşvət yolu ilə ərsəyə gətirdiyi villanın da xərcini ödəməyi öz boynuna götürüb. Bax, bu suala ancaq Səlim Müslümov cavab verə bilər. 

Digər bir məsələ. Pensiyalar 10-15 faiz artır, həmin məmurlar çetesi çıxır televiziyaya başlayır bəh-bəhlə xalqın rifahının yüksəlişindən danışmağa. Bir deyən də yoxdur ki, qısıl abrına, otur yerində. Pensiya 10 faiz artanda sənin 3000 manatın olur 3300 manat. Bunun müqabilində bazarda qimətlər də artır, kommunal xərclər də. Ancaq mənim 300 manatım cəmi 30 manat artır, onu da artan qimətlər yeyir. Sən hansı rifahın yüksəlişindən danışırsan?  

Məhz bu səbəbdən, artımın fəhlə vətəndaş üçün heç bir önəmi olmur.

Bütün bunları mən bilirəmsə, inanmaq olarmı ki, ölkənin pensiya siyasətini idarə edənlər bilməsin?. Bilirlər və məndən də 10 qat artığını bilirlər, sadəcə olaraq bilmək istəmirlər. Nə qədər ki, belə davam edəcək, ölkəmizdə nə rüşvətin, nə korrupsiyanın, nə məmur özbaşınalığının qarşısı alınacaq, nə də məmur-vəzifə davası bitəcək.

 Və sonda P.S. əvəzi: Prezident maraq üçün belə bir sərəncam versə ki, dekabr ayının 1-dən deputatlara və məmurlara verilən maaşlar ləğv olunsun, bu işlər ictimai iş sayılsın. Maraqlıdır, hansısa bir məmur, yaxud deputat vəzifəsindən istefa verəcəkmi?

Əsla yox! Çünki onların heç birinə maaş lazım deyil, mandat və kreslo lazımdır, səbəbini isə ölkəmizdə məndən başqa hamı bilir.

Bir cüt ayaqqabıya 3000 manat, bir dəst kostyuma 8-10 min, bir qalstuka 500 manat ödəyən deputat, yaxud məmur hansı üzlə deyə bilər ki, mən dövlətin verdiyi maaşla dolanıram. Mən hələ onların övladlarının evlərindən, maşınlarından, yaşam tərzindən danışmıram.

Bu insanların iş mədəniyyəti rüşvət və korrupsiyadan yoğrulduğundan, İSTİRAHƏT MƏDƏNİY-YƏTİnin də nə olduğunu bilmirlər. Yazıqlar olsun!

 Yusif Seyid

0.14725995063782