Qoxumuş cəmiyyət

 

Sən saydığını say, gör, fələk nə sayır!

 Ötən əsrin 91- ci ilindən bəri, Azərbaycanın müstəqillik dönəmində siyasi həyat cəmi bir neçə il qaynar keçdi. Qalan 25 il ərzində siyasi həyat ilbəil donduruldu, monotonlaşdırıldı və indiki süstlüyə nail olundu. Ona görə də cəmiyyətin hər tərəfi köhnəlib, kiflənib, qoxuyub. Hakim komandanın ayrı-ayrı nümayəndələri - məmur korpusu barədə bir yazıda, hətta, bir cildlik kitabla belə, tam təsəvvür yaratmaq mümkün deyil. Sünki indiki iqtidarın məmur korpusu onlara həvalə edilən beytülmalın - xalqın vəsaitinin talan edilməsinin elə ilginc yollarını düşünüb tapıblar ki, bu dünyada heç kimin ağlına belə, gəlməz.

2000-ci ilin əvvəllərində bələdiyyə üzvü kimi Ədliyyə Nazirliyinin təşkil etdiyi bir kursda iştirak edirdim. Həmin kurs çərçivəsində bizə bələdiyyə təcrübəsi olan xarici mütəxəssislər də mühazirə oxuyurdu. İtalyan mənşəli bir mühazirəçiyə  deyəndə ki, qaçqın və məcburi köçkünlərə ayrılan yardımlar məmurlar tərəfindən oğurlanır, o, bunu qətiyyən anlamadı və buna inanmadı: "Qidalanmaya və həyati vacib tələbatı ödəmək məqsədilə qaçqın və məcburi köçkün üçün 4 çörək ayrılıbsa, bunun birini və ya ikisini necə oğurlayıb yemək olar?" Con üçün açılmamış inteqral kimi görünən bu sualın Azərbaycanda çox sadə cavabı var - bu cavabı bütün cəmiyyət bildiyi üçün təkrarlamıram.

Lakin ölkəmizdə tək hakimiyyət komandası deyil, bütün cəmiyyət qoxuyub, o cümlədən də siyasi müxalifət. Hakim komanda öz imkanlarından istifadə edərək eybəcərliklərini bir qədər ört-basdır edə bilsə də, siyasi müxalifətin bunu etməyə belə, imkanı yoxdur. Siyasi cəbhənin hər iki tərəfi xalq qarşısında götürdüyü öhdəliklərin heç 10 faizini belə, yerinə yetirə bilmədi. "Neft bumu"nun xalqımıza vəd etdiyi "xoşbəxt həyat" elə xəyal olaraq qaldı və artıq bir neçə ildir ki, Azərbaycanda neft hasilatı azalır. Günlərin birində ayılacağıq ki, İndoneziyadakı kimi, bizdə də neft erası bitib. Hələ İndoneziya OPEK (neft hasil edən ölkələr birliyi) üzvü olan bir ölkə idi, bizdə neft o qədər azdır ki, bizi heç o birliyin kandarına da buraxmırlar. Bunu Azərbaycanda neftin tükənməyəcəyi barədə uydurulan nağıllara inananlar üçün xatırlatma kimi qeyd etdim.

Bu günlərdə siyasi müxalifətin qoxumuş iyi bütün Avropanı ayağa qaldırıb. Azərbaycan xalqına xoşbəxt həyat vəd edən siyasi müxalifət, bu vədini yerinə yetirməyin başqa yolunu tapıb. Belə ki, siyasi müxalifət xoşbəxt həyat arzusunda olan həmyerlilərimizi mühacirətə göndərməklə problemi həll olunmuş sayır. Atalar yaxşı deyib, "sən saydığını say, gör, fələk nə sayır!" Almaniya polisinin yaydığı məlumata görə, Britaniya, Macarıstan, Rumıniya və Türkiyə polisi iki milyon avro rüşvət müqavilində 580 nəfər mühacirin Azərbaycandan Almaniyaya gətrilməsini təşkil edən 36 nəfərə qarşı cinayət-axtarış tədbirlərinə başlayıb. Noyabırın 13-də onlardan 8 nəfəri Almaniyada saxlanılıb. Saxlanılanlar arasında hüquq müdafiəçisi, Sabir Rüstəmxanlının qardaşı, Əlövsət Əliyev də var. Verilən məlumata görə, alman polisi son həbslərlə bağlı araşdırmalara bu ilin iyul ayında başlayıb. Polis saxlanılanların siyahısını açıqlamasa da, sosial şəbəkələrdə yayılan xəbərlərə görə, həbs olananlar müsavatçılar və digər müxalif partiya nümayəndələridir. Almaniya hökuməti bu şəxsləri insan alverində və saxta sənədlər əsasında ölkəyə mühacir axını təşkil etməkdə suçlayır.

Son zamanlar mühacirətə getmək məqsədilə Müsavat Partiyasından saxta arayış və digər sənədlərin verilməsi barədə müzakirələr gündəmə gəlmişdi. Bu barədə Müsavat Partiyasının qurultayı ərəfəsində partiya başqanına da media nümayəndələrinin sualları olmuşdu. Lakin heç bir media orqanı bu suallara ağlabatan cavab ala bilməyib. Arif Hacılı bunu sənədlərin saxtalaşdırılması ilə əlaqələndirmişdi. Yəqin alman polisi Azərbaycandan Almaniyaya siyasi mühacir kimi üz tutan şəxslərin sənədlərini araşdıranda bu məsələyə də tam aydınlıq gətirəcək.

Ölkədə vətəndaşlara vəd etdiyimiz həyatı verə bilməyəndə ən yaxşı yol, estafeti başqasına ötürməkdir. Bunu nə mən, nə də başqa azərbaycanlılar kəşf etməyib, dünyanın bütün inkişaf etmiş kəsimində bu, qəbul edilmiş, yazılmayan qanundur. Bizdə isə hakim komanda islahat şəkili çəkir, müxalifət isə ölkə vətəndaşlarının Avropaya mühacirətini təşkil edir. Sonda isə şanlı tarixə malik böyük bir xalqı dünyada rüsvay edirik. Bu, tək bizim başımıza gəlməyib, tarixdə belə xalqlar olub. Məsələn, latın xalqı dünya mədəniyyətinə və elminə nə qədər böyük töhfələr versə də, Latın Amerikası varikən, latın xalqı yoxdur, tarixin səhnəsindən silinib. Vaxt olub ki, "monqol" sözünü eşidən tiranların tükü qorxudan biz-biz olub, canına vicvicə düşüb, indi isə dünyanın ən kütbeyin adamına "monqol" deyə rişxənd edirlər. Belə getsə, bizi də bir xalq olaraq bu iki taledən biri gözləyir. Amma vahimələnməyin, onlar baş verəndə artıq biz bir xalq və ya məxluq olaraq olmayacağıq!

 Akif Nəsirli

0.16968894004822