İlham Əliyev Ağcabədidə açılışlar etdi

 

14:40

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfər edib.

Axar.az xəbər verir ki, səfər çərçivəsində prezident Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

***

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.

***

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasında komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissənin ərazisində çörək sexi, hamam-camaşırxana-istixana kompleksi, texniki nəzarət və yanacaqdoldurma məntəqələri, avtomobil parkı və idman şəhərciyi yaradılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Azərbaycanda son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlər ardıcıl davam etdirilir. Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, son illər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib və haqlı olaraq, dünyanın ən güclü ordularından biri kimi tanınır. Son dövrlərdə Ordumuzun əldə etdiyi qələbələr, qazandığı uğur və nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

 

0.13881301879883